Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:47

Plastik yeyən enzim hazırlanıb


Plastik butulkalar
Plastik butulkalar

Britaniya və ABŞ alimləri plastiki yeyən enzim (ferment) işləyib hazırladıqlarını deyirlər. Onlar bu enzimin gələcəkdə ətraf mühitin çirklənməsi ilə mübarizədə yardım göstərəcəyinə ümid edirlər.

Enzim 1940-cı ildə patentləşdirilmiş, hazırda milyonlarla ton plastik şüşə istehsalında tətbiq olunan polietilen tereftalatı (PET) həzm etməyə qadirdir.

PET plastiki əsrlərlə ətraf mühitdə qala bilir. O, hazırda bütün dünyada nəhəng torpaq və dəniz ərazilərini çirkləndirir.

Britaniyanın Portsmut Universitetinin və ABŞ Energetika Nazirliyinin Milli Bərpaolunan Enerji Laboratoriyasının mütəxəssisləri bir təbii enzimin strukturunu araşdırarkən sözügedən enzimi kəşf ediblər. Həmin təbii enzimin Yaponiyada bir tullantı emalı mərkəzində meydana çıxdığı ehtimal olunurdu.

Təbii növdən təkmil versiya

Araşdırmanın rəhbərlərindən biri, Portsmut Universitetinin professoru John McGeehan deyir ki, bu enzimin bakteriyanın bir növünün PET plastikini parçalamasına və ya həzm etməsinə kömək etdiyini görən alimlər ona bəzi amin turşuları əlavə edərək strukturunu «dəyişdirmək» qərarına gəliblər.

Nəticədə enzimin fəaliyyətində uğurlu bir dəyişiklik yaranıb – onun plastiki yeyib parçalamaq qabiliyyəti sürətlənib.

«Biz doğrudan da artıq enzimin təbii növündən daha təkmil versiyasını hazırlaya bilmişik. Bu, çox həyəcanvericidir, çünki bu o deməkdir ki, enzimi bundan sonra daha da optimallaşdırmaq potensialı var», – professor McGeehan deyir.

Bakıda zibil qablarının vəziyyəti
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Tədqiqatın nəticəsi bu həftə «Proceedings of the National Academy of Sciences» jurnalında dərc edilib. Tədqiqat komandası hazırda enzimin daha da təkmilləşdirilməsi üzərində çalışır. Alimlər enzimin sənaye miqyasında PET plastikini parçalamağa qadir olub-olmadığını öyrənmək istəyirlər.

«Yaxın illərdə PET və plastikin digər növlərini sənaye səviyyəsində parçalayaraq geriyə, hazırlandıqları maddələrə çevirən prosesin şahidi ola bilərik. Bu zaman plastikin dayanıqlı emalı mümkün olacaq», – professor McGeehan deyir.

Bu araşdırmada birbaşa iştirak etməyən müstəqil alimlər onun maraqlı olduğunu desələr də, ətraf mühitin çirklənməsini önləyə biləcəyinə ümid verən bu enzim üzərində işin hələlik yalnız ilkin, çox erkən mərhələdə olduğunu deyirlər.

Gözləntilər

«Enzimlər toksik deyil, parçalana biləndir və mikroorqanizmlər tərəfindən iri həcmlərdə istehsal oluna bilər», – Avstraliyanın Melburn şəhərində yerləşən RMIT (Melburn Kral Texnologiya İnstitutu) Universitetindən kimyaçı Oliver Jones deyir.

«Enzim texnologiyasından istifadənin bəzi yayğın plastik növlərini parçalamaqla cəmiyyətin böyüməkdə olan tullantı problemini həll etmək baxımından böyük potensialı var», – O.Jones deyir.

Mançester Universitetinin bioanalitika üzrə professoru Douglas Kell deyir ki, bu işin növbəti mərhələlərinin enzimin daha da təkmilləşməsinə yol açması gözlənilir. O əlavə edib ki, ümumilikdə bu tapıntı bizi polimerlərin dayanıqlı emal olunması imkanlarına daha da yaxınlaşdırıb.

ABŞ Milli Bərpaolunan Enerji Laboratoriyasının məlumatına görə, 2050-ci ilədək dünya okeanındakı plastik tullantıların ümumi kütləsi okeandakı bütün balıqların kütləsindən artıq olacaq.

XS
SM
MD
LG