Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:37

Kərim Süleymanlı: '5 saat məni döydülər'


Əməliyyat
Əməliyyat

Kərim Süleymanlıya verilən rəy bəlli olub

Polisdə döyüldüyünü deyən və dünən iyunun 9-da 1 saylı Klinik Tibbi Mərkəzdə (KTM) həkim ekspertizasından keçən Kərim Süleymanlıya verilən rəy bəlli olub.

Bu barədə AzadlıqRadiosuna vəkil Cavad Cavadov məlumat verib.

C.Cavadovun sözlərinə görə, 1 saylı Kliniki Tibbi Mərkəzində müayinədən keçirilmiş Süleymanlının üzərində müxtəlif xəsarətlər aşkarlanıb: "Biz bu gün, iyunun 10-da həkimlərin rəyini almışıq. Həmin rəydə Kərim Süleymanlının bədənin və üzün müxtəlif nahiyələrində xəsarət olması öz təsdiqini tapıb".

C.Cavadov deyib ki, xəsarətlərin olmasını təsdiq edən həkim rəyi şikayətə əlavə olunaraq Baş Prokurorluğa göndəriləcək: "Məsələ ilə bağlı hələ ki, heç bir araşdırma aparılmayıb, Süleymanlıdan izahat alınmayıb, o, ekspertizadan keçirilməyib. Biz şikayətimizdə araşdırmanın aparılmasını istəyəcəyik".

BŞBPİ Kərim Süleymanlını təkzib edir

Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması həqiqətəuyğun deyil.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.

O vurğulayıb ki, K.Süleymanlının iddiaları həqiqəti əks etdirmir: "K.Süleymanlı sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılan zaman polis əməkdaşlarının qanunu tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb. İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik".

Kərim Süleymanlı ekspertizadan keçib

Bakı şəhər Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi, 13 saylı ünvanda yaşayan və polisdə döyüldüyünü açıqlayan Kərim Süleymanlı dünən, iyunun 9-da 1 saylı Klinik Tibbi Mərkəzdə (KTM) həkim ekspertizasından keçib.

Bunu K.Süleymanlının vəkili Cavad Cavadov bildirir.

"Üzərində olan xəsarətlər hamısı təsbit edildi. Bu gün, iyunun 10-da yazılı sənədi götürməliyik. Rentgendən keçdi, yumşaq toxumaların əzilməsi, qançırlar və s. kimi xəsarətlər var. Sənədi gözləyirik ki, götürək və şikayət verək", - vəkil bildirib. Onun deməsinə görə, şikayət Yasamal Rayon Prokurorluğuna veriləcək.

Vəkil Bakı Şəhər Baş Polis İdarəsinin K.Süleymanlının polisdə təzyiqlə üzləşməsi barədə dedikləri ilə bağlı araşdırma aparılacağı haqqında açıqlamasına da münasibət bildirib: "İzahat almaq üçün Kərimin özünü də Bakı polisinə dəvət ediblər. İndi vaxt müəyyən edib, bir yerdə gedəcəyik. Araşdırmanı Bakı Baş Polis İdarəsi özü üçün apara bilər. Bu daxili təhqiqatdır. Amma biz ilk növbədə bunun prokurorluq tərəfindən araşdırılmasını tələb edəcəyik", - C.Cavadlı bildirib.

Polisin ötən gün əməliyyatla saxladığı sakinlərdən biri polisdə 5 saat döyüldüyünü deyir
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

+++

İyunun 8-də polisin Bakının Yasamal rayonunda keçirdiyi əməliyyatda saxlanan və bu gün, iyunun 9-da sərbəst buraxılan Kərim Süleymanlı polisdə fiziki təzyiqə məruz qaldığını bildirib.

K.Süleymanlı deyib ki, iyunun 8-də səhər saatlarında saxlanandan sonra Yasamal Rayon 29-cu Polis Bölməsinə aparılıb: "30 nəfər 5 saat məni döydülər. Bildirdim ki, ağciyərimdən əməliyyat olunmuşam, deyirdim, vurmayın oradan, partlayar, ölərəm, məhəl qoymadılar. Təpik, yumruqla vururdular. Mübariz İbrahimovla (Azərbaycanın mərhum Milli Qəhrəmanı) bir yerdə hərbi xidmətdə olmuş adamam. Bütün bunları onlara demişəm, amma yenə də döyüblər və nalayiq sözlər deyiblər. İnsanı belə döyməzlər. Üzüm-gözüm pis gündədir".

"29-cu Polis Bölməsinin rəisi məndən üzr istəyib"

K.Süleymanlı əlavə edib ki, saxlanılan digər 10 nəfər də fiziki təzyiqə məruz qalıb: "11 nəfər həbs olunmuşuq, hamımız döyülmüşük. Dünən, iyunun 8-də gecə məhkəmə mənə 15 sutka müddətinə həbs verdi. İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə aparılmışam, orada məni qəbul etmədilər ki, qızdırmam yüksək idi, ona görə qaytardılar bölməyə, səhər isə buraxdılar. Buraxılanda 29-cu Polis Bölməsinin rəisi məndən üzr istəyib".

"Cənab prezidentdən, Birinci vitse-prezidentdən və…"

K.Süleymanlı bildirib ki, xəsarətlərin təsdiq edilməsi üçün ekspertizaya müraciət edəcək: "Ekspertizaya gedəcəyəm. Cənab prezidentdən, Birinci vitse-prezidentdən və daxili işlər nazirindən xahiş edirəm ki, bu məsələ araşdırılsın. Belə olmaz. Mən xəstə bir insanam. Mən Azərbaycanda yaşayıram, müstəqil olmaq istəyirəm".

Vəkil Cavad Cavadov da AzadlıqRadiosuna bildirib ki, K.Süleymanlı ekspertizadan keçiriləndən sonra məsələ ilə bağlı Baş Prokurorluğa şikayət göndəriləcək.

Bu deyilənlərə Daxili İşlər Nazirliyi, 29-cu Polis Bölməsinin rəisi və başqa rəsmi qurumlardan, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Amma Daxili İşlər Nazirliyi, bir qayda olaraq, polisdə və təcridxanalarda işgəncə verilməsi ilə bağlı şikayətləri əsaslı saymır.

K.Süleymanlı
K.Süleymanlı

Yasamalda saxlananlardan biri buraxılıb

Bakının Yasamal rayonunda polisin iyunun 8-də keçirdiyi əməliyyatda saxlanan Kərim Süleymanlı azad edilib.

Bu barədə AzadlıqRadiosuna vəkil Cavad Cavadov məlumat verib. C.Cavadovun sözlərinə görə, dünən, iyunun 8-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka müddətinə həbs olunmuş K.Süleymanlı bu gün, günorta saatlarında azadlığa buraxılıb: "Hansı əsasla buraxıldığı mənə hələ ki, məlum deyil. Apellyasiya Məhkəməsi olmayıb".

K.Süleymanlının anası Gülər Süleymanova vəkilin sözlərini təsdiqləyib: "Kərim buraxılsa da, hələ ki, evə gəlib çıxmayıb. Onu möhkəm döyüblər. Başqa bir söz deyə bilmərəm. Vəkili gözləyirik".

G.Süleymanova sosial şəbəkələrdə yayılan videoda polisin "dovşan" dediyi qadındır. Onun əməliyyat zamanı iki oğlu saxlanıb.

Daxili İşlər Nazirliyi iyunun 8-də yaydığı açıqlamada əməliyyatda ümumilikdə 11 nəfərin saxlandığını vurğulamışdı.

Bu deyilənlərə Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan, hələlik, münasibət öyrənmək mümkün olmayıb. Amma DİN, bir qayda olaraq, polis və təcridxanada saxlananlara işgəncə verilməsi ilə bağlı şikayətləri yalanlayır.

Yasamal rayonunda saxlanan digər 10 şəxsin taleyinə isə, hələlik, aydınlıq gətirmək mümkün olmayıb.

Vətəndaşa 'dovşan' deyən polis işdən çıxarılıb

İyunun 8-də Bakının Yasamal rayonunda vətəndaşa "dovşan" dediyi bildirilən polis əməkdaşının artıq orqandan xaric edildiyi açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, iyunun 7-də Yasamal rayonunda polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb: "Araşdırma zamanı əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib. Qadına və onun həyat yoldaşının ünvanına qarşı yersiz ifadə işlədən polis əməkdaşı Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib".

Bu açıqlamaya, hələlik, həmin polis əməkdaşının özündən münasibət almaq mümkün olmayıb.

Qadın polisə getmədiyini deyir

"Mənə zəng gəlib. Ancaq mən Bakı Baş Polis İdarəsinə getməmişəm".

Bunu AzadlıqRadiosuna Bakının Yasamal rayonundakı Dadaş Bünyadzadə küçəsi, 13 saylı çoxmərtəbəli binanın sakini, polislə arasında gərginlik yaşandığı bildirilən Gülər Süleymanova deyib.

O, daha sonra da bunları əlavə edib: "Mənə zəng ediblər ki, gəlin üzrxahlıq olsun. Mən də qayıtdın ki, mən təhqir olunmuşam, bu, elə bir şey deyil ki, hə, üzr istəyin, oldu keçdi. Mən anayam, mənim özümü təhqir ediblər, mənim oğlumu, gəlinimi. Necə bağışlamaq olar? Necə keçmək olar? Həqiqətən məni çağırıblar, amma mən getməmişəm".

Qadından üzr istəndiyi, polisin vəzifədən çıxarıldığı deyilir

"İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərinə məişət əşyaları atanlar saxlanarkən çəkilmiş videogörüntülər araşdırılıb. Bu zaman polis əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib". Bunu Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, bu, bağışlanmaz hal kimi qiymətləndirilib.

"Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və üzr istənilib. Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib", - E.Zahidov bildirib.

Sosial şəbəkələrdə yayılan videoda iyunun 7-də baş verən olaydan bir gün sonra, iyunun 8-də keçirilən əməliyyat zamanı polis işçilərindən birinin binanın qadın sakinlərindən birinə və onun həyat yoldaşına xitabən "dovşan" dediyi müşahidə edilib. Sonradan sosial şəbəkələrdə bu video qızğın müzakirə edilib. Bir çox sosial şəbəkə istifadəçisi yazıb ki, polis həmin ifadə ilə qadını və onun həyat yoldaşını təhqir edib.

DİN sözçüsünün üzr istəməklə bağlı dediklərini, hələlik, həmin qadınla danışıb dəqiqləşdirmək mümkün olmayıb.

DİN: 'Araşdırma aparılır…'

"İstər polis əməkdaşı, istərsə də vətəndaşın yol verdiyi hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək".

Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov sosial şəbəkələrdə polisin və vətəndaşların bəzi davranışı ilə bağlı yer almış videokadrlara münasibət bildirərkən deyib:

"Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd hallara yol verilib".

Bakı polisi iyunun 7-də və 8-də Yasamal rayonunda əməliyyat keçirib. Həmin əməliyyatla bağlı sosial şəbəkələrdə bir xeyli video yayılıb..

Polis Yasamalda əməlliyyat keçirdi
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Yasamalda 11 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) Yasamal rayonunda baş verən insidentlə bağlı açıqlama yayıb.

Açıqlamaya görə, dünən – iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayıb. DİN-in qeyd etməsinə görə, o zaman həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

Rəsmi açıqlamaya görə, buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb.

"Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər. Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir", - məlumatda yazılıb.

Bu məlumata, hələlik, saxlanan şəxslər və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Polis Yasamalda əməliyyat keçirib

Bu gün, iyunun 8-i səhər saatlarında çoxsaylı polis qüvvələri Bakının Yasamal rayonundakı Dadaş Bünyadzadə küçəsi, 13 saylı çoxmərtəbəli binada əməliyyat keçirib. Binanın sakinlərindən saxlananlar var.

Bina sakinlərindən birinin AzadlıqRadiosuna bildirməsinə görə, əməliyyat səhər saat 6 radələrində başlayıb, bir xeyli sakinin saxlanması ilə müşahidə edilib. Həmin şəxsin vurğulamasına görə, saxlananlardan biri yarıçılpaq vəziyyətdə olub.

Adının çəkilməsini istəməyən sakin əlavə edib ki, iyunun 7-si binadan bəzi şəxslər həftəsonu sərt karantin qaydalarını pozaraq küçəyə çıxıblar və bu hal polisin müdaxiləsi ilə nəticələnib. Onun sözlərinə görə, küçəyə çıxmaq yasağını pozan sakinlərin saxlanması zamanı binanın balkonlarından birindən polisə əşyalar atılıb.


"Konkret olaraq nə qədər sakinin saxlandığını bilmirik. Amma binanın girişində çoxsaylı polis qüvvələri və maşınlar cəmlənmişdi. Həmin şəxslərin hara aparılmaları barədə də məlumata malik deyilik", - sakin vurğulayıb.

Həmin şəxsin bildirməsinə görə, sözügedən bina ilə üzbəüz binalardan birinin də bir sakini saxlanıb.

"Turan" informasiya agentliyi olayla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. O qeyd edib ki, DİN yaxın saatlarda bu hadisə ilə bağlı açıqlama yayacaq.

Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimdir. İyunun 6-sı saat 00-dan iyunun 8-i saat 6:00-a qədər (həftəsonu, şənbə və bazar günləri) küçəyə çıxmaq yasağı tətbiq edilmişdi.

B.Hacıyev
B.Hacıyev

"Bu vəziyyətin sakitləşməsinin tək yolu..."

İctimai fəal Bəxtiyar Hacıyev AzadlıqRadiosuna deyib ki, bu hadisədə vətəndaş-dövlət inamsızlığı, tərəflər arasında gərginlik özünü göstərir. Onun fikrincə, bu gərginliyi aradan qaldırmağın yolu polisi vətəndaşların evlərinə göndərib, onları evlərindən zorla çıxarıb aparmaq olmamalıdır: "Yeni Daxili İşlər naziri son zamanlar polisin müsbət imici üçün layihələr icra edirdi, belə hallar isə həmin layihələrdən gözlənilən müsbət nəticəyə əsas vermir".

B.Hacıyev sonra da deyib: "Son günlər bu tip bəzi videolar yayılıb ki, polisin vətəndaşla adekvat davranmamasını göstərir. Nəticə də ona gətirib çıxarır ki, vətəndaş polisə qarşı inamsız olur. Polisə qarşı uyğun olmayan, qeyri-etik davranışa əl atır. Bu vəziyyətin sakitləşməsinin tək yolu polisin sərt gücdən yox, yumşaq gücdən istifadə etməsidir. Polis sərt gücə əl atdıqca, vəziyyət daha da pisləşəcək".

B.Hacıyevin vurğulamasına görə, polis qanun çərçivəsində addımlar atmalıdır: "Vətəndaş polisi söyürsə, bu heç də o demək deyil ki, polis də onu söyməli, təhqir etməlidir: Belə olduqda bu, artıq dövlət anlayışından çıxır, məhəlləarası iki gəncin hesablaşmasına bənzəyir. Bu gün gördüyümüz mənzərə sanki qisas əməliyyatı idi, vətəndaşları qorxutmaq, onları sındırmaq üçün atılmış addım idi. Halbuki, dövlətin bütün addımları yalnız qanun çərçivəsində olmalıdır".

F.Ağamalı
F.Ağamalı

"Artıq qanunun sərt üzü tətbiq edilməlidir"

Deputat Fəzail Ağamalı isə hesab edir ki, polisə qarşı müqavimət cahilliyin göstəricisidir. Onun fikrincə, belə insanlar çox deyil və onlar qaragüruhdur: "Bu məsələnin təhlükəli tərəfi odur ki, bu insanlar epidemiya olmasına inamsızlığı yaymaqla birgə, digərlərini də buna inandıraraq virusa yoluxanların sayının artmasına vasitə olurlar".

F.Ağamalının "Turan" agentliyinə deməsinə görə, digər tərəfdən, belə şəxslər sosial şəbəkələrdə də video yayımları ilə zərərli tendensiya yaradırlar: "Mənə belə gəlir ki. bunlara qarşı ölkə qanunları çərçivəsində addımlar atmaq lazımdır. Heç kimə və heç kəsə güzəşt etmək olmaz. Başa düşməyən, maarifləndirmə xətti ilə Operativ Qərargahın tövsiyə və tapşırıqlarına tabe olmayanlara artıq qanunun sərt üzü tətbiq edilməlidir".

E.Qədirli
E.Qədirli

"Mülkiyyətə və özəl həyata qanunazidd müdaxilə"

Başqa bir deputat, hüquqşünas Erkin Qədirli isə hadisə ilə bağlı bəzi pozuntulara yol verildiyini qeyd edib: "1. Mülkiyyətə və özəl həyata qanunazidd müdaxilə. 2. Gücün qeyri-mütənasib tətbiqi. 3. Saxlanma qaydalarının pozulması. Bununla belə, oradakı bəzi sakinlərin polisə qarşı davranışı da düzgün olmayıb. Bunu da qınamaq gərəkdir. Amma bu, polisin oradakı davranışına haqq qazandıra bilməz".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 406 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Hazırkı dövrədək Azərbaycanda 7 min 553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 88 nəfər vəfat edib.

XS
SM
MD
LG