İyulun 18-də Ermənistanın müdafiə naziri David Tonoyan Rusiyanın bu ölkədəki müvəqqəti işlər müvəkkili Andrey İvanovu, Rusiyanın Ermənistandakı hərbi-hava attaşesi Yevgeni Bulavintsevi və Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandanı polkovnik Vladimir Yelkanovu qəbul edib. Onlar iyulun 17-də Şirak vilayətinin Panik kəndi yaxınlığında baş vermiş insidenti müzakirə ediblər.
AzadlıqRadiosu Erməni xidmətinin Azatutyun saytı yazır ki, bu barədə özünün Facebook səhifəsində Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan məlumat verib.
102-ci bazanın Panik kəndi yaxınlığında keçirdiyi hərbi təlimlər yerli sakinləri vahiməyə salmışdı.
Sözçü yazır: “Rusiya 102-ci bazasının komandanı sözü gedən tədbirin xarakteri, onun planlaşdırılması və icrası üçün aparılmış işlər barədə məlumat verib. Bu da qeyd olunmalıdır ki, polkovnik Yelkanovun dediyinə görə bu tədbir 102-ci bazanın 2018-ci il üçün döyüş hazırlığı planına əvvəlcədən erməni tərəfi ilə razılaşdırılmış şəkildə daxil edilib…”
Bununla yanaşı Ermənistan Müdafiə Nazirliyi bildirir ki, təlimlərin keçirilməsi zamanı yerin seçilməsi və yerlilərin xəbərdar edilməsi sahəsində heç də bütün tədbirlər görülməyib.
Öz növbəsində David Tonoyan belə məsələlərdə Rusiyanın Müdafiə Nazirliyi ilə daha sıx koordinasiya və məlumatlandırmaya ehtiyac olduğunu bildirib.
O Ermənistdandakı Rusiya hərbçilərini “mülki əhali ilə xoş qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə” çağırıb.
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Ermənistandakı 102 nömrəli Rusiya hərbi bazası əsgərlərinin Şirak vilayətinin Panik kəndi yaxınlığında keçirdikləri hərbi təlimlər yerli sakinlər arasında panika yaradıb.
AzadlıqRadiosu Erməni xidmətinin Azatutyun saytı xəbər verir ki, kənddə həqiqi hərbi əməliyyatların getdiyini düşünən sakinlər vahiməyə düşüblər.
Sonradan güllə və mərmilərin döyüş yox, təlim təyinatlı olduğu bəlli olub. Lakin bu xəbər sakinləri sakitləşdirə bilməyib. Onlar hərbi hissənin rus komandirindən təlimlərin heç bir xəbərdarlıq edilmədən keçirilməsinin səbəbini soruşublar.
Panik kəndinin yerli hakimiyyət başçısı Vardan Makeyan baş vermiş insident barədə ölkənin Milli Təhlükəsizlik Xidmətini və polisi məlumatlandırdığını deyir.
Yerli əhali hüquq-mühafizə orqanlarının gəlişindən əvvəl rusiyalı hərbçilərin təlim yerini tərk etməsinə imkan verməyib.
Makeyan deyib ki, güllə və mərmi partlayışları səslərindən bəzi uşaqlar hətta huşlarını itiriblər. Bu səslər qonşu kəndlərdə də eşidilirdi. 3000 nəfərin yaşadığı Panik kəndinin icra başçısı deyib ki, rusiyalı hərbçilər təlim əmrini göstərən sənədi təqdim etməkdənsə, sadəcə “üzr istəyərək” çıxıb getməyə çalışıblar.
Makeyanın sözlərinə görə onlar heç bir rəsmi sənəd göstərməyə borclu olmadıqlarını deyiblər.
Lakin kənd sakinləri insidenti videoya çəkiblər və internetdə yayıblar.
Azatutyun xəbər verir ki, iyulun 18-də baş vermiş insidentlə bağlı 102-ci bazanın komandanlığından şərh almağa çalışıb. Baza komandirinin müavini Aleksey Palyuxoviç deyib:
“Mən hazırda danışmağa hazır deyiləm, çünki təhqiqat davam edir. Biz sizə lazım olan informasiyanı mətbuat xidmətimiz vasitəsilə verəcəyik. Bu təlimlər bazanın hərbi döyüş qabiliyyətinin artırılması məqsədilə keçirilib. Amma nəyin düzgün edilməməsinə gəlincə, sizə dediyim qaydada məlumat veriləcək”.
Azatutyun xəbər verir ki, bu gün Palyuxoviçi Şirak vilayətinin qubernatoru Karen Saruxanyan qəbul edib. Onun sözlərinə görə rusiyalı zabit baş vermiş insidentə görə üzr istəyib və belə hallara bir daha yol verilməyəciyini vəd edib.
Qubernator görüşün nəticəsi barədə bunları bildirib: “Onlar deyirlər ki, orada nəsə fors-major situasiyası olub. Bir növ, əmr də olmayıb, təşkilatsızlıq baş verib. Amma onlar xidməti təhqiqat aparırlar və günahkardan mütləq cavabdehlik tələb olunacaq”.
102-ci Rusiya hərbi bazasına dair Ermənistan-Rusiya müqaviləsinin şərtlərinə görə baza qoşunların hər hansı yerdəyişməsi barədə əvvəlcədən yerli hakimiyyət orqanlarını, polisi, milli təhlükəsizlik xidmətini xəbərdar etməlidir.
Bu müqaviləyə görə baza nəzərdə tutulmuş poliqonlardan başqa heç bir yerdə hərbi təlim keçirə bilməz.
Qubernator deyib ki, sözü gedən dövlətlərarası müqavilənin pozulub-pozulmaması barədə suala təhqiqat cavab verəcək.
Panik kəndində baş vermiş insidentə Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyan iyulun 18-də şərh verib.
O bildirib ki, bu hadisəyə dair aparılan təhqiqat barədə baş nazirə məruzə edilir.
Panik kəndinin sakinləri isə bir neçə il əvvəl baş vermiş hadisəni xatırlayırlar. O vaxt Rusiya bazasının Vaqramaberd poliqonunda minaya düşən iki uşaq həlak olmuşdu. Bundan başqa Gümrü şəhərində bütöv bir erməni ailəsi rusiyalı hərbçi tərəfindən qətlə yetirilmişdi. Azatutyun yazır ki, kənd sakinlərinin fikrincə “rusiyalı hərbçilər istədiklərini edirlər”.
Bu münasibətlə Panik sakini Ovannes Zndoyan hökumətə müraciət edib:
“Bu gün qurban olmayıb. Lakin bu insident permanent xarakter daşıya bilər. Ona görə də mən hökumətdən bu özbaşınalığa son qoyulmasını tələb edirəm. Yeni Ermənistanda belə hallara yol verilə bilməz”.
Panik sakinləri habelə Rusiya bazasının bölgəyə vurduğu ziyandan narazıdırlar. Onlar deyirlər ki, ağır texnika yolları yararsız hala salır, lakin Rusiya tərəfi bu ziyanın aradan qaldırılması üçün heç nə etmir.