Müşahidəçilər dekabrın 23-də baş tutmuş bələdiyyə seçkilərinin ənənəvi seçki pozuntuları ilə keçirildiyini, yenə «karusel»ə – bir şəxsin bir neçə məntəqədə səs verməsinə, topa bülletenlərin qutulara atılmasına yol verildiyini bildirirlər. Müstəqil namizədlərdən, seçki kampaniyası sosial mediada maraqla izlənən namizədlərdən qələbə qazanan az da olsa var. Bu durumda məyus olan da var, sevinən də. Əksəriyyət hesab edirdi ki, bələdiyyə seçkilərinin necə keçirilməsi gələn ilə təyin edilmiş parlament seçkiləri ilə bağlı yaranmış ümidlərə ya son qoymalı idi, ya da seçkiləri boykot edən siyasi çevrələri, toplumu dirçəltməli idi.
«Seçiləcəyimizlə bağlı böyük illüziyamız yox idi»
«Seçiləcəyimizlə bağlı böyük illüziyamız yox idi. Azərbaycanda seçkilərdə həmişə saxtakarlıq olub, dünən də buna şahidlik etdik», – NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, bələdiyyə seçkilərində namizəd kimi iştirak etmiş Elgiz Qəhrəman deyir.
O, digər gənc fəalların səsverməni qazanmasının səbəbini izah edir: «Bakıda ən rəngarəng seçki kampaniyası aparanlardan biri Mehman Hüseynov idi, bir çox məntəqədə öndə olduğunu bildiyimiz halda belə onu uduzdurdular. Bakı regionlara baxanda bir az fərqlidir. Bölgədə seçici sayı daha azdır, saxtakarlığın qarşısını almaq daha asandır. Bir var bir məntəqəyə sahib çıxasan, səsini qoruyasan, bir də var 30 məntəqədə. Burda daha çox müşahidəçi, jurnalist, resurs lazımdır».
«İstəsə, qutudan Napoleon Bonapartın da adını çıxara bilər»
Budəfəki seçkilərə qatılan və ya seçki kampaniyasında fəal iştirak edən gənclərin sözlərinə görə, onların məqsədi sadəcə «apolitik cəmiyyəti siyasiləşdirmək idi». Belə gənclərdən biri İlkin Rüstəmzadə bu məqsədlərinə çatdıqlarını bildirir. O, ictimai rəydə nüfuzu olmayan bələdiyyə seçkilərinin dekabrın 23-də gündəmin bir nömrəli məsələsinə çevrildiyini vurğulayır: «Bizim məqsədimiz ab-hava yaratmaq idi. Qutudan onların adının çıxacağına ümid etmirdik. Əlbəttə, biz yaxşı bilirik ki, (MSK sədri) Məzahir Pənahov istəsə qutudan Napoleon Bonapartın da adını çıxara bilər, o, istedad sahibidir. Təkcə Pənahov yox, Azərbaycanda seçki keçirilməsinə göstəriş verənlər, güc sahibləri demokratik seçki keçirmək niyyətində deyillər».
Rüstəmzadə parlament seçkilərində bundan daha artıq və daha ciddi kampaniya aparacaqlarını, daha çox vətəndaşı seçkilərə cəlb edəcəklərini iddia edir.
«O uğurları parlament seçkilərində genişləndirmək lazımdır»
ReAL Partiyasının sədri İlqar Məmmədov gənclərin gözəl nəticələr göstərdiklərini – həm seçkini uda, həm də nəticəni rəsmiləşdirə bildiklərini söyləyir. Onun fikrincə, bunun özü göstərir ki, indiki qanunlar çərçivəsində, indiki seçki komissiyaları ilə belə Azərbaycanda seçkini udmaq mümkündür: «Bu seçkini ciddi siyasi hadisə kimi görənlər varsa, onlar gərək bu xırda uğurları bütün ölkəyə proyeksiya etsinlər. Onda məlum olacaq ki, siyasi partiya dirəniş göstərsə, insanları səsverməyə səfərbər edə bilirsə, o halda seçkidə uğur qazana bilər. O baxımdan dünənki bələdiyyə seçkisi bütün itkilərə, bir neçə vacib namizəd seçilməməsinə baxmayaraq, ruhlandırıcı hadisədir, yaxşı nümunə yaradıldı. O uğurları parlament seçkilərində genişləndirmək lazımdır».
Hərçənd İ.Məmmədov parlament seçkilərində mübarizənin asan olmayacağını, çətin keçəcəyinə əmindir.
«Mikroskopik nəticələr»ə görə eyforiyaya qapılmamaq...
Müsavat Partiyasının üzvü Tofiq Yaqublu isə bir neçə gəncin əldə etdiyi nəticələrə rəğmən, bələdiyyə seçkilərinin total saxtakarlıq şəraitində keçdiyini deyir. O, 15 mindən çox bələdiyyə üzvü yerindən cəmi 4-5 yer qazanılmasını «mikroskopik nəticə» sayır və eyforiyaya qapılaraq yanlış nəticələr çıxardılmasını doğru saymır.
T.Yaqublu hakimiyyətin taleyi həll olunduğu prezident və parlament seçkilərini «İlham Əliyevi qətiyyən maraqlandırmayan» və ona görə də rayon icra hakimiyyətlərinin öhdəsinə buraxdığı bələdiyyə seçkiləri ilə eyniləşdirməyin tərəfdarı deyil: «Nəzərə alın ki, biz demokratik müxalifət olaraq əvvəllər qatıldığımız prezident və parlament seçkilərində indiki bələdiyyə seçkilərində fərqlənmiş gənclərdən müqayisəyə gəlməz dərəcədə artıq təşkilati, təbliğati iş görüb, fədakarlıq edib bu rejimə qalib gələ bilmişik, ancaq qələbəmizi rəsmiləşdirməyə gücümüz yetməyib. Çünki həmin qələbənin tanınması rejimin süqutu demək idi».
Müsavatçı istənilən halda fevralın əvvəlini gözləməyi məsləhət görür.
«Parlament seçkiləri də tam normal keçəcək»
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Elman Məmmədov isə bələdiyyə seçkilərinin uğurlu keçdiyini düşünür. O, minlərlə məntəqədə nöqsan və narazılıqlara yol verilməsini normal sayır və onların araşdırılması üçün müvafiq qurumlar olduğunu, orda şikayətlərə baxılacağını deyir.
Parlament seçkiləri ilə bağlı ehtimallar haqqında deputat belə söyləyir: «Bunu gələcək göstərər, seçkilər göstərər. Bəri başdan proqnoz vermək tezdir. Ancaq belə hesab edirəm ki, seçkilərin normal keçməsi üçün ölkədə şərait var və qanunauyğun şərait yaradılır. Onun necə olacağını seçki günündə biləcəyik. Ölkədəki ictimai-siyasi vəziyyət, sabitlik, qanunlara əməl edilməsi bəri başdan deməyə əsas verir ki, parlament seçkiləri də tam normal keçəcək».
Siyasi şərhçi Azər Rəşidoğlu hesab edir ki, düşüncə tərzi dəyişməlidir. O, demokratik mübarizə üçün şərait yaradılmadıqca, seçkilərin etimad doğurmayacağını düşünür. Siyasi şərhçi «parlament seçkilərinə daha ciddi hazırlaşmaq mümkün olsa, nələrinsə müsbət yöndə dəyişməsi realdır» söyləyir.
«Ancaq bu, böyük mənada müsbət dəyişikliyə gətirib çıxarmayacaq», – deyən A.Rəşidoğlunun fikrincə, parlamentin tərkibi «30 il orda oturub susan» çoxluqdan ibarət olacaqsa, islahatdan danışmaq mümkün olmayacaq. İstənilən halda o hesab edir ki, hakim partiyanın siyahısı açıqlanandan, seçki prosesi başlanmadan parlament seçkiləri haqda danışmaq düz olmazdı. «Amma mənim böyük illüziyam yoxdur», – deyə dərhal əlavə edir.
Parlament seçkiləri ilə bağlı böyük ümidləri olmayan E.Qəhrəman isə növbədənkənar seçkilərə qatılmaq niyyətindədir.