Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:39

Polis kapitanı övladının sinif yoldaşını döymə ittihamı ilə məhkəmə qarşısında...


Polis
Polis

Yevlax Rayon Polis Şöbəsinin təhqiqatçısı Vüsal Hüseynov 4-cü sinifdə oxuyan övladının sinif yoldaşını döymə ittihamı ilə cinayət məsuliyyətinə cəlb oluna bilər. Yanvarın 16-da Yevlax Rayon Məhkəməsi polis kapitanının cinayət məsuliyyətinə cəlb olunması üçün onun haqqında materialları prokurorluğa göndərib. Hakim Kamil Əliyev belə nəticəyə gəlib ki, polis zabitinin əməlində cinayət tərkibi var. Ona görə də Vüsal Hüseynov haqqında İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə başlanmış işə baxılması dayandırılıb.

Hüseynovun övladı Yevlax şəhərindəki Sahib Əliyev adına 1 saylı orta məktəbdə təhsil alır. Ondan şikayətçi olan isə övladının sinif yoldaşı, 2013-cü il təvəllüdlü T.K.-nin anası Rəqsanə Əliyeva olub.

Hadisə necə baş verib

Bu qalmaqal 2022-ci ilin sentyabrında başlayıb. Polis zabitinin övladı sinif yoldaşı tərəfindən zorakılığa məruz qaldığını deyir. Bununla əlaqədar da polis şöbəsinə şikayət daxil olub. Qarşı tərəf isə şikayətində azyaşlı oğlunun sinif yoldaşının polis atası tərəfindən döyüldüyünü göstərib.

Şikayət polisə aid olduğundan bu məsələni prokurorluq araşdırıb. Vüsal Hüseynovun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu qənaətinə gəlib. İş materialları baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, yanvarın 16-da keçirilən məhkəmə iclası qısa çəkib. Hakim işdə cinayət əlaməti olduğu qənaətinə gələrək məhkəmə baxışına xitam verib.

Zərərçəkmiş qismində 10-yaşlı T.K.-nin anası Rəqsanə Əliyeva məhkəmədə iştirak edib və şikayətçi olduğunu deyib.

Hüseynov vəzifəsindən azad edilib

Barəsində inzibati xəta haqqında icraat aparılan Hüseynov isə ittihamın əsassız olduğunu vurğulayaraq bəraətverici əsaslarla ona xitam verilməsini istəyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev AzadlıqRadiosuna bildirib ki, daxili işlər nazirinin əmri ilə Hüseynov vəzifəsindən azad edilib.

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızı (Əliyeva) da 2022-ci ilin iyulunda məktəbli qızının sinif yoldaşını döyməyə görə cinayət məsuliyyətinə cəlb olunmuşdu. Bu hadisədən sonra vəzifəsindən kənarlaşdırılan Arifqızı haqqında oktyabrda çıxarılan məhkəmə hökmünə əsasən, o, məktəbliyə qarşı zorakılıq göstərməklə vəzifə səlahiyyətlərini aşmaqda suçlu sayılaraq 4 min manat cərimə cəzasına məhkum edilmişdi.

XS
SM
MD
LG