Qarabağda son günlər silahlı qarşıdurmaların ardından bugün, avqustun 4-də Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, durumu nizamlamağa ehtiyac var.
O bildirib ki, bunun üçün Ermənistan, Rusiya ilə sülhməramlıların mandatına dair ikitərəfli sənəd imzalayıb, amma Azərbaycan bu sənədə imza atmayıb.
Paşinyan bildirib ki, Rusiyanın bu sənədi Ermənistanla ikitərəfli qaydada imzalaması onun tam miqyasda fəaliyyət göstərməsi üçün yetərlidir. Azərbaycan Xarici İşlər Nazirliyi isə Paşinyanın bəyanatını hələki, şərh etməyib.
Bakıda siyasi şərhçi Azər Qasımlı deyir ki, Paşinyanın dediyi - sülhməramlıların mandatı barədə ikitərəfli saziş Azərbaycan ictimaiyyətinə bəlli deyil və rəsmi Bakı da belə bir sənədin təklif olunması haqda açıqlama verməyib.
Azərbaycanın razılığı olmadan...
Azər Qasımlı bildirir ki, beynəlxalq hüquqa görə, Azərbaycanın icazəsi olmadan ikitərəfli qaydada imzalanmış sənəd tətbiq oluna bilməz və əgər bu tətbiq olunacaqsa, bu o deməkdir ki, Rusiya Azərbaycan ərazisini işğal edib və öz sülhməramlılarının mandatı məsələsini Azərbaycanla yox, hansısa başqa bir ölkə ilə həll edir.
“Bu ərazi beynəxalq hüquqa görə, Azərbaycan Respublikasınındır. Sadəcə olaraq orda erməni əsilli əhali yaşayır, onların hüquqları və təhlükəsizlik məsələsi var. Bu, müzakirə oluna bilər, amma ki, hansısa 3-cü ölkənin 3-cü ölkə ilə Azərbaycan əhalisi ilə bağlı, sülhməramlı kontingentin mandatı ilə bağlı nəsə imzalaması absurd səslənir. Mənim üçün bu, gözlənilməz oldu və təəccübləndim. Sülhməramlıların mandatı 10 noyabr bəyanatında əks olunub”.
Bakıda başqa bir siyasi şərhçi Şahin Cəfərlinin dediyinə görə, bəlli deyil ki, Rusiya öz sülhməramlıları üçün tərəflərə hansı müddəaları nəzərdə tutan sənəd təqdim edib. Bu sənəd açıqlanmayıb, amma ekspert deyir ki, ümumiyyətlə sülhməramlıların mandatına dair sənəd imzalamaq Azərbaycanın maraqlarına uyğun deyil, çünki Gürcüstan və Moldova təcrübəsində, belə bir sənəd mərkəzi hakimiyyətlərin öz bölgələri ilə əlaqəsini kəsib.
Ermənistan baş naziri Nikol Paşinyan həm də deyib ki, Yerevan və Moskva arasında imzalanmış mandat sənədini icra etmək mümkün olmasa, ya mandatı beynəlxalq miqyasda təsdiqlətmək lazımdır, ya da ki, sülhməramlılara daha geniş beynəlxalq mandat verilməlidir.
Paşinyan nəyə işarə edir?
Siyasi şərhçi Azər Qasımlı isə bildirir ki, Paşinyan bununla həm də Rusiyaya eyham vurur ki, onun sülhməramlıları beynəlxalq deyil.
Azər Qasımlı hesab edir ki, Paşinyan həm Rusiya sülhməramlılarının BMT tərəfindən tanınmasını nəzərdə tutur. Onun sözlərinə görə, geniş beynəlxalq mandat anlayışı o deməkdir ki, ya sülhməramlı bir ölkədən olsa da, beynəlxalq mandatı olsun, ya da ki, müxtəlif ölkələrdən olsun.
Azər Qasımlı hesab edir ki, beynəlxalq qüvvələrin Qarabağa gəlməsi Azərbaycanın milli marağındadır, çünki Rusiya münaqişənin saxlanmasına tərəfdardır.
ABŞ-da siyasi şərhçi Pol Qobl da hesab edir ki, atəşkəsin davamlı olması üçün bölgə Rusiyanın monopoliyasından çıxmalıdır.
“Bakı da sülhməramlıların fəaliyyətindən məmnun olmadığını ifadə edib. Mən çox ümid edirəm ki, beynəlxalq ictimaiyyət sülhməramlıların tərkibinə əlavə ölkələrin cəlb edilməsinə nail olacaq, Rusiya sülhməramlılarının başqa ölkələrdən olan sülhməramlılarla əvəzlənməsinə nail olacaq və münaqişənin növbəti mərhələdə nizamlanması mümkün olacaq”.
2020-ci il noyabrın 10-da imzalanmış atəşkəs bəyannaməsi ilə Qarabağın ermənilər yaşayan hissəsində sülhə və bəyanatın icrasına nəzarət etməli olan qüvvə bölgəyə yerləşdirilmiş Rusiya sülhməramlılarıdır.
Amma ki, tərəflər arasında son günlər hərbi qarşıdurma halları artıb, rəsmi məlumatlara görə, hər iki tərəfdən itkilər var.