Ukrayna silahlı qüvvələri ölkə hərbçilərinin bugünlərdə Xerson vilayətinin işğal olunmuş hissəsində Rusiya hərbçilərinin təlim keçdiyi poliqona zərbə endirdiyini təsdiqləyib.
Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Nataliya Humenyuk deyib ki, bu poliqonda Dneprin sol sahilindəki Krınki kəndinə hücuma hazırlaşan Rusiya hərbçiləri təlim keçirdilər.
Ukrayna ordusu Dneprin sol sahilinin məhz bu hissəsində özünə platsdarm yarada bilib.
Humenyukun sözlərinə görə Ukrayna hərbçilərinin zərbəsi nəticəsində ən azı 60 rusiyalı döyüşçü həlak olub.
AzadlıqRadiosu yazır ki, müharibə şəraitində qarşı duran tərəflərin iddialarını müstəqil mənbələrlə yoxlamaq çətindir.
Poliqona zərbə və böyük itkilər barəsində bundan əvvəl Ukraynanın DeepState layihəsi və rusiyalı blogerlər xəbər vermişdilər.
Çox sayda itkinin olduğu deyilir
Bu kanallarda iddia edilən zərbələrin videosu da dərc olunmuşdu. Belə görünürdü ki, poliqona kiçik fasilələrlə HIMARS qurğusundan üç raket zərbəsi endirilib.
DeepState geolokasiya sistemi ilə zərbə yerini müəyyənləşdirdiyini bildirir.
Bu, Podo-Kalinovka kəndi yaxınlığındakı “Alyoşkinskiye Peski” milli qoruğunun ərazisidir.
Bu da xəbər verilir ki, bu, Rusiya qoşunlarının cəmləşməsinə iki sutka ərazində endirilən ikinci belə zərbədir.
“Vajnıye istorii” xəbər verirdi ki, fevralın 20-də Donetsk vilayətinin işğal olunmuş ərazilərindəki poliqona zərbə endirilib. Bu zərbənin nəticəsində azı 68 Rusiya hərbçisinin həlak olduğu xəbər verilirdi.
Rusiya Müdafiə Nazirliyi itkilər barədə heç bir rəsmi açıqlama verməyib.
Rusiya tərəfinin ziddiyyətli xəbərləri
Bundan əvəl müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə guya Ukrayna hərbçilərinin vurularaq Krınkidən çıxarıldığı barədə məruzə etmişdi.
Amma Şoyqu əlavə etmişdi ki, “onlardan bəziləri hələ də zirzəmilərdə oturublar”. Bu məlumat onun kəndin artıq “təmizləndiyinə” dair məlumatı ilə ziddiyyət təşkil edirdi.
Ukrayna hərbiyyəsi Şoyqunun sözlərini təkzib edib və bildirib ki, Krınkidəki platsdarm hələ də qalır.
BBC-nin Rus xidməti fevralın 21-də xəbər vermişdi ki, fevralın 20-də səhər Ukrayna ordusu poliqona iki HIMARS raketi ilə zərbə endirib.
Xəbərdə deyilirdi ki, zərbə anında rusiyalı hərbçilərin üç rotası komandirin gəlişi üçün düzlənmişdi.
BBC onun ixtiyarında poliqonda çəkilmiş foto və videoların olduğunu yazır. Bu fotolarda onlarca cəsədin ətrafa səpələndiyi görünür.
Ukrayna həmin vaxt bu xəbərləri şərh etməsə də bildirmişdi ki, həmin gün Rusiya qoşunlarının cəmləşdiyi doqquz nöqtəyə raket zərbələri endirilib.
Buradakı hərbi qulluqçular Rusiyanın Zabaykalye vialəyətindən səfərbər ediliblər. Vilayət rəhbərliyi xəbərləri təkzib etsə də, “ölü sayının şişirdildiyini” bildirib.
Zabaykalye qubernatorunün müavini əvvəlcə vilayətdə dövlət bayraqlarının matəm üçün endirləcəyini yazmışdı. Lakin o sonradan bu postu silib.