Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:20

Polad Aslanov: 'Kərbəla ziyarətinə gedənlərdən 20 dollar rüşvət alınırdı'


P.Aslanov
P.Aslanov

Dövlətə xəyanətdə suçlanaraq həbs olunan jurnalist Polad Aslanov deyir ki, onu ailəsiylə təhdid edib, müəyyən ifadələrə imza atdırıblar. Bu haqda o, fevralın 17-də öz məhkəməsində danışıb.

P.Aslanovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Jurnalist iddia edib ki, ona qarşı dövlətə xəyanət ittihamı saxtadır, xüsusi xidmət orqanı əməkdaşlarının Məşhəd, Kərbəla ziyarətlərinə gedən zəvvarlardan rüşvət alması haqda yazılarına görə cəzalandırılıb: «Məşhədə gedənlərdən 10, Kərbəla ziyarətinə gedənlərdən 20 dollar rüşvət alınırdı. Soruşanda məlum oldu ki, bu pullar toplanıb MTN əməkdaşlarına verilib».

Onun sözlərinə görə, öncə DTX əməkdaşları onu əməkdaşlığa dəvət ediblər, hətta peyklə yayımlanan telekanal açmaqda da kömək vəd ediblər, razılaşmayıb. Bundan sonra onu səhhətində problemlər olduğu halda, sülh şəraitində hərbi xidmətə yararsızlığı haqda bileti olmasına baxmayaraq, qəfildən hərbi xidmətə aparıblar. Deyir ki, qayıdandan sonra da təzyiqlər davam edib, axırda da həbs ediblər.

O, həyat yoldaşı və azyaşlı qızı ilə təhdid olunduğuna görə ifadəyə imza atdığını söyləsə də, söhbətin hansı məzmunda ifadədən getdiyini açıqlamayıb: «Dedilər ki, özün bil, yoldaşın da, qızın da burdadır, ya biz deyəni eləyirsən, ya da... Başqa yolum olmadı, imzaladım».

P.Əliyev DTX-nın istintaq təcridxanasında saxlanma şəraitindən də gileylənib: «Deyirdilər ki, aclıq edirəm. Əslində, elə deyildi. Mən yemək yeyə bilmirdim. Gördülər ki, vəziyyətim pisdir, evdən yemək gətirməyə imkan verdilər».

Onun dediklərinə rəsmi orqanların münasibəti bəlli deyil.

Xatırlatma

P.Aslanov bu il iyunun 12-də saxlanılıb, 14-də isə Səbail Rayon Mәhkәmәsinin qərarıyla barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs-qətimkan tədbiri seçilib. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

P.Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - CM-in 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir.

O, ittihamların heç birini qəbul etmir.

XS
SM
MD
LG