Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:39

'Pfizer' Azərbaycandan niyə gedir?


"Pfizer"
"Pfizer"

ABŞ-ın koronavirus əleyhinə vaksin istehsalçısı "Pfizer H.C.P.Corporation" şirkəti Azərbaycan bazarını tərk edir. Şirkətin 2009-cu ildə təsis olunmuş Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib. Bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində əks olunub.

Rəsmi məlumata əsasən, 2021-ci ildə ölkəyə təsdiq olunmuş müqavilələrə əsasən, 16 milyon 937 min 790 doza vaksin dərman vasitəsi gətirilib. Bunlar "CoronaVac", "AstraZeneca/Vaxzevria", "Biontech/Pfizer" və "Sputnik V" vaksinləridir.

Azərbaycana nə qədər və neçəyə "Pfizer" vaksini gətirilib? Hələlik, məsələ ilə bağlı "Pfizer H.C.P.Corporation" ilə danışmaq mümkün olmayıb. Amma İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Turan"a bildirilib ki, COVAX təşəbbüsü çərçivəsində verilən vədə əməl olunaraq 2021-ci ildə "Biontech/Pfizer" vaksinlərinin ölkəyə gətirilməsi təmin edilib: "Azərbaycana ötən il noyabrın sonuna qədər ümumilikdə 319 min 410 doza "Pfizer/Biontech" vaksini idxal edilib. Təsdiq olunmuş müqaviləyə əsasən isə, 2021-ci ilin dekabr ayının sonunda ölkəyə əlavə 1 milyon 344 min 330 doza "Pfizer/Biontech" vaksini gətirilib".

Qeyd olunub ki, yeni gətirilmiş "Pfizer/Biontech" vaksininin istifadə müddəti 2022-ci il martın 22-nə qədərdir.

Vaksin vurulur, bəs hökumət təsirini ölçürmü?
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Nazirlər Kabineti qiymətləri açıqlamır

Səhiyyə Nazirliyindən isə "Turan"a deyilib ki, koronavirusa qarşı Azərbaycana gətirilən vaksinlərin qiymətləri barədə məlumata malik deyillər: "Vaksinlərin alışını nazirlik həyata keçirmir deyə, qiymətlər barədə heç nə deyə bilmərik".

Nazirlər Kabinetindən isə Agentliyə bildirilib ki, vaksin istehsalçılarının əksəriyyəti vaksin qiymətlərinin açıqlanmasını istəmir. Lakin ötən il avqustun əvvəlində Avropa Komissiyası COVID-19 əleyhinə vaksinlərin qiymətinin ehtimal olunan artımı barədə rəsmi şəkildə açıqlama verib. Bu tələb vaksinlərin koronavirusun yüksək yoluxuculuq qabiliyyətinə malik "delta" variantına uyğunlaşdırılmasına ehtiyacla əsaslandırılmışdı. Qeyd olunmuşdu ki, "Biontech/Pfizer" vaksininin bir dozasının qiyməti 15.5 avrodan 19.5 avroya qaldırılıb.

COVID-19 peyvəndini Azərbaycan hansı ölkədən alır?
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

"Ola bilsin ki, bununla bağlı şirkət gedir"

"Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyevin fikrincə, həmin şirkətin nümayəndəliyinin Azərbaycandan getməsi yaxın bir zamanda koronavirusa qarşı peyvəndlərin əhəmiyyətini itirəcəyi ilə bağlı ola bilər: "Pandemiya yaxın bir zamanda bitəcəyinə görə peyvəndlər də öz əhəmiyyətini itirəcək. Ola bilsin ki, bununla bağlı şirkət gedir".

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, şirkətinin Bakıdakı ofisi daha çox əməliyyat işləri ilə məşğul idi: "Həmin peyvəndlərin daşınması, saxlanması xüsusi qaydalarla həyata keçirilirdi. Hər bir ölkədə olan şirkətin nümayəndəlikləri həmin o logistika və saxlanma şəraiti ilə bağlı məsələlərlə məşğul olublar. Çünki sabah daşınmada və ya saxlanmada hər hansı problem olsaydı və bu, insanların sağlamlığına zərər vursaydı, həmin şirkətin üzərinə böyük məsuliyyət düşə bilərdi".

N.Cəfərli
N.Cəfərli

"Hökumətin şəffaflıq ilə arası yoxdur"

Azərbaycanda peyvəndlərin qiymətləri ilə bağlı açıqlamanın verilməməsinin səbəbinə gəlincə, N.Cəfərlinin fikrincə, hökumətin şəffaflıq ilə arası yoxdur: "Belə məsələlərdə daha çox qeyri-şəffaf davranmağa üstünlük verilir. Yaxşı olardı ki, Azərbaycan hökuməti indiyə qədər peyvəndlənmə prosesinə nə qədər vəsaitin xərcləndiyini, bunun üçün dövlət büdcəsindən nə qədər vəsaitin ayrıldığını və hansı qiymətlərlə hansı intervalda peyvəndlərin alındığını açıqlasın".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə martın 7-nə kimi ümumilikdə 789 min 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 min 518-nin vəfat etdiyi bildirilib.

Azərbaycanda bu virusla bağlı peyvəndləməyə ötən il yanvarın 18-dən başlanıb.

XS
SM
MD
LG