Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:52

Polislə azarkeşlər arasında insident yaşanıb


«Qarabağ» azarkeşləri
«Qarabağ» azarkeşləri

«İyulun 31-də Bakıda «Dalğa Arena» stadionunda keçirilən «Qarabağ»- «Dandolk» oyununda polislə azarkeşlər arasında insident yaşanıb.

«Qarabağ» klubuna azarkeşlik edən «İmarət» qrupuna polisin müdaxilə etdiyi vurğulanır.

Bu barədə AzadlıqRadiosuna adının çəkilməsini istəməyən azarkeşlərdən biri danışıb. Onun sözlərinə görə, «Qarabağ»ın Bakıdakı oyunlarında hər dəfə belə müdaxilə ilə üzləşirlər: «Biz Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun (Azərbaycan Xalq Cəbhəsinin Ağdam rayon şöbəsinin sədri, batalyon komandiri olub. 1992-ci ildə həlak olub-red.) pankartı ilə meydana gəlmişdik. Buraxmaq istəmirdilər. Bayraqlarımızın üzərində bir neçə milli qəhrəmanın şəkilləri var, buna görə müdaxilə edirlər».

Həmin şəxs əlavə edib ki, adətən, mahnı oxuyur, şüarlar səsləndirir və azarkeşlik etdiyi klubu qələbəyə səsləyirlər. «Hər dəfə də polislər gələndə əl-qol, dəyənəklə danışırlar. Bu dəfə də belə oldu. Bir neçə nəfər xəsarət aldı, iki-üç nəfər 15-16-yaşlı uşaq saxlandı, bir neçə saatdan sonra buraxıldılar. Özü də sərt rəftarı mülkigeyimli şəxslər edilər. Bilmirsən ki, polisdir, ya kim?», - həmin şəxs sual edib.

Deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

«Mehriban düşmənlər»

«Polislə azarkeş mehriban düşməndir». «Report» agentliyinin xəbərinə görə, bunu isə «Qarabağ» klubun baş məşqçisi Qurban Qurbanov həmin oyunda tribunada polislə azarkeşlər arasında baş vermiş insidentə münasibət bildirərkən deyib.

«Polislə azarkeş mehriban düşməndir. Əksər matçlarda belə olub. Aralarında problem yaranıb. Həmişə fanatlarımızın yanında olmuşuq. Mehriban düşmən yox, dost olmaq lazımdır», - o bildirib.

Xatırlatma

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində iyulun 31-də Azərbaycan çempionu «Qarabağ» İrlandiya çempionu «Dandolk»u böyük hesabla (3:0) məğlub edib.

Ağdam şəhəri 1993-cü ildə işğal edilib. Ona görə «Qarabağ» klubu ev oyunlarını Bakıda keçirir. 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi başlayıb. Tərəflər arasında 1994-cü ildə əldə edilən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon (onlardan biri də Ağdam rayonudur) işğal edilib. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov isə Ağdam şəhərinin işğalından bir il öncə, onun müdafiəsi ilə bağlı döyüşlərdə həlak olub.

XS
SM
MD
LG