Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:56

Polanski öz filminin premyerasına qatıla bilmədi


Roman Polanski
Roman Polanski

Avqustun son günlərində Venesiya Film Festivalı narahat bir səhnənin şahidi olub. Seks cinayətində ittiham olunan rejissor Roman Polanski-nin «J'accuse» (Mən ittiham edirəm) adlı yeni filmi güclü alqışla qarşılanıb. Filmin ingiliscə başlığı belədir: «An Officer and a Spy» (Zabit və casus).

40 ildən çoxdur ki, ABŞ-ı tərk etmiş Polanski 2018-ci ildə həm də Kino Akademiyasından uzaqlaşdırılıb. Filmi alqışlanarkən o, zalda olmayıb. Ancaq həmprodüser Luca Barbareschi-nin bunun əxlaq məhkəməsi deyil, festival olduğunu deməsini jurnalistlər alqışlayıblar.

İttihamlar

Vulture saytı maraqlı bir görüntünü qeydə alıb. Aktyor komandasının üzvü Emmanuelle Seigner (o, həm də Polanski-nin üçüncü həyat yoldaşıdır) və ulduz Louis Garrel tədbirdə iştirak etməyən Polanski haqda yalnız xoş sözlər deyirlər. Filmdə rol almış komik aktyor Jean Dujardin-ın bütün aktyorlara «bir gün Polanski ilə işləmək qismət olsun» arzusunu dilə gətirdiyi deyilir. Jurnalistlərin Polanski-nin cinayətkar keçmişini qabartmaq cəhdləri həm prodüserlərin etirazı, həm də daha çox alqışla qarşılanıb.

Polanski 1977-ci ildə 13-yaşlı Samantha Gailey-yə dərman içirərək onu zorlamaqda ittiham olunur. O zaman rejissorun 43 yaşı olub. Sonradan onu həm də psixotrop dərmanı azyaşlıya verməkdə, uşağı yoldan çıxarmaqda və narkotikdən istifadə edərək zorlamada ittiham ediblər. O, azyaşlıya qarşı qanunsuz cinsi əlaqə ittihamını qəbul edib, ancaq sonradan, həbs müddətini çəkməmək üçün 90 günlük psixiatrik dəyərləndirmə zamanı ABŞ-dan qaçıb. Bundan sonra o, heç vaxt ABŞ-a qayıtmayıb və deyilənə görə, «J'Accuse»ün premyerasına da məhz İtaliyanın ABŞ-la yeni ekstradisiya müqaviləsinə görə gələ bilməyib.

O zamandan bəri çox sayda qadın Polanski-ni onlara cinsi təcavüz etməkdə günahlandırıb.

Britaniyalı aktrisa Charlotte Lewis 2010-cu ildə Polanski-nin onu zorla seksə cəlb etməyə çalışdığını deyib. O zaman aktrisanın 16 yaşı olub. 2017-ci ildə alman aktrisa Renate Langer Polanski-nin onu 1972-ci ildə, 15 yaşında olarkən zorladığını iddia edib. O zaman Polanski açıqlama verməkdən imtina etmişdi. Rəssam Marianne Barnard da Polanski-nin onu 10 yaşındaykən yoldan çıxardığını deyib. Polanski-nin vəkili Harland Braun bu ittihamı rədd edib.

2003-cü ildə Polanski-ni «Pianoçu» (The Pianist) filminə görə Oskara layiq görmüş Kino Akademiyası 2018-ci ildə onu öz sıralarından xaric edib.

«Özümü ifadə etdiyim anları görürəm»

Yeni filmin özünə gəlincə isə, «J'Accuse»də XX əsrin əvvəllərində baş vermiş «Dreyfus işi»ndən bəhs edilir. Fransa ordusunun yəhudi zabiti Alfred Dreyfus (filmdə bu rolu Louis Garrel oynayır) hərbi sirləri almanlara ötürməkdə suçlanır, ömürlük həbsə məhkum edilərək məhbəs adasına göndərilir. Sonradan ona bəraət verilir və o, azad edilir.

Polanski bu yaxınlarda fransız yazıçısı Pascal Bruckner-ə verdiyi müsahibədə bu hadisə ilə özünə qarşı ittihamlar arasında açıq paralellər aparıb. Bruckner baş verənləri «müasir neofeminist makkartizm» adlandırıb.

«Bu hekayədə bəzən özümü ifadə etdiyim anları görürəm. Faktları danmaq və məni etmədiyim şeylərdə ittiham etməkdə eyni qərarlılığı görə bilirəm. Məni təhqir edən insanların çoxu məni tanımır və bu iş barədə heç nə bilmir… Etiraf etməliyəm ki, filmdə göstərilən ittiham maşınının çox işləri ilə tanışam və bu mənə …ilham verib», – Polanski müsahibədə deyib.

XS
SM
MD
LG