Pentaqon bildirir ki, ABŞ ordusunda cinsi təcavüz hallarının təxmin edilən sayı 2018-ci ildə 38 faiz artıb. Müdafiə naziri əvəzi Patrick Shanahan bu vəziyyəti “qəbuledilməz” adlandırıb.
Müdafiə Nazirliyi mayın 2-də anonim hərbi sorğunun nəticələrinə istinadən bildirib ki, ötən il ərzində 20 min 500 kişi və qadın hərbi xidmətçi bu və ya başqa şəkildə seksual təcavüzə məruz qalıb. Bu rəqəm 2016-cı ildə 14 min 900 idi.
ABŞ hərbiyyəsi belə sorğunu hər iki ildən bir keçirir.
Müdafiə naziri əvəzi Shanahan deyib: “Aydındır ki, cinsi təcavüz və cinsi qısnama davam edən problem olaraq qalır. Açıq danışsaq, bizdən gözlənilən standart və tələblərə uyğun işləyə bilmirik. Bu qəbuledilməzdir".
Hesabatda deyilir ki, 2018-ci il ərzində Müdfaiə Nazirliyi sistemində çalışan və xidmət edən qadınların 6, 2 faizi cinsi təcavüz və ya istəmədikləri cinsi təmasla üzləşib. Bu rəqəm ötən il 4, 3 faiz idi.
Cinsi təcavüzə məruz qalan kişi hərbçilər üzrə bu artım azdır. 2018-ci ildə xoşagəlməz cinsi insidentlə üzləşən kişilərin sayı 0, 6 faizdən 0, 7 faizə qalxıb.
2020-ci il seçkisinə namizədliyini elan etmiş demokrat senator Kirsten Gillibrand hərbidə cinsi cinayətlərin təqibi qaydalarının sərtləşdirilməsi tərəfdarı kimi tanınır.
O deyib ki, son hesabat bu məsələnin Konqresə çıxarılmasını tələb edir.
Kirsten Gillibrand bildirib ki, cinsi təcavüzlərin say artımı ilə yanaşı məhkəmələrə gedən işlərin sayı azalır.