Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:10

Çinin və Rusiyanın ‘pandemiya diplomatiyası’


Aleksandar Vucic Çindən gələn nümayəndələri təyyarənin trapında özü qarşılayıb
Aleksandar Vucic Çindən gələn nümayəndələri təyyarənin trapında özü qarşılayıb

AzadlıqRadiosunun müxbiri Andy Heil yazır ki, Çin onun özündən qaynaqlanmış koronavirusun hələ dünyanın başqa yerlərində tüğyan etdiyi bir vaxtda müxtəlif ölkələrə dəstək olaraq tibb ləvazimatı ilə dolu təyyarələr göndərməyə başlayıb.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen martın 18-də bildirmişdi ki, Çinin baş naziri Li Keqiang blok ölkələrinə milyonlarla tibbi maska və test ləvazimatı təklif edib.

Pekin bundan əvvəl pandemiyadan əzab çəkən İtaliya, İspaniya, habelə Polşa və Niderlanda belə humanitar yardım göndərmişdi.

Efiopiya Hava Yollarına məxsus təyyarə martın 22-də bu ölkələrə milyonlarlafərdi qoruyucu geyim və test ləvazimatı gətirib. Bunların Çin milyarderi Jack Ma tərəfindən göndərildiyi bildirilib.

Çin hətta Kaliforniyada mənzillənmiş sahibkar Elon Musk-la birlikdə 1255 oksigen ventilyatorunun Birləşmiş Ştatlara gətirilməsini təşkil edib.

Bu cihazlardan koronavirusun ağır formasını keçirənlərin ölümünə yol verməmək üçün istifadə olunur.

Belə görünür ki, Pekin bütün bu yardımlarla həm də diqqətin koronavirusun yayılmasına Çin hökumətinin məxfilik siyasətinin bais olmasına dair tənqidlərdən yayınmasına çalışır.

Londondakı Chatham House analitik-informasiya mərkəzindən Yu Jie Financial Times qəzetinə deyib ki, “Deyəsən, Çin qlobal səhiyyə böhranından fürsətlənmək istəyir”.

Çinin Serbiyaya “dost sevgisi”

Son illərdə Çinin Qərbi Balkanlara investisiyaları və kreditləri bir xeyli artıb.

Hərçənd Pekinin siyasəti hər yerdə uğurla yerimir.

Bosniya-Herseqovinanın iki hissəsindən biri olan Serb Respublikası Çin şirkətləri ilə xəstəxana, su bəndi və başqa müştərək layihələrdəki işi dayandırıb.

Lakin qonşu Serbiyada prezident Aleksandar Vucic martın 21-də özləri ilə bir təyyarə tibb ləvazimatı gətirmiş 6 Çin tibb eksperti üçün hava limanında qırmızı xalça döşəyib. Jurnalistlərin diqqətini onu maskasız olması cəlb edib.

Vucic Çindən gələn nümayəndələri təyyarənin trapında özü qarşılayıb və Pekinə “pulsuz yardıma” və “dost sevgisinə” görə təşəkkürünü bildirib:

"Serbiya Çinin bu köməyini unutmayacaq”.

Serbiya Avropa İttifaqı üzvlüyünə rəsmi namizəddir, lakin Vucic martın 15-də verdiyi bəyanatla Brüsseli şoka salıb.

O deyib ki, “Avropa həmrəyliyi mövcud deyil, olsa da yalnız nağıllardadır”.

Vucic eyni vaxtda Çin Kommunist Partiyasının lideri Xi Jinping-i “dostum və qardaşım” adlandırıb.

Çin mütəxəssisləri ilə görüşdən sonra Serbiyanın müdafiə naziri Aleksandar Vulin Çinlə dostluğun “dəmir kimi möhkəm” olduğunu deyib.

Moskva İtaliyadan yapışıb

Çinin, necə deyərlər, Qərbi Balkanlarla “məşğul olduğu” bir vaxtda Moskva “pandemiya diplomatiyasını” NATO üzvü olan İtaliyaya yönəldib.

Martın 25-də Rusiya hərbi-hava qüvvələrinin sayca 15-ci nəqliyyat təyyarəsi İtaliyaya tibbi avadanlıq və ləvazimat yükü gətirib.

Il-76 təyyarəsinin gətirdiyi yükün arasında koronavirusun aşkar edilməsi üçün cihazlar və dezinfeksiya ləvazimatı da var.

Prezident Vladimir Putin (sağda) və İtaliyanın baş naziri Giuseppe Conte Mokskva görüşü zamanı (2018)
Prezident Vladimir Putin (sağda) və İtaliyanın baş naziri Giuseppe Conte Mokskva görüşü zamanı (2018)

Bu yardımların İtaliyaya göndərilməsindən əvvəl Rusiya prezidenti Vladimir Putinlə İtaliyanın baş naziri Giuseppte Conte arasında telefon söhbəti olub.

Moskva İtaliyaya habelə 100 hərbi virusoloq və epidemioloqdan ibarət komanda da göndərib.

Bu ekspertlər İtaliyanın infeksiyaya ən çox məruz qalmış Lombardiya vilayətində işləməlidirlər.

Almaniya və bir sıra başqa Qərb ölkələri Moskvanın NATO üzvünə bu “xeyirxahlığına” şübhə ilə yanaşırlar.

Onlar bildirirlər ki, Moskvanın əsas məqsədi ona qarşı Qərb sanksiyalarının aradan qaldırılması üçün müttəfiqlər arasında fikir ixtilafının yaradılmasıdır.

XS
SM
MD
LG