Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:45

Paşinyanın ofisi ‘statusla’ bağlı suallara yenə cavab verib


Azatutyun yazır ki, onun Dağlıq Qarabağ danışıqlarına dair Paşinyanın bəyanatları barədə sorğusuna baş nazirin ofisi yazılı cavablar göndərib

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, onun Dağlıq Qarabağ danışıqlarına dair Nikol Paşinyanın bəyanatları barədə sorğusuna Ermənistan baş nazirinin ofisi yazılı cavablar göndərib.

Bu cavablarda Minsk qrupunun 2016-cı ildə təqdim etdiyi təkliflərdən söz açılır. Azatutyun bildirir ki, hökumət bu sənədlərin məxfiliyini hələ qaldırmayıb.

Azatutyunun sorğusunda deyilirdi ki, Paşinyan ötən ilin sonunda keçirdiyi mətbuat konfransında 2016-cı ildə Qarabağ tənzimləməsi ilə bağlı verilmiş üç təklif paketinin heç birində Dağlıq Qarabağın keçid statusu barədə heç nə deyilmədiyini bildirib. Halbuki bundan əvvəl, 2020-ci ilin yanvarında keçirdiyi mətbuat konfransına Paşinyan tamam başqa cür danışmışdı.

O demişdi ki, ona keçmiş prezident Serj Sarkisyandan miras qalan danışıqlar prosesində Dağlıq Qarabağa müvəqqəti status verilməsi nəzərdə tutulmuşdu.

Ermənistanın Qazaxıstana əsgər göndərməsinə necə baxırsınız? Yerevanda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Paşinyan niyə əmindir?

Bu sorğuya cavab olaraq Ermənistan baş nazirinin ofisindən bildiriblər ki, 2007-ci ildə Madrid prinsipləri dövriyyəyə buraxılandan sonra “keçid və yaxud müvəqqəti status” mövzusu daim danışıqlar prosesində olub, amma 2016-cı ildə, aprel müharibəsinə qədər təqdim olunmuş üç sənəddə “Dağlıq Qarabağa keçid/müvəqqəti status verilir” cümləsi olmayıb.

Lakin hökumət əlavə edib ki, bu formul təkliflərdə olmasa da keçid/müvəqqəti statusun “atributları” olub. Bunlar BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edildikdən sonra Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinə qədər onun tanınmış statusu olmalı idi.

Azatutyunun sorğusunda deyilirdi: Paşinyan niyə əmindir ki, Təhlükəsizlik Surası qaçılmaz bir şəkildə Qarabağın Azərbaycanın tərkibində qalmasına səs verəcəkdi?

Baş nazirin aparatından verillən cavabda bildirilir ki, Nikol Paşinyan məhz bunu fəlakət hesab edirdi, çünki Dağlıq Qarabağın statusu məsələsi BMT-nin Təhlükəslzik Şurasının kompetensiyasına keçə bilərdi və şura buna qədər Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələrə zidd olan qərar qəbul etməzdi.

Rusiyanı dost ölkə saymaq olarmı? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

Həmsədrlər həm də Təhlükəsizlik Şurasının üzvüdürlər

Hökumətin cavabında BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli üçüncü Qətnaməsi misal gətirilir. Orada isə “Azərbaycanın Dağlıq Qarabağ regionundan” söhbət gedir, habelə Azərbaycanın və regionun başqa ölkələrinin “suverenliyi və ərazi bütövlüyü” təsdiqlənir.

Hökumət hesab edir ki, belə bir şəraitdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın yekun statusu müəyyənləşənədək onun Azərbaycanın tərkibində status alması barədə qərar qəbul edəcəkdi.

Azatutyunun sorğusunda xatırladılır ki, 2007-ci ildə Madrid prinsiplərini masa üstünə qoyan ABŞ, Rusiya və Fransa Təhlükəsizlik Şurasının daimi üzvləri idilər. Halbuki Madrid prinsiplərində ərazi bütövlüyü ilə millətlərin öz müqəddəratını təyin etməsi hüququ eyni sıraya qoyulurdu.

Azatutyun bunu da xatırladır ki, Bakı 2008-ci ildə BMT Baş Assambleyasına yalnız Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən xüsusi qətnaməni təqdim edəndə - Rusiya, ABŞ və Fransa onun əleyhinə səs vermişdilər. Mİnsk qrupu həmsədrlərinin adından bəyanat verən ABŞ nümayəndəsi isə bildirmişdi ki, Azərbaycanın təqdim etdiyi sənəddə həmsədrlərin “balanslaşdırıcı” təklifləri nəzərə alınmayıb.

Sorğuda xatırladılır ki, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 4-ü bu qətnamənin əleyhinə səs vermişdi. Britaniya isə bitərəf qalmışdı.

Xalq və əhalinin fərqi

Azatutyunun sorğusunda deyilirdi: Nikol Paşinyan niyə əmindir ki, Dağlıq Qarabağa dair referendum bütün Azərbaycan ərazisində keçirilməli idi?

Baş nazirin ofisindən verilən cavabda əsas kimi 2016-cı ilin danışıqlarına aid sənədlərdən birinin bir hissəsi göstərilir.

Bu hissədə deyilir ki, Dağlıq Qarabağın statusu “bütün Qarabağ əhalisinin azad iradəsini ifadə edən ümumxalq referendumunda” müəyyənləşməlidir.

Hökumətin cavabında vurğulanır ki, bu cümlədə “xalq” anlayışını ifadə edən “ümumxalq” sözü Dağlıq Qarabağla eyniləşdirilmir, çünki Dağlıq Qarabağ deyiləndə yalnız “əhali” nəzərdə tutulur.

1988-ci ilin etnik nisbətinin saxlanmasına dair müddəa çıxarılıb

Baş nazirin ofisinin cavabında bu da deyilir ki, Kazan görüşündən sonra Madrid prinsiplərindən Dağlıq Qarabağ əhalisi deyilərkən Dağlıq Qarabağ Muxtar Vilayətində 1988-ci ildək yaşamış bütün xalqların nəzərdə tutulmasına dair müddəa çıxarılıb.

Azatutyuna verilən cavabda deyilir ki, 2016-cı ilin avqustunda erməni tərəfi bu müddəanın bərpası üçün müraciət edib.

Hökumət bu müraciətə necə cavab verildiyinə aydınlıq gətirmir.

Kaspşikin daçasında keçirilən danışıqlar

Baş nazir ofisinin cavabında 2018-ci ilin 18 yanvarında ATƏT sədrinin nümayəndəsi Andjey Kaspşikin Polşanın Krakov şəhərindəki daçasında keçirilmiş danışıqlardan söz açılır.

Qeyd olunur ki, burada “Dağlıq Qarabağın keçid/müvəqqəti statusu barədə müddəanın bərpası” məsələsi müzakirə olunub.

Bu danışıqların nəticəsində qəbul edilmiş qərar barədə heç nə deyilmir, amma bildirilir ki, Sarkisyan 2018-ci ilin 17 aprelində ikinci müddət prezidentliyi başa çatarkən Kaspşikin daçasında keçirlmiş danışıqların nəticəsiz başa çatdığını bildirmişdi.

Hökumətin fikrincə beləliklə statusun BMT Təhükəsizlik Şurası tərəfindən müəyyən olunması prinsipi qüvvədə qalıb.

Baş nazirin ofisi bildirir ki, həm də bu səbəbdən Paşinyan danışıqlara “sıfırdan” və Dağlıq Qarabağ nümayəndələrinin iştirakilə keçirilməsini təklif etmişdi.

Belə bəyanatlar niyə verilirdi?

Azatutyunun sorğusunda habelə Ermənistan tərəfinin rəqibin hərbi, diplomatik və iqtisadi üstünlüklərini bilə-bilə yeni ərazilərin zəbt olunması barədə bəyantlar verməsinin səbəbi soruşulurdu.

Sorğuda bu da xatırladılır ki, 2019-cu ilin 5 avqustunda Xankəndidə olarkən Nikol Paşinyan “Artsax (Dağlıq Qarabağ-red) – Ermənistandır və nöqtə” bəyanatını vermişdi.

Hökumətin bu sorğuya cavabında deyilir:

“Ermənistanın baş naziri əmindir ki, Artsax (Dağlıq Qarabağ-red) ermənilərin olaraq qalacaq və Ermənistan Respublikasının bütün danışıq səyləri də buna yönəlib. Amma Artsaxın (Dağlıq Qarabağ-red) statusu məsələsi Ermənistan Respublikası hökumətinin prioritetləri arasında olub və qalır”.

Azatutyunun sorğusunda bu da deyilirdi ki, Dağlıq Qarabağın statusunun ermənilərin xeyrinə həll olunmasının artıq məxməri inqilaba qədər qeyri-mümkün olduğunu bəyan edən Paşinyan bu “prioritet” məsələni necə həll etməyi planlaşdırır?

Azatutyun bu sualın cavabsız qaldığını yazır.

XS
SM
MD
LG