Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:44

Paşinyan soruşur: Əliyev Brüssel razılaşmalarından imtina edir?


Armenia -- PM Pashinian Speaks in National Assembly. 29May, 2023
Armenia -- PM Pashinian Speaks in National Assembly. 29May, 2023

“Azərbaycan prezidentinin dünən (mayın 28-də) verdiyi bir sıra bəyanatlar başa düşülmür. Mən hesab edirəm ki, həm Azərbaycan, həm də beynəlxalq partnyorlar bunun Brüsseldə əldə olunmuş razılaşamalardan imtina olub-olmamasını ən azı heç olmasa izah etməlidirlər”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu mayın 29-da ölkənin baş naziri Nikol Paşinyan 2022-ci ilin büdcə hesabatına həsr olunmuş iclasda deyib.

O xarici işlər naziri Ararat Mirzoyana müraciət edərək bu suala partnyorlardan cavab almağı tapşırıb:

“Çünki əgər bu imtinadırsa, səsləndirilmiş mətn buna çox yaxındır, amma mən şərh etmək istəmirəm, əlavə dəqiqləşdirmələr zəruridir ki, gələcək hərəkətlərimizi planlaşdıra bilək”.

Mayın 28-də Laçında çıxış edən İlham Əliyev bildirmişdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra sülh müqaviləsinin imzalanması üçün heç bir ciddi maneə qalmayıb. O vurğulamışdı ki, sülh müqaviləsi beynəlxalq şərtlərə əsaslanmalı, Naxçıvana yol açılmalı və Qarabağdakı erməni silahlı birləşmələri oradan çıxmalıdır.

Paşinyan Azərbaycan və Ermənistan arışında sülh müqaviləsinin iyunun 1-də Kişinyovda keçiriləcək beştərəfli görüşdə imzalana biləcəyinə dair məsələyə də toxunub və deyib ki, Azərbaycan hələ ki, Ermənistanın son təkliflərinə şərh göndərməyib:

“Hazırda imzalanmaq üçün razılaşdırılmış layihə yoxdur”.

Paşinyan Moksvada keçirilmiş üçtərəfli görüşdən, orada “Dağlıq Qarabağdakı humanitar vəziyyətin və Laçın dəhlizinin qanunsuz bağlanmasının” müzakirə edildiyindən danışıb:

“Mən deyə bilmərəm ki, bu müzakirələrin nəticələri qənaətbəxşdir. Deməyə məcburam ki, hazırda çox ağrılı situasiyadır”.

Paşinyan: 'Ermənistan kadastr sənədi olmayan torpağa bənzəyir'
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG