Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:27

Peskov müharibəyə 'müharibə' dedi və sonra izah etdi


Dmitri Peskov
Dmitri Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya “müharibə vəziyyətindədir”.

O bunu da bildirib ki, Rusiya üçün “ən başlıcası” Ukraynanın dörd vilayətində hazırda Kiyevin nəzarətində olan ərazilərin zəbt edilməsidir.

Moskva bundan əvvəl Donetsk, Luhansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan etsə də, bu vilayətlərin heç birində ərazilərə tam sahib deyil.

Rusiyada Vladimir Putin və başqa rəsmilər Moskvanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsini “xüsusi hərbi əməliyyat” adlandırırlar.

Bu münaqişəni “müharibə” adlandıranlar Rusiya ordusunun gözdən salınması maddəsi ilə cərimə olunurlar.

“De jure xüsusi əməliyyat olsa da, de facto müharibədir...”

Amma Peskov “Arqumentı i faktı” qəzetinə müsahibəsində deyib:

"Bəli bu xüsusi hərbi əməliyyat kimi başlanıb, amma kollektiv Qərb Ukraynanın tərəfində iştirakçı olandan və orada üzdəniraq kampaniya başlanandan bəri bu bizim üçün artıq müharibədir. Mən buna əminəm”.

O əlavə edib ki, “öz daxili səfərbərlikləri üçün” bunu Rusiyanın bütün vətəndaşları dərk eləməlidirlər.

Peskov bu bəyanatı öz adından, yoxsa Vladimir Putinin adından verdiyini açıqlamayıb.

Amma o daha sonra izah edib ki, “hüquqi dəyişikliyi” nəzərdə tutub, beləki, “de jure” xüsusi hərbi əməliyyat keçirilsə də “de facto” söhbət müharibədən gedir.

Bu da qeyd olunmalıdır ki, Rusiya qanunvericiliyində “xüsusi hərbi əməliyyat” anlayışı yoxdur.

Peskov da “satqınlardan” danışıb

Peskov sözü gedən dörd vilayətin bütün ərazilərinin zəbt olunması zərurətindən danışarkən Putinə istinad edib.

Onun sözlərinə görə bu ərazilər hazırda “Kiyev rejiminin işğalı altındadır”.

Peskovun sözlərinə görə Rusiya öz sərhədlərində “Krımı ondan qoparmağa can atan dövlətin” varlığına yol verə bilməz.

Ukrayna bildirib ki, o öz suverenliyini Krım da daxil Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərində bərpa edəcək.

Peskov bu müsahibədə onu da deyib ki, Rusiyada xaricə getmiş və “düşmən ölkənin mövqeyini qəbul etmiş” şəxsləri gözləmirlər, amma onlar Rusiya ordusuna qarşı əldə silah döyüşürlərsə, onları “məhv” edəcəklər.

Peskov bu məqamda Putinin sözlərini təkrar edərək bildirib ki, Rusiyada ölüm cəzası olmasa da, “satqınları” öldürəcəklər.

II Dünya Müharibəsindən bəri...

Rusiyanın Ukraynaya əsassız və səbəbsiz genişmiqyaslı müdaxiləsi 2022-cui ilin fevralında başlanıb.

Hazırda uzun cəbhə boyunca ağır döyüşlər gedir. Hər iki tərəfdən çox sayda hərbçi həlak olub və yaralanıb.

II Dünya Müharibəsindən sonra heç bir dövlət başqasına rəsmi müharibə elan etməyib. Bu müharibəni də nə Rusiya, nə də Ukrayna elan ediblər.

Rusiyada hərbi vəziyyət elan edilməsə də, səfərbərlik rejimi qüvvədədir. Məhz bu səbəbdən səfərbərlər ordunu tərk edə bilmirlər.

Putin Rusiyanın verdiyi ağır itkilərə baxmayaraq, bu müharibəni hələ də “xüsusi hərbi əməliyyat” adlandırır, lakin o da zaman-zaman “müharibə” sözünü işlədir.

XS
SM
MD
LG