Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:59

Polislər qətldə, basqında ittiham olunurlar


►“Mətbəxdə qazı açıq qoyduq ki, elə bilsinlər qadın qazdan boğulub ölüb”.

Bunu Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edən dəstənin üzvü Şakir Orucov deyib.

O, basqın məqsədilə girdikləri mənzildə Nəsibə Axundovanın qətli ilə bağlı epizod ətrafında ifadə verərkən hadisəni anbaan hakimlər üçün təsvir edib.

Qəsdən adam öldürməkdə, quldurluqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və qaçaqmalçılıqda ittiham olunan Naxçıvanın keçmiş polis işçiləri Rəhim Səttarovun, Röyal Əhmədovun, Naxçıvan şəhər sakinləri Şakir Orucovun və Rəşad Tağıyevin mühakiməsi hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilir.

Məhkəmə təqsirləndirilən şəxslərə verilmiş ittihamları araşdırır.

İttihama görə, mütəşəkkil dəstəni keçmiş polis işçisi Röyal Əhmədovla yaxın dostu Şakir Orucov yaradıb. Dəstə üzvləri Naxçıvanda imkanlı ailələri müəyyənləşdirərək mənzillərinə basqın ediblər. Məsələn, 3 il əvvəl dəstə üzvləri İstiqlal küçəsi, bina 23, mənzil 9-da yaşayan Nəsibə Axundovanın evinə soxulublar. Qadını boğaraq qətlə yetiriblər. Ancaq varlı evi kimi tanıyıb gəldikləri ünvandan cəmi 60 manat pul və az çəkidə qızıl əşyası tapıblar. Mənzildən çıxanda isə qətlin izini itirmək üçün qazı açıq saxlayıblar.

NAXÇIVANDAN BAKIYA GƏLİBLƏR

Nəsibə Axundova bədbəxt hadisənin qurbanı kimi dəfn olunub. Ancaq sonradan üstü açılıb ki, onu boğaraq qətlə yetiriblər.

İttihama görə, dəstənin növbəti qurbanı Naxçıvan sakini Tahirə Əhmədova olub. Bu qətl cinayətinə digər keçmiş polis əməkdaşı Rəhim Səttarov da cəlb edilib. Qadının varlı olduğunu zənn edən dəstə üzvləri ötən il mayın 5-də mənzilinin qapısını icra hakimiyyətinin işçiləri kimi döyüblər. Ev sahibəsini boğaraq qətlə yetiriblər. Evdən 6 min manat və qızıl əşyaları götürüblər. Elə həmin gün Türkiyəyə keçərək qızılları satıblar. Ailə isə qadının beyinə qan sızması nəticəsində öldüyünü zənn ediblər. Dəfndən bir müddət sonra onun boğularaq öldürüldüyü üzə çıxıb.

İttiham aktında yazılıb ki, iki qətldən sonra dəstə üzvləri Naxçıvanda fəaliyyətlərini davam etdirməyə qorxublar və Bakıya gəliblər. Burada da bir neçə mənzilə basqın planlaşdırıblar. Lakin uğursuz alınıb.

EVİ NİŞAN VERƏNƏ 200 MANAT

Təqsirləndirilən şəxs Şakir Orucov Tahirə Əhmədovanın qətlindən danışıb:

“O qadının evini bizə Röyalın iş yoldaşı Rəhim nişan verdi. Rəhim də polis işçisi idi. Rəhimi tanımıram. O, Röyala demişdi ki, belə bir ailə var, imkanları genişdir. Onu da demişdi ki, Tahirənin əri uşaq geyiminin satışı ilə məşğul olur. Deyirdi ki, qadın evində çoxlu pul saxlayır”.

Şakir Orucovun ifadəsinə görə, qadını öldürüb evi qarət etdikdən sonra Sədərək gömrük-keçid məntəqəsindən Türkiyəyə keçib qızılları satıblar, əldə etdikləri 2900 manatı aralarında bölüşdürüblər. Mənzili nişan verən Rəhim Səttarova da 200 manat veriblər.

Keçmiş polis işçisi Röyal Əhmədov isə ittihamları rədd edib. İbtidai istintaqa verdiyi ifadəsində göstərib ki, dəstənin tərkibində olsa da, qətllərdə iştirak etməyib. Dəstə üzvləri qətllər törədəndə kənarda dayanıb sonunu gözləyib. Yalnız əldə olunan qənimətlərin bölüşdürülməsində iştirak edib:

“Polisdə işləyən vaxtlar müəyyən adamlara borcum olub, bu barədə dostum Şakirə də demişəm. Şakir dedi ki, özünün də ayrı-ayrı adamlara xeyli borcu var. Ancaq mən onunla heç bir qətldə iştirak etməmişəm. Rəhimlə isə keçən ilin may ayında çayxanada rastlaşdıq. Söhbət zamanı dedi ki, çoxlu borcu var. Sonra da danışdı ki, qonşuluqda bir ailə var, ər-arvad alverlə məşğul olur, aylıq gəlirləri də 30 min manata çatır. Sonradan eşitdim ki, evə giriblər, qadını öldürüblər”.

PƏNCƏRƏDƏ DƏMİR BARMAQLIQ OLUB

Röyal Əhmədov Rəşad adlı dəstə üzvünün təklifi ilə Binəqədi rayonu ərazisində iki imkanlı bacının evinə basqın barədə də danışıb. Bildirib ki, Şakirlə Rəşad həmin evə girmək istəsələr də, pəncərələrdə dəmir barmaqlıq olduğundan baş tutmayıb. O isə baş verənləri kənardan müşahidə edib.

Keçmiş polis işçisi Rəhim Səttarov isə dəstə üzvlərini ümumiyyətlə tanımadığını, təkcə Röyal Əhmədovu həmkar kimi tanıdığını bildirib:

“Keçən ilin mayında Röyalı yaşadığım binanın qarşısında gördüm. Məndən qonşuluqdakı bir mənzillə maraqlandı. Dedim ki, ev sahibinin adı Daşqındır, alverlə məşğul olurlar. Bir neçə gündən sonra iş növbəsindən çıxıb evə gələndə yaşadığım binanın qarşısında çoxlu adam toplaşdığını gördüm. Dedilər ki, Tahirə qan təzyiqindən rəhmətə gedib. Sonralar eşitdim ki, Tahirəni boğub öldürüblərmiş”.

Dekabrın 28-də keçiriləcək növbəti məhkəmə iclasla dövlət ittihamçısının təqsirləndirilən şəxslərə cəza istəyəcəyi gözlənilir.

XS
SM
MD
LG