Dünən, sentyabrın 4-də üç partiya qeydiyyata alınıb. Ağ Partiya, Vətəndaş Həmrəyliyi Partiyası və Haqq və Ədalət Partiyası. Bu gün, sentyabrın 5-də isə yenidən qeydiyyata düşənlər siyahısına Azərbaycan Milli İstiqlal (AMİP) və Ümid partiyaları da əlavə edilib. Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə hələ iyul ayında qeydiyyatdan keçmişdi. Beləliklə, Ədliyyə Nazirliyinə yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan altısı dövlət qeydiyyatına alınıb.
66-dan 27-si qalıb, onların da 21-inin müraciəti...
Azərbaycanda müstəqillik dövründə 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Bunlardan 1993-cü ildə iki partiya ləğv edilib. 2021-ci ildə isə altı partiya iqtidarda olan YAP-a birləşdiyini açıqlayıb. Bundan sonra qeydiyyatda 58 siyasi partiya qalmışdı.
"Siyasi partiyalar haqqında" yeni qanun bu il qüvvəyə mindikdən sonra onlardan 31-i də ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi. Bu, əsasən, yeni qanunla qeydiyyat üçün lazım olan imza sayının 1 mindən 5 minə qaldırılması ilə izah edildi.
Qalan 27 siyasi partiya Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edib. Onlardan YAP-dan başqa 26-sının sənədləri imzalarda yanlışlıqlar səbəb göstərilərək geri qaytarılmışdı. Həmin partiyalar sənədlərini ikinci dəfə Ədliyyə Nazirliyinə göndəriblər. Onlardan da artıq beşi qeydiyyatdan keçib. İndi daha 21 partiya Ədliyyə Nazirliyindən müsbət cavab gözləyir.
Amma ikinci müraciətinə hələ cavab verilməyən bəzi müxalif partiyalar var ki, onlar təkrar müraciəti son qeydiyyata alınan partiyaların bəzilərindən daha tez vermişdilər. Həmin partiyalar hesab edir ki, hökumət onların qeydiyyat məsələsi ilə bağlı tərəddüd içindədir və proses siyasidir.
"Problemlər yaratmaq məqsədi daşıyır"
Onlardan Müsavat Partiyasının başqanı Arif Hacılı AzadlıqRadiosuna bildirib ki, partiyaların qeydiyyatı elə çətin prosedurlarla həll olunmalı deyil: ""Siyasi partiyalar haqqında" Qanuna edilən əlavələr və dəyişikliklər siyasi partiyaların fəaliyyətinə əlavə problemlər yaratmaq məqsədi daşıyır".
Onun sözlərinə görə, partiyaların qeydiyyatının belə ardıcıllıqla aparılmasının səbəbi yaxın günlərdə bilinəcək: "Düşünürəm ki, Müsavata cavab verilməsi gecikməyəcək".
"Hansısa siyasi qərar gözləyirlər"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Ayaz Məhərrəmli də bildirib ki, onların da yeni "Siyasi partiyalar haqqında" Qanuna və partiyaların qeydiyyat prosesinə münasibəti mənfidir: "Biz bu qanun layihəsini mürtəce sənəd kimi dəyərləndirmişik. Bizdən əlavə dünyanın mühüm təşkilatları da bu məsələyə öz rəylərini veriblər. Bu qanun insan haqlarına və beynəlxalq konvensiyalara ziddir".
Sədr müavini vurğulayıb ki, AXCP-yə, hələlik, cavab verilməməsində qanun pozuntusu yoxdur, çünki sənədlərin göndərilməsi günündən bir ay ərzində cavab verilə bilər: "Bizdən əvvəl də hansısa partiyalara cavab verilməsi normaldır. Amma burada bir AXCP faktoru önə çıxır və, görünür, partiyamızla bağlı hakimiyyət dairələrində, hələlik, yekdil rəy yoxdur, hansısa siyasi qərar gözləyirlər. Ola bilsin ki, qərar var, amma yenə də beynəlxalq qurumlar qarşısında vaxt udmağa çalışırlar. Ona görə də belə ləngidirlər".
"Kimsə bu prosesdən kənarda qalacaqsa..."
Qeydiyyat prosesinin siyasi olması ilə bağlı fikirlərə, hələlik, Ədliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma hakim YAP-ın İdarə Heyətinin üzvü Hikmət Babaoğlu "Turan"a bildirib ki, YAP-ın bütün partiyalardan əvvəl hüquqi qeydiyyata alınmasının ciddi əsasları var: "Çünki bu partiya Azərbaycanın ən böyük partiyasıdır və ictimai rəydə də münasibət öyrənmək lazım olsa, görəcəyik ki, Yeni Azərbaycan Partiyası buna, doğrudan da, haqq edən partiyadır. O, siyasi sistemimizin lokomotividir, ona görə də burada təəccüblü bir şey yoxdur".
H.Babaoğlunun fikrincə, müsbət cavab alacaq partiyaların sayı artacaq: "Bu proses davam edəcək. Kimsə bu prosesdən kənarda qalacaqsa, bunun səbəbləri obyektiv və hüquqi olacaq. Bu məsələdə Ədliyyə Nazirliyi qərar qəbul edir və bu, ictimaiyyətə açıq qərardır. Onun qəbul etdiyi qərar yanlış olarsa, şübhəsiz ki, ictimai qınaqla üzləşəcək. Ona görə də mən əminəm ki, Ədliyyə Nazirliyinin qəbul etdiyi qərarlar obyektiv və qanuni olacaq".
Ədliyyə Nazirliyinin qeydiyyatla bağlı qərarına şübhə ilə yanaşan siyasi partiyalara gəlincə, H.Babaoğlu vurğulayıb ki, bu, onların özlərinə inamsızlığın göstəricisidir.
"Məhdud Məsuliyyətli Cəmiyyət"
Siyasi şərhçi Nəsimi Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, siyasi partiyaların qeydiyyat prosesi ölkədə çoxpartiyalı sisteminin inkişafına yardım etmir: "Bu, faktiki olaraq partiyaları daha çox nəzarət altına almaq, hansısa bir "Məhdud Məsuliyyətli Cəmiyyət"ə nəzarət etmək məqsədini nəzərdə tutur. Hətta siyasi partiyalara münasibət qeyri-hökumət təşkilatlara münasibətdən daha kəskindir".
Politoloqun sözlərinə görə, Azərbaycanda hakimiyyət mümkün qədər çalışır ki, gerçək müxalifət mövqeyini ifadə edən, seçkilərdə ona problem yarada biləcək partiyaların fəaliyyətini əngəlləsin: "Qismən də olsa, hakimiyyət artıq buna nal oldu. Ölkədə, demək olar ki, siyasi azadlıqları ifadə etmək üçün siyasi meydan çox daralıb. Bu, gələcəkdə daha təhlükəli problemlər yarada bilər".
Xatırlatma
Azərbaycanda "Siyasi partiyalar haqqında" yeni qanun ötən il qəbul edilib və bu ilin əvvəlində qüvvəyə minib. Yeni qanunun qəbulu ilə də partiyaların yenidən qeydiyyat məsələsi gündəliyə çıxıb. Yeni qanunda qeydiyyat üçün üzv sayı 1 mindən 5 minə qaldırılıb. Üstəlik, yeni qanunda partiya üzvlərinin reyestrinin aparılması da öz əksini tapıb.
Avropa Şurasının Venesiya Komissiyası qanunvericiliyə edilən bu dəyişikliklərə tənqidi rəy verib.