Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:40

Polşa-Belarus sərhədinə yüzlərlə miqrant yığılıb


Yaxın Şərqdən olan yüzlərlə miqrant noyabrın 8-də Belarusla Polşanın sərhədinə yığılıb.

Son günlər iki ölkə arasında münasibətlər miqrantlara görə gərginləşib.

Miqrantlar Polşa ərazisinə keçmək istəyirlər. Onların qarşısını Polşa sərhədçiləri və hərbçiləri kəsirlər.

Belarus hökuməti miqrantların böyük əksəriyyətinin ölkədən çıxdığını bildirir. Lakin Polşa hökumətinin məlumatına görə sərhədi heç kim keçməyib.

Polşa hökuməti sərhəddəki vəziyyəti əks etdirən videolar yayıb.

Son məlumatlara görə rəsmi dövlət keçidinin yaxınlığındakı meşə massivində vəziyyət xüsusilə gərgindir. Orada miqrantlar Polşa sərhədçilərinə daş atırlar. Sərhədçilər isə miqranrtlara qarşı gözyaşardıcı qazdan istifadə edirlər.

Sərhədə yığılmış miqrantlar xorla “Almaniya” deyirlər. Miqrantlar bununla da getmək istədikləri ölkəni bildirirlər.

Varşava iddia edir ki, miqrantlara Belarus tərəfinin silahlı adamları rəhbərlik edirlər. Polşa və Litva Belarusla sərhədə əlavə qüvvələr gətirildiyini bildirirlər.

Videolardan birində miqrantları tikanlı məftildə açılmış deşikdən keçdikləri görünür.

Bundan əvvəl sosial şəbəkələrdə yayılmış videolarda böyük bir dəstə miqrantın Polşa sərhədinə doğru getdiyi görünür. Onları silahlı adamlar müşayiət edirlər.

Bəzi videolarda meşənin içərisi ilə irəliləyən miqrantlar görünür.

Belarusun dövlət sərhəd komitəsində miqrantların dəstə ilə sərhədə tərəf getdiklərini təsdiq ediblər.

Rəsmi Minsk deyir ki, miqrantlar Polşa hökumətinin “rəhmsizliyindən və biganəliyindən belə çarəsiz addımlar atırlar”.

Belarusun verdiyi məlumatda deyilir ki, Polşa sərhədçiləri minlərlə miqrantı geriyə qaytarmağa çalışır.

Bu da qeyd olunur ki, Belarus hökuməti şose yolu ilə gedən miqrantların təhlükəsizliyini qoruyur.

Bəzi məlumtlara görə miqrantların əksəriyyəti İraq kürdlərdir.

Belarus-Polşa sərhədində yüzlərlə miqrantın yığışması ilə bağlı vəziyyət son dərəcə gərgindir.

Miqrantlar Avropa İttifaqının ərazisinə getməyə çalışırlar.

Təkcə son bir neçə gündə Polşa sərhədçiləri sərhədin 222 dəfə qanunsuz keçilməsi faktını qeydə alıblar.

Polşa və Avropa İttifaqı Belarusu miqrant böhranını bilərkdən yaratmaqda ittiham edirlər. Onlar bildirirlər ki, avtoritar Alyaksandr Lukaşenka bu yolla Avropadan onun üzərinə qoyulmuş sanksiyalara görə qisas alır.

Bu da bildirilir ki, Belarus xüsusilə də İraqdan miqrant gətirilməsini sistemli şəkildə təşkil edir.

XS
SM
MD
LG