Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:03

Pandemiya səngiyir, ya əksinə? – Qərb mediası


Tayvan
Tayvan

Artıq Birləşmiş Ştatlarda ictimaiyyətə gücləndirici dozanın vurulması müzakirə mövzusudur. Bəzi inkişaf etməkdə olan ölkələrdə isə tibb işçilərinə belə ilkin doza vurulmayıb

Birləşmiş Ştatlarda həyat normal tempə qayıdır. Restoranlar, barlar dolur, tətil yerləri rezerv olunur. Artıq amerikalıların əksəriyyətinə koronavirus vaksininin azı bir dozası vurulub. Gündəlik yoluxmalar və ölüm halları son bir ildə ən aşağı həddə enib. “The Washington Post” qəzetində İşaan Tarur pandemiyanın digər yerlərdə heç də geri çəkilmədiyini yazır.

Qlobal uçurum

Braziliya və Hindistan kimi yerlərdə virusun daha yoluxucu ştammları aşkarlanır. Bu ilin dünya üzrə yoluxma statistikası 2020-ci ili keçib, ölü sayının da artacağı gözlənir.

Cənub-şərqi Asiyada yoluxmalar artır. Afrikada daha yoluxucu ştammın yeni dalğaya səbəb ola biləcəyi əndişələr yaradır. Hətta Şərqi Asiyada bir neçə ölkənin virusun önlənməsində qızıl örnək ortaya qoymasına baxmayaraq, virus yenidən baş qaldırır. Məsələn, son bir ayda Tayvanda yoluxmalarda partlayış baş verib.

Bütün bunların əsas səbəbi isə vaksinasiyadakı qlobal uçurumdur. Artıq Birləşmiş Ştatlarda ictimaiyyətə gücləndirici dozanın vurulması müzakirə mövzusudur. Bəzi inkişaf etməkdə olan ölkələrdə isə tibb işçilərinə belə ilkin doza vurulmayıb.

Diqqət Böyük Yeddilərin bu aya gözlənən sammitinə yönəlib. Onların vaksinlərə qlobal ehtiyacla bağlı hərəkətə keçəcəyi gözlənir.

Vaksin aparteidi

“The New York Times” qəzetinin müxbirləri Kolumbiyadakı durumu təsvir edirlər. Son üç həftədə burada koronavirusdan beş yüzə yaxın insan vəfat edib.

Argentina prezidenti ölkənin “pandemiyanın ən pis dövrü”ndən keçdiyini deyib. Paraqvay və Uruqvay hazırda adambaşına ölü sayına görə dünyada öncül yerdədirlər.

London İqtisadiyyat Məktəbinin sosioloqu Metyu Riçmond deyir ki, Cənubi Amerikanın lokdaun elan etmiş ölkələri virusu Birləşmiş Ştatlar və Avropa kimi önləyə bilmədiklərini anlayıblar. “Yeni ocaqlar yarandıqca regionun özəlliklə kənd yerlərində tibbi xidmətə yetərincə sərmayənin olmaması səhiyyə sistemlərinə risk yaradıb, vaksinlərin vurulmasını yubadıb”, – o, sözlərinə əlavə edib.

Sosioloqun sözlərinə görə, yay dövründə ABŞ və Avropada vaksin aparteidi yarana, onlar virusun tüğyan etdiyi ölkələrlə sərhədləri bağlaya bilərlər. Ancaq dünyanın müxtəlif yerlərində virusun yenidən baş qaldırması sərhədlərin bağlanmasını mənasızlaşdırır. Digər tərəfdən, vaksinlərə daha müqavimətli ştammlar yarana bilər.

Hazırda dünyada koronavirusa 172 milyona yaxın yoluxma, 3 milyon 700 minə yaxın ölüm qeydə alınıb.

XS
SM
MD
LG