Ermənistan baş naziri Nikol Paşinyan bütün regional iqtisadi və nəqliyyat xətlərinin açılmasına hazır olduğunu bildirib.
"Azərbaycanın qərbindən Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına (MR), geri, Azərbaycan (Naxçıvan MR) ərazisindən keçərək Ermənistanın Meğri şəhərindən Yerasx şəhərinə qədər və geri istiqamətdə nəqliyyat yolları da daxil olmaqla, bütün regional iqtisadi, nəqliyyat xətləri açılmağa tamamilə hazırdır. Yalnız Azərbaycanın razılığı lazımdır ki, bu, həyata keçirilsin", - Paşinyan "Armenpress" xəbər agentliyində dərc olunan məqaləsində yazıb.
O, Ermənistan üzərindən Naxçıvan MR-ə keçid üçün hazırda infrastrukturun olmadığını, ancaq bunun sürətlə həll edilə biləcək məsələ saydığını deyib. Eyni zamanda o qeyd edib ki, Azərbaycanın Ermənistan üzərindən Türkiyəyə tranzit daşımları üçün infrastruktur mövcuddur: "Yük avtomobilləri Laçın-Kornidzor istiqaməti ilə Kornidzor keçid məntəqəsindən keçərək Ermənistan ərazisinə daxil ola, bizim yollarımızla Ermənistan-Türkiyə sərhədinə gedə bilər və Marqara keçid məntəqəsindən Türkiyəyə daxil ola bilər. Eyni şey əks istiqamət üçün də keçərlidir".
Ermənistan baş nazirinin sözlərinə görə, onun hökuməti yükdaşımaların təhlükəsizliyini təmin etməyə hazırdır: "Amma əgər Azərbaycan sürücüləri üçün psixoloji çətinliklər varsa, bu yükdaşımalar Türkiyə yük avtomobilləri ilə təşkil oluna bilər. Çünki bu avtomobillər həmişə səyahət edib və hazırda Ermənistan yollarında çox fəal şəkildə hərəkət edirlər".
Paşinyan vurğulayıb ki, Ermənistan heç vaxt öz ərazisində beynəlxalq və ya Azərbaycan sərnişin, habelə yük daşımalarının təhlükəsizliyinin başqa bir ölkəyə həvalə edilməsi öhdəliyini götürməyib.
Ermənistan hökumət başçısı ölkəsinin Azərbaycanın qərbindən Naxçıvana keçidi İranın təklif etdiyi eyni hüquqi şərtlərlə təmin etməyə hazır olduğunu bildirib: "Bütün hallarda, deyirik ki, biz eyni hüquqi şərtlər altında eyni keçidi təmin etməyə hazırıq. Qarşılıqlılıq prinsipi əsasında, biz tranzit prosedurlarını sadələşdirmək və avtomatlaşdırılmış mexanizmləri tətbiq etməyə hazırıq".
O əlavə edib ki, Yerevanın təklifinə cavab olaraq, Azərbaycan keçidin "maneəsiz" olmasını tələb edir. Paşinyanın məqaləsində "Bakının Tehrandan niyə belə bir tələbinin olmaması" sualı da yer alır.
Bakıdan reaksiya
Martın 4-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan baş naziri Nikol Paşinyanın məqaləsinə cavab verib.
XİN Ermənistanın 30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxladığını, Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olduğunu qeyd edir. Həmçinin Yerevanın 2020-ci il müharibəsindən sonrakı dörd ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə "müsbət" töhfə vermədiyi vurğulanır.
"Ümumilikdə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin, praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürməsi diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədi daşıyır", - XİN mətbuat katibi Ayxan Hacızadə deyib.
Onun fikrincə, əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır.
Xatırlatma
Yanvarın 7-də Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində deyib: "Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik".
O, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli olan quru yolun – Ermənistanın Sünik bölgəsindən keçməli olan "Zəngəzur dəhlizi"nin açılacağını da vurğulayıb. Baxmayaraq ki, ötən il nəqliyyat xətlərinin sülh sazişi layihəsindən çıxarıldığı açıqlanmışdı.
Rəsmi Yerevan "dəhliz" termininə qarşı çıxır, təkidlə bildirir ki, hər iki ölkə öz ərazilərindən keçən nəqliyyat xətləri üzərində yurisdiksiyanı saxlamalıdır.
Ermənistanla Azərbaycan artıq üç ilə yaxındır ki sülh sazişi üzərində işləyir.