Keçid linkləri

2024, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:28

Paulo Coelho-nun kitabının türkcəsindən 'Kürdüstan' sözü çıxarılıb


Paulo Coelho
Paulo Coelho

Türkiyədə nəşriyyat braziliyalı yazıçı Paulo Coelho-nun «On bir dəqiqə» əsərinin türk dilinə tərcüməsini satışdan yığışdırmağa məcbur olub. Səbəb oxucuların kitabın türk versiyasında edilmiş dəyişikliyi aşkarlamasıdır: kitabdan «Kürdüstan» sözü yığışdırılaraq yerinə «Yaxın Şərq» ifadəsi işlədilib.

Orijinalı portuqal dilində yazılmış kitabın ingilis dilinə tərcüməsində Coelho yazır: «O, internet kafesinə gedərək kürdlərin Kürdüstandan, hazırda Türkiyə və İraq arasında bölünmüş, mövcud olmayan ölkədən gəldiklərini öyrəndi». Kitabın türk versiyasında isə bu cümlənin ikinci hissəsi dəyişdirilərək bu şəklə salınıb: «internetdə yazılmışdı ki, kürdlər Yaxın Şərqdə yaşayır».

Düzəlişi kim edib

Əsərin türk dilinə tərcüməsi bu cümlə ilə birlikdə 2004-cü ildən bəri 38 dəfə nəşr olunub.

«Can» nəşriyyatının sahibi Can Öz Twitter-də bununla bağlı tənqidə cavab verib. O yazıb ki, oxucular qəzəblənməkdə haqlıdırlar. «Biz bunu növbəti nəşrdə düzəldəcəyik», – o deyib.

«Mən orijinal və tərcümə olunmuş versiyalar arasındakı fərqlərə kimin cavabdeh olduğunu bilmirəm. Bizim nəşriyyatımız çox qədimdir. Ancaq naşirin mətni istədiyi kimi dəyişməyə haqqı yoxdur», – deyə o əlavə edib.

Tərcüməçi Saadet Özen bu dəyişikliyin necə baş verdiyindən tamamilə xəbərsiz olduğunu deyib. O deyib ki, bunun özünün qərarı olmadığına əmindir, hətta digər tərcümələrini də nümayiş etdirib. Bu tərcümələrdə Kürdüstanın adı çəkilir.

«Mən həmin vaxtlarda fərqli düşünüb-düşünmədiyimi xatırlamağa çalışdım. Ancaq yox. Mən hələ də elə həmənki adamam. Qərarsızlıq anlarında bizi xilas edən prinsiplərimizdir. Tərcümə daim təfsirlə sıx bağlıdır. Ancaq senzuradan söhbət gedə bilməz. Mən heç vaxt senzuranın tərəfində olmamışam», – o, Twitter-də yazıb.

Öz də Özen-i müdafiə edib. «Şübhəsiz ki, bu müdaxilə redaktə mərhələsində edilib», – o deyib.

Türkiyədə «Kürdüstan» qadağası

Türkiyə hökuməti ilə ölkənin ən böyük etnik azlığı olan kürd əhalisi arasında gərginlik artıq on illərdir ki, davam edir. 1983 – 1991-ci illərdə Türkiyə daxilində PKK kimi tanınan Kürd İşçi Partiyası ilə müharibə aparılıb.

ABŞ Şimali Suriyadakı kürd döyüşçü dəstələrini (YPG) silahlandıraraq dəstəkləsə də, Türkiyə onları terrorçu təşkilat hesab edir. Türkiyə dəfələrlə kürdlərin sıx yaşadığı bu ərazilərə hərbi müdaxilə edəcəyi barədə hədələr səsləndirib.

Britaniyanın «The Guardian» qəzeti yazır ki, 1924-cü ildə Türkiyədə «kürd» və «Kürdüstan» sözlərinin işlədilməsi qanundankənar elan edilib, lakin sonradan bu qadağa götürülüb.

Ancaq son 10 ildə prezident Recep Tayyip Erdoğan-ın Ədalət və İnkişaf Partiyası (AKP) kürd siyasi partiyaları və mediasına qarşı çoxsaylı hücumlar həyata keçirib.

2017-ci ildə AKP parlamentdə «Kürdüstan» sözünün işlədilməsini yasaqlayan qətnamənin qəbuluna nail olub.

Coelho Braziliyanın ən uğurlu yazıçısıdır. Onun dünyada ən çox tanınan əsəri 1988-ci ildə yazdığı alleqorik «Kimyagər» romanıdır. Bu günədək dünyada yazıçının kitablarının 350 milyondan çox nüsxəsi satılıb.

Türkiyə hökuməti bu yaxınlarda xarici onlayn yayım şirkətlərinə də senzura tətbiq edib. Yeni qanuna görə, qaydaları pozan teleradio və onlayn yayım şirkətlərinin lisenziyaları əllərindən alınacaq. Qanunun Netflix, BBC, Amerikanın Səsi, onlayn və mobil kontent yayımlayan əyləncə şirkətlərinin fəaliyyətinə necə təsir edəcəyi tam aydın deyil.

XS
SM
MD
LG