Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:08

Namizədlərin plakatları boşalmış binalara vurulur


Bakıda parlament seçkisində iştirak edən namizədlərin təbliğat plakatları.
Bakıda parlament seçkisində iştirak edən namizədlərin təbliğat plakatları.


►Bir seçicinin, bir namizədin və bir eks-namizədin dedikləri, bir də bizim gördüklərimiz.

Seçkilərə sayılı günlər qalır. Oktyabrın 31-də təbliğat təşviqat kampaniyası bitəcək və... sükut günü başlayacaq.

Hələliksə təbliğat-təşviqat kampaniyasının sonuncu həftəsi başlayıb. Ancaq 2000 və ya 2005-ci ilin seçkilərində olduğu kimi deputatlığa namizədlərin təbliğatı bu dəfə elə də diqqət cəlb etmir.

Gözədəyən bəzi namizədlərin plakatlarıdır. Maraqlısı odur ki, bu plakatların çoxu içərisi boş, üzərində satılmaq və ya icarəyə verilmək üçün elan yerləşdirilən binaların şüşələrinə yapışdırılır. Ən azından müşahidə apardığımız Xətai rayonunda.

Bu boşalmış obyektlərin çoxu fevral devalvasiyasına qədər market, pal-paltar dükanı, iaşə obyekti kimi fəaliyyət göstərsə də, indi qapıları bağlı qalıb. Şüşələri isə deputatlığa namizədlərin istifadəsindədir. Namizədlər buna görə obyekt sahiblərinə haqq ödəyirmi, deyə bilmərik, çünki nə içəridə kimsə gözə dəydi, nə də əlaqə telefonları vardı...

Daha bir müşahidəmiz
Bəzi deputatlığa namizədlər şüarlardan istifadə etmirlər. Sadəcə, adlarını, soyadlarını, bitərəf və ya kimin tərəfində olduqlarını, yəni hansı partiyaya üzv olduqlarını qeyd etməklə kifayətlənirlər.​

Buna da bax: Parlament seçkiləri ilə bağlı virtual səsvermə

Üçüncü müşahidə.
Xətai rayonunda deyəsən, plakat təbliğatına daha çox önəm verən müstəqil, amma hakimiyyətin siyasi kursunu müdafiə edən namizəd Fuad Muradovdur. Onun iri plakatlarına addımbaşı rastlamaq olar, yarımtikililərin üstündən tutmuş, müxtəlif obyektlərin üstünə kimi, o cümlədən boşalmış obyektlərin də. Namizədin fotosunun olduğu minik və yük avtomobillərisə şəhərin çox yerində qarşıya çıxa bilər.

Bakıda parlament seçkisində namizədlərin təbliğat plakatları
Bakıda parlament seçkisində namizədlərin təbliğat plakatları

“YAXŞI DA DÜŞÜB ŞƏKİLLƏRDƏ...”
Qurban İsmayılov Xətai rayonunda yaşayır. Deyir ki, parlament seçkilərini bu plakatlara baxanda xatırlayır. Əlini Fuad Muradovun plakatına tərəf uzadaraq əlavə edir:

- Bu cavan oğlan, deyəsən, yaman həvəskardı. Hər yerdə şəkillərini vurdurub. Yaxşı da düşüb, maşallah.
- Bəs, onu tanıyırsınızımı?
- Deyəsən, bu əvvəl də deputat olub. YAP-çıdır yəqin.
- Müstəqil namizəddir.
- Hə? Nə dəxli var, hakimiyyətin namizədidir. Bir dəfə parlamentdə xalqın dərdini deyib? Yəqin nə deyiblər, ona da səs verib. Müstəqil namizədin parlamentdə nə işi?
- Bəs, rayonda başqa namizədlərin təbliğatına rast gəlmisiniz? Tutalım, görüşlərin, mitinqlərin və ya qapı-qapı kampaniyasının keçirilməsinə? Lap bu cavan oğlanın görüşünə çağrılmısınız?
- Bəlkə də çağırıblar, mən iş-güc adamıyam, xəbərim olmayıb. Belədə də qapımızı döyən olsaydı, bilərdim. Gələn-gedən olmayıb. Gördüyüm bircə şəkillərdir. Çağırsalar da, getməzdim.
- Niyə?
- Nə deyəcək? Parlament maaş artıran deyil, torpaq qaytaran deyil, işverən deyil, gedim neyləyim? Ondansa uşağıma çörəkpulu qazanaram.

“SEÇKİ AB-HAVASI DUYULMUR!”
Xətai rayonunun keçmiş icra başçısı, hazırda burdakı 6 saylı poliklinikada stomatoloq işləyən və ərazidən bir neçə dəfə deputatlığa namizədliyini verən Zəlimxan Məmmədli bu dəfə seçkilərə qatılmayıb. “Bu, seçki yox, tamaşadır. Hakimiyyətin ssenarisi, rejissorluğu ilə gerçəkləşdirilən tamaşa. Demokratiyaya zidd oyun keçiriləcək”, - söyləyir o.

Amma prosesləri izləyir. Dediyinə görə, təbliğat-təşviqat kampaniyası hiss olunmur:

“300 nəfərlik kollektivdə çalışıram, hər gün 10-15 xəstə qəbul edirəm. Gün ərzində xeyli adamla ünsiyyətdəyəm. Ancaq seçki ab-havası hiss olunmur. YAP artıq indidən büdcə təşkilatlarının əliylə saxtalaşdırma kampaniyasına start verib. Siyasi, ictimai fəallıq da yoxdur. Mən əhalini qınamıram. Seçicilər hər dəfə məyus olublar. Ona görə bu dəfəki seçkilərdə 3-5 faiz vətəndaş fəallığı olacaq, ya yox. Ötən seçkilərdə bu fəallıq 20 faizə də çatmırdı”.

Yeri gəlmişkən, 2010-cu ildə 33 saylı dairədən namizədliyini verən Zəlimxan Məmmədli səsvermədə ən çox səs yığdığını, ikinci yerdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının, üçüncü yerdə Namizəd Səfərovun gəldiyini bildirir: “Ancaq yenə də Hüseynbala Mirələmov deputat oldu. Buna görə də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdik. Məhkəmənin qərarı var ki, bu dairədən elan olunan qalib gerçək deyil. Tək təsəllimiz budur,” deyir Məmmədli.

İQBAL AĞAZADƏ: “MƏNİ QANE EDİR”
Ümid Partiyasının sədri İqbal Ağazadə isə başqa cür düşünür. Onun sözlərinə görə, namizədliyini verdiyi dairədə seçicilərin aktivlik dərəcəsi, seçiçilərin verdiyi mesajlara cavabı onu qane edir.

İqbal Ağazadə deyir ki, seçicilərlə görüş də keçirir, normal təbliğatını da aparır:

“Əvvəlki illərdən elə də fərqi yoxdur. Həmin təbliğat metodlarından istifadə edirik. Mən görüşlər keçirə bilirəm. Öz ərazimdə yox, başqa partiyadaşlarımın ərazisində məlumatlar var ki, hakim partiya inzibati resurslardan istifadə edir. Belə hallar var, düzdür”.

Ancaq partiya sədri də etiraf edir ki, “uzun illər seçki marafonundakı nəticəsizlikdən sonra seçicilər məyus olublar”, seçkilərə maraq yoxdur.​

Buna da bax:Məhkəmə Anar Məmmədlini həbsdə saxladı

Anar Məmmədli
Anar Məmmədli

DANIŞMAĞA EKSPERT QALMAYIB
Uzun illərdir Azərbaycanda seçkiləri izləyən yerli ekspertlərsə bu dəfə prosesdən kənardadırlar. QHT-lərlə bağlı açılmış cinayət işinə görə bəzi seçki qurumları qrant ala bilmirlər.

Seçkiləri izləyən bir başqa qurumun – Demokratiyanın Tədrisi və Seçkilərin Monitorinqi Mərkəzinin sədri Anar Məmmədli isə həbsdədir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri müşahidə etməkdən imtina edib. Adətən bu qurum seçkilər ərəfəsində namizədlərin qeydə alınması, təbliğat kampaniyasının gedişiylə bağlı hesabatla çıxış edirdi.
Qaldı deyilən tənqidlərlə bağlı Mərkəzi Seçki Komissiyasının mövqeyinə və ümumiyyətlə, təbliğat-təşviqat prosesinin gedişi haqqında deyəcəklərinə, gün ərzində cəhd etsək də, qurumla danışa bilmədik.

XS
SM
MD
LG