Pakistan hökuməti ölkədə poliomielit əleyhinə peyvənd kampaniyası keçirir. Hökumət bu xəstəlik üzündən getdikcə artan ölüm hallarından narahat olduğunu bildirir.
Pakistanda aparılan rəsmi araşdırmalara görə bu ölkədə valideynlərin savadsızlığı, peyvəndlər barədə olduqca az məlumatlı olmaları, kasıbçılıq uşaqların poliomielit əleyhinə peyvənd olunmamalarında əsas faktorlardır.
Amma Pakistanda özəl klinikaların birində çalışan Nooran Afridi bu peyvəndə qarşı başqa, daha böyük maneənin dinlə bağlı olduğunu deyir. Onun sözlərinə görə xüsusən də ucqarlarda mühafizəkar islamçı dindarlar bu peyvənd əleyhinə təbliğat aparırlar.
Bəzi din xadimləri hətta fətva verərək poliomielitdən iflic olan və ya ölən uşaqları “şəhid” adlandırıblar, çünki dindarlara görə onlar Qərbin sui-qəsd planının bir hissəsi olmağı, yəni peyvənd olunmağı rədd ediblər.
Taliban döyüşçüləri də həm Pakistanda, həm də Əfqanıstanda təbliğat aparırlar ki, Qərbdə hazırlanan peyvəndlərin tərkibində islama zidd olan donuz piyi, və ya alkoqol var.
Buna da bax: Ebola virusuna qarşı peyvənd tapılıb
Pakistandan olan Tehrik-i Taliban döyüşçüləri həqiqəti əks etdirməyən bu məlumatı hələ 2012-ci ildə Pakistanda poliomielit peyvəndi kompaniyasının 80 işçisini öldürməsinə haqq qazandırmaq üçün yaymışdı.
Pakistanın səhiyyə işçiləri Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq yardım təşkilatları ilə birgə 2012-ci ildən bu yana sözügedən regionda milyonlarla uşağı peyvənd ediblər.
Pakistanda təkcə 2017-ci ildə 38 milyondan çox 5 yaşadək uşaq peyvənd olunub. Rəsmilər bununla da Pakistanda poliomielit xəstəliyinin səviyyəsinin 1990-cı ildən bu yana ən aşağı həddə endiyini deyirlər.
Azərbaycanda da son illər peyvənd xofu getdikcə güclənir. Valideynlər əsasən ölkəyə gətirilən peyvəndlərin keyfiyyətsizliyini əsas gətirərək ondan imtina edirlər. Peyvəndə ümumiyyətlə qəti şəkildə qarşı çıxan, peyvənddən sonra uşaqlarda ağır fəsadların yarandığını iddia edənlər də var.
Buna da bax: Səhiyyə nazirliyi keyfiyyətsiz dərmanlarla necə mübarizə aparır?
Azərbaycanın baş pediatrı Nəsib Quliyevsə deyir ki, ta 7-ci əsrdən bu yana yeganə profilaktika üsulu olan peyvənd uşaqlar üçün həyati vacibdir. Və əgər uşaq peyvənd olunmursa, o həm özü, həm ətrafdakı uşaqları risk altında qoymuş olur. O ki, qaldı keyfiyyətlə bağlı narahatlığa:
“Bu cür deyilənlərin hamısı şayiədir. İstehsalçı zavodun harada yerləşməsindən asılı olmayaraq dünyada peyvənd istehsal edən bütün zavodlara Ümumdünya Səhiyyə Təşkilatının strateji-texniki nəzarət ekspert qrupu tərəfindən nəzarət olunur. Bu cür şayiələrdən də ən çox özəl klinikalar istifadə edirlər. Özəl klinikalarda peyvəndin baha olmalı onun keyfiyyəti ilə bağlı deyil. Onlar az miqdarda - 10, 20, 50 doza peyvənd alır və az uşağa vurulur. Ona görə də 1 doza peyvəndin qiyməti baha başa gəlir. Dövlət müəssisələrində isə 20-50 dozalıq peyvənddən 1 milyon alınır və topdansatış qiymətə başa gəlir”.
Azərbaycanda uşaqlara 11 yoluxucu xəstəliyə qarşı peyvənd dövlət hesabına pulsuz həyata keçirilir.