Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:19

Parlament seçkilərindən iki fərqli gözlənti


Parlament seçkiləri, səslərin sayılması prosesi, 7 noyabr 2010
Parlament seçkiləri, səslərin sayılması prosesi, 7 noyabr 2010

“23 dekabr bələdiyyə seçkiləri gələn ilin fevralında keçiriləcək növbədənkənar parlament seçkiləri üçün bir məşq idi”

Bu açıqlamanı AzadliqRadiosuna təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl verib.

İlham İsmayıl bolşevik lideri Vladimir İliç Leninin “1905-ci il inqilabı oktyabr inqilabının baş məşqi oldu” açıqlamasını xatırladaraq vurğulayıb ki, bu mənada dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri də fevralın 9-da gözlənilən növbədənkənar parlament seçkilərinin baş məşqi oldu:

“Əslində, bələdiyyə seçkiləri 1993-cü ildən Azərbaycanda keçirilən seçkilərdən xüsusi fərqlənmirdi. Məsələ ondadır ki, əvvəllər sosial şəbəkələr prosesi bu şəkildə işıqlandırmırdı, indi hər şey anında da yayılır, heç nəyi gizlətmək olmur. Hətta Mərkəzi Seçki Komissiyasının (MSK) məntəqələrdə qoyduğu kameralarda da saxtakarlıq halları öz əksini tapır və bunlar sosial şəbəkələrdə yayılıb. Sadəcə, 23 dekabrda saxtalaşdırma əməliyyatını açıq şəkildə ortaya qoydular və növbədənkənar parlament seçkilərində də bunu edəcəklərinə mesaj verdilər”

Ilham Ismayıl, Bakı, 1 oktyabr 2009
Ilham Ismayıl, Bakı, 1 oktyabr 2009

“Hakimiyyət 23 dekabr seçkisi ilə dedi ki,…”

İlham İsmayıl daha sonra da əlavə edib:

“Hakimiyyət 23 dekabr seçkisi ilə dedi ki, kiminsə seçkidə iştirak etmək həvəsi ola bilər, amma biz öz bildiyimizi edəcəyik”.

“İslahatları dəstəkləmək baxıməndan yeni bir imkandır”

Yeni Azərbaycan Partiyasından deputatlığa namizəd Tahir Mirkişili də dekabrın 23-də keçirilən bələdiyyə seçkilərini müşahidə etdiyini xatırladaraq əlavə edib ki, müəyyən fəallıq olduğundan seçkilərə ümid və inamın artdığını görüb. Ancaq o, parlament seçkisinə fərqli yanaşmanın tərəfdarıdır:

“Çünki parlament seçkiləri növbədənkənar keçirilir. İkinci, 9 fevral seçkiləri islahatlara qanunverici orqanın bir dəstək verməsidir. Bu mənada mənim ondan gözləntim yeni formalaşacaq tərkibin Azərbaycanda aparılan islahatlara daha sürətli və daha əhatəli dəstək verməsinin təmin edilməsi olacaq. Düşünür və inanıram ki, qəbul olunacaq yeni fikir, ideyalar, qanunlar, qanunvericilik təşəbbüsləri həm insanların həyatının yaxşılaşması, həm də ölkəmizdə islahatları dəstəkləmək baxıməndan yeni bir imkandır”.

Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərini bir sıra yerli müşahidəçilər mənfi qiymətləndirib. Amma rəsmilər və MSK təmsilçiləri bu qiymətlə razılaşmayıblar. MSK rəhbərliyi bəyan edib ki, onlara müraciət olarsa bunlara qanunverciliyin tələblərinə uygun baxılcaq.

Bu Azərbaycanda keçirilən 5-ci bələdiyyə seçkiləri idi. MSK qeyd edib ki, ölkə üzrə bu seçkilərdə 1627064 nəfər səs verib və seçici fəallığı 32.72 faiz olub.Qurumun məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilmişdi.

Xatırlatma

Milli Məclis, 20 noyabr 2014
Milli Məclis, 20 noyabr 2014

Noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib.

Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.

Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib.Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.

Bir gün sonra prezident seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Əslində, Azərbaycanda parlament seçkiləri gələn ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Demokratik Qüvvələrin Milli Şurası bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur.

Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

XS
SM
MD
LG