Xətai Rayon Polis İdarəsinin əməkdaşları heç bir əsas olmadan çay evinə basqın etməkdə, obyekti dağıtmaqda suçlanır. Obyektin sahibi Möhkəm Səmədov iddia edir ki, o, idarənin əməliyyat müvəkkili Elvin Həşimlidən pul məsələsi ilə əlaqədar polisə şikayət edəndən dərhal sonra bu hadisə baş verib.
"Elvin Həşimlidən Nərimanov Rayon Polis İdarəsinə şikayət elədim ki, məni aldadıb, pulumu alıb, qaytarmır. Bundan dərhal sonra onun işlədiyi idarənin əməkdaşları mənim obyektimə - çay evinə basqın elədi. Adını da qoydular ki, guya silah var. Müştərilər yemək yediyi yerdə kabinetlərə girdilər, qapıları sındırdılar", – Səmədov bunu Bakı Ağır Cinayətlər Məhkəməsində danışıb.
Milyon yarımlıq dələduzluq
Həşimli hazırda 1.5 milyon dollarlıq dələduzluq ittihamıyla bu məhkəmədə mühakimə olunur. Səmədov da bu işdə zərərçəkmiş qismində tanınıb. Cinayət işinin materiallarında iddia olunur ki, sabiq polis əməkdaşı mobil telefon, avtomobil ehtiyat hissələri biznesi adıyla bir neçə dəfəyə Səmədovdan ümumilikdə 1.5 milyon dollar alıb. Ona aylıq qazanc versə də, sonradan gəlir də dayanıb, pul da qaytarılmayıb.
Həşimli özünü təqsirli bilmir, dələduzluq ittihamını da qəbul etmir. O, ifadələrindən birində deyib ki, Səmədov sələmlə pul verir. Ona da pulu aylıq faizlə vermişdi. Onun sözlərinə görə, alınan vəsait də geri qaytarılıb.
Başqa bir ifadəsində isə bildirib ki, Səmədovdan alınan pulun bir hissəsini Almaniyada yaşayan dostu Hüseyn Məmmədova göndərib.
480 min manat qazanc
Zərərçəkmiş ifadəsində iddia edib ki, keçmiş polis əməkdaşı ondan aldığı pulları mərc oyunlarında uduzub. Məhkəmədə bu məsələyə münasibət bildirən Həşimli etiraf edib ki, özü yox, amma başqa birinə - Zülfüqar adlı şəxsə mərc oyunlarına görə 70 min manat verib.
Səmədov təsdiqləyir ki, Həşimliyə verdiyi 1.5 milyon dolların müqabilində ona 480 min manat qazanc adıyla pul qaytarılıb. Amma o, bu vəsaiti əsas məbləğdən çıxmaq istəmir: "Üç ildir məni işsiz qoyub, işlərim alt-üst olub. "Banditizm" onu əvvəl tutanda atası dedi ki, mülkümü satıb verəcəm. İndiyə qədər nəticə yoxdur".
Təqsirləndirilən şəxs isə zərərçəkmiş Səmədovun bir çox məsələləri yalan danışdığını iddia edir.
Atası nə deyir
Elvin Həşimlinin atası Elçin Həşimov Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisidir. Elçin Həşimov bildirib ki, oğlu ilə biznesdə şərik olmaq təklifi Səmədovun özündən gəlib. Ondan alınan pullar da sonradan öz yaxınlarının yanında qaytarılıb.
Həşimli CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Həşimli haqqında istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib. Zərərçəkmiş isə onun həbsini tələb edir.