Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:00

"Polis əməkdaşı ayağını qəsdən təkərin altına uzadaraq şərləyib..."


Foto illüstrasiya
Foto illüstrasiya

Xətai Rayon Məhkəməsi polis əməkdaşının başqa birini şərləyib cinayət məsuliyyətinə cəlb etdirməsi barədə hökm çıxarıb. Məsuliyyətə cəlb olunan şəxs isə bundan az sonra vəfat edib. Amma ölümündən sonra ona bəraət verilib.

Söhbət CM-in 263.1 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, zərərçəkmişin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) başlanmış cinayət işindən gedir. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı olan Aqil Qasımov iddia edib ki, uzun illərdir aralarında mülkiyyətə görə problem olan qonşusu Yusif Hacıyev ötən il sentybarın 19-da maşınla onun ayağının üstündən keçib. Bu üzdən həmin gün 7 saylı poliklinikaya, ertəsi gün də Daxili İşlər Nazirliyinin hospitalına müraciət edib.

Təqsirləndirilən şəxs qismində ifadə verməkdən imtina edib

65-yaşlı Y.Hacıyev isə dindirmədə deyib ki, əksinə, maşınını həyətinə salmaq istəyəndə A.Qasımov onu təhqir edib, sinəsindən vurub, sonra da ayağını qəsdən maşının təkəri altına uzadıb. Amma onun bu hərəkətini görəndə maşını saxlayıb. Y.Hacıyev iddia edib ki, aralarında illərdir ədavət olan qonşusu ona böhtan atmaq üçün özünə xəsarət yetirib.

Aylarla davam edən araşdırmalardan, ekspertizalardan sonra 2020-ci ilin martında Y.Hacıyev barəsində cinayət işi başlanıb, o, təqsirləndirilən şəxs qismində saxlanılıb. Amma o, təqsirləndirilən şəxs qismində ifadə verməkdən imtina edib. İzahatında da göstərib ki, Xətai rayon prokuroru (may ayında vəzifəsindən çıxarılıb-red.) Yusif İldırımzadənin sifarişi və dəstəyi ilə onun barəsində qondarma cinayət işi başlanıb: "Bu saxta ittihama, kamera görüntülərinə düzgün hüquqi qiymət verilmədiyindən, Xətai rayon prokuroru və Xətai rayon Polis İdarəsi polisin müdafiəsində dayandıqlarından bu iş Bakı Şəhər Prokurorluğunun icraatına verilənə qədər ifadə verməkdən imtina edirəm".

Y.Hacıyev bir müddət Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində qaldıqdan sonra martın 12-də başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri ilə buraxılıb. Aprelin 25-də isə vəfat edib. Həmin vaxt barəsindəki cinayət işi artıq məhkəmənin icraatında idi. Onun ölümü ilə əlaqədar cinayət təqibinə xitam verilməsi təklif olunsa da, ailəsi razılaşmayıb. Oğlu Emin Hacıyev atasının təqsirsiz olduğunu vurğulayıb və ona bəraət verilməsi üçün məhkəmə keçirilməsini istəyib.

Məhkəmə müşahidə kamerasının qeydə aldığı görüntülərə baxıb

Bu işə Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseyn baxıb. Məhkəmə araşdırmasında hadisə vaxtı ətrafdakı obyektin müşahidə kamerasının qeydə aldığı görüntülərə baxılıb. Elə həmin görüntülər əsasında məhkəmə belə nəticəyə gəlib ki, polis əməkdaşı bilərəkdən ayağını maşının təkərinin altına uzadıb.

"Bu hadisə təqsirləndirilən şəxsin ehtiyatsızlığından yox, zərərçəkmişin qəsdi nəticəsində baş verib. Yusif Hacıyevin zərərçəkmişin (polis əməkdaşı) qəsdən ayağını təkərin altına qoyacağını əvvəldən bilməsi mümkün deyildi", – məhkəmənin iyunun 20-də çıxarılan hökmündə belə yazılıb.

Y.Hacıyevin vəkili Ceyhun Yusifov AzadlıqRadiosuna bildirib ki, müvəkkilinin günahı olmadığı halda, cinayət məsuliyyətinə cəlb edilməsi onun ölümünə gətirib çıxardı: "Yusif Hacıyevin səhhətində problemlər vardı, bir müddət öncə ürəyindən əməliyyat olunmuşdu. Amma günahı olmadığı halda, cinayət məsuliyyətinə cəlb edilməsi, şübhəli şəxs qismində saxlanması səhhətinə zərbə vurdu və ay yarım sonra vəfat etdi".

XS
SM
MD
LG