Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 02:50

Pandemiyadan söz açan əsərlər - təlimat kitabı


Albert Camus. La Peste
Albert Camus. La Peste

İndiki kimi qeyri-müəyyən və qəribə zamanlarda ədəbiyyat insanlara yoldaşlıq edir, onlara rahatlıq gətirir. Maraqlıdır ki, pandemiya mövzusunda yazılmış bədii ədəbiyyata da maraq artıb. Bəziləri bu mövzuda yazılmış əsərləri bugünkü vəziyyət üçün təlimat kitabı kimi oxuyur. BBC yazır ki, belə romanların bəzilərində reallığa yaxın xronoloji inkişafı görmək olur. Onları oxuyanda anlayırsan ki, bəşəriyyət artıq bu yolu keçib və sağ qalıb.

Əsasən "Robinzon Kruzo" əsəri ilə tanıdığımız Daniel Defoe-nun 1722-ci ildə yazdığı "Taun ili gündəliyi" (A Journal of the Plague Year) kitabında 1665-ci ildə Londonda baş qaldırmış taun epidemiyasının xronikası verilib. Romandakı təsvirlər bizim yeni virusa reaksiyamıza çox bənzəyir.

İnsanlardan evlərindən çıxmamaq tələb olunurdu

Defoe-nun romanı 1664-cü ilin sentyabrında taunun Hollandiyaya qayıtması haqda şayiələrin yayılması ilə başlayır. Artıq dekabrda Londonda bir şübhəli ölüm hadisəsi baş verir. Yazda Londonun hər yerində ölüm elanları yapışdırılır. İyulda London şəhər hökuməti yeni qaydalar tətbiq edir. Bu qaydalar bizə 2020-ci il təcrübəsindən çox yaxşı tanışdır: "Bütün ictimai qonaqlıqlar, tavernalar, meyxanalar və digər ictimai əyləncə yerlərindəki şam yeməkləri … qadağan edilir".

Defoe yazır ki, heç bir şey "şəhər sakinlərinin özlərinin tənbəl səhlənkarlığı qədər ölümcül" deyildi. İnsanlardan, sadəcə, evlərindən çıxmamaq tələb olunsa da, onlar bu sadə qaydaya əməl etməyiblər.

Defoe daha sonra yazır ki, "çox vəhşi və dəhşətli" xəstəlik olan taun sentyabrın əvvəlinə özünün ən dəhşətli vəziyyətinə çatır və "bütöv ailələri, hətta ailələrin yaşadığı bütöv küçələri biçir". Dekabrda "yoluxma bir qədər səngiyir, qış havası da özünü yetirir. Hava təmiz və soyuq idi, kəskin şaxta var idi. Xəstələnənlərin çoxu sağalır, şəhərin səhhəti düzəlməyə başlayır". Küçələr yenidən məskunlaşanda "insanlar küçələrdə gedə-gedə xilas olduqları üçün Allaha şükür edirdilər".

Albert Camus-nün "Taun" (La Peste) romanında Əlcəzairin Oran şəhəri taunun yayılması səbəbindən bağlanır. Xəstəlik şəhər əhalisini qırır. XIX əsrdə Oran şəhərində həqiqətən baş vermiş bu hadisə bu gün yaşadıqlarımızı xatırladır. "Şəhər ağsaqqalları bu gəmiricilərin çürüyən cəsədlərinin əhaliyə böyük təhlükə olduğunu bilirlərmi" deyə yerli qəzetin yazarı sual edir. Kitabda hadisələr doktor Bernard Rieux-nün dilindən nəql edilir. Doktor Rieux tibb işçilərinin sakit qəhrəmanlığını xüsusi vurğulayır. Kitabın sonunda taundan qurtulanların öyrəndiyi hikmət əks olunub: "Onlar anladılar ki, can atmalı olduqları tək şey varsa, o da insan sevgisidir".

50 milyon insanı məhv etmiş ispan qripi

1918-ci ildə baş qaldırmış "ispan qripi" 50 milyon insanın həyatına son qoymaqla dünyanın düzənini dəyişdirib. Müqayisə üçün qeyd edək ki, bu ərəfədə bitmiş Birinci Dünya müharibəsində 10 milyon insan həyatını itirmişdi. Maraqlıdır ki, bu qripin təsirləri bir çox ədəbi əsərlərdə təsvir olunsa da, müharibə fonunda baş verən daha dramatik hadisələr onları kölgədə qoyub.

Bu gün dünyada insanlar özlərini təcrid edir, bütöv şəhərlər və ölkələr gediş-gəlişi tamamilə dayandırır. "İspan qripi"nin amerikalı jurnalist və publisist Katherine Anne Porter-in 1939-cu ildə yazdığı "Solğun at, solğun atlı" (Pale Horse, Pale Rider) romanında təsvir olunan dağıdıcı təsirləri bizə çox tanışdır. Bütün kinoteatrlar, dükan və restoranlar bağlıdır, küçələrdə hər gün dəfn mərasimləri keçirilir, hər gecə isə təcili yardım maşınları dolaşır.

Əsərin baş qəhrəmanı Miranda qripə yoluxur. Müəllif onun qızdırmadan əziyyət çəkməsini, içdiyi dərmanları, sağalmasını təsvir edir. Miranda sağalanda qarşısında qrip epidemiyası və müharibənin tamamilə dəyişdiyi yeni dünya görür. Porter-in özü qrip epidemiyasında az qala həyatını itirmişdi. O, 1963-cü ildə "The Paris Review" ədəbi jurnalına müsahibəsində belə demişdi: "Mən qəribə bir tərzdə dəyişmişdim. Küçəyə çıxıb həyatımı yaşamağa başlamağım xeyli vaxt apardı. Mən, sözün həqiqi mənasında, yadlaşmışdım".

Yazıda daha sonra Kanada yazıçısı Margaret Atwood-un "Daşqın ili" (The Year of the Flood) (2009), amerikalı yazıçı Ling Man-ın "Parçalanma" (Severance) (2018) və kanadalı yazıçı Emily St John Mandel-in 2014-cü ildə yazdığı "Stansiya 11" (Station Eleven) kitablarından söz açılır.

"Pandemiya haqqında yazılan əsərləri bu qədər maraqlı edən insanların güclərini birləşdirib insan olmayan düşmənlə mübarizə aparmasıdır. Burada "yaxşılar" və "pislər" yoxdur və vəziyyət daha nüanslıdır. Hər bir personajın sağ qalıb-qalmamaq şansı eyni qədərdir. Hər fərdin çətin şəraitə reaksiyası həm müəllifin özünü, həm də oxucunu maraq içində saxlayır", – BBC-nin yazısında deyilir.

XS
SM
MD
LG