Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:02

Polşa etirazlarında baş nazirin bacısı oğlu da saxlanıb


Polşada Avropa İttifaqı üzvlüyünə dəstək aksiyası
Polşada Avropa İttifaqı üzvlüyünə dəstək aksiyası

LGBT fəalı olan Broda hökumətin ən kəskin tənqidçilərindən biridir. O bildirib ki, yerə yıxılarkən polis onun başına təpik vurub

Polşa paytaxtı Varşavada keçirilən kütləvi antihökumət etirazı zamanı polis dörd nəfəri saxlayıb.

Mitinqçilər hökumətin guya ölkəni Avropa İttifaqından çıxarmaq niyyətinə etiraz bildirirdilər.

Polşanın Avropa İttifaqında üzvlüyünün davam etməsinə dəstək aksiyaları oktyabrın 10-da ölkənin onlarca şəhərində keçirilib.

Paytaxtda nümayişçilərin sayı 100 mindən çox olub.

Varşavada saxlanan 4 nəfərin arasında baş nazir Mateuş Moravetskinin 18 yaşlı bacısı oğlu Franek Broda da var.

LGBT fəalı olan Broda hökumətin ən kəskin tənqidçilərindən biridir. O bildirib ki, yerə yıxılarkən polis onun başına təpik vurub.

Varşava polisi Brodanın müvəqqəti saxlandığını təsdiq etsə də, onun iddiaları barədə şərh verməyib.

Bundan başqa bir neçə etirazçının məşəl yandırdığına və nəqliyyatın hərəkətinə mane olduğuna görə cərimələndiyi bildirilir.

Avropa İttifaqı tənqid edir

Etirazlardan əvvəl, ötən həftə Polşanın Konstitusiya Məhkəməsi Avropa İttifaqı qanunlarının bir sıra məsələlərdə milli qanunlardan üstünlüyü prinsipinə dair müddəanı rədd edib.

Bu məsələni Konstitusiya Məhkəməsi qarşısında qaldırmış Moravetski onun ölkəni Avropa İttifaqından çıxarmaq niyyətində olduğuna dair müxalifətin iddialarını rədd edib.

Avropa rəsmiləri Polşa məhkəməsinin qərarını pisləyiblər və bildiriblər ki, Avropa Komissiyası Polşada Avropa qanunlarının aliliyini saxlamaq üçün imkanında olan bütün vasitələrdən istifadə edəcək.

Hakim Qanun və Ədalət Partiyası tərəfindən təklif edilmiş ədliyyə sistemi islahatlarına görə Polşa və Avropa İttifaqı arasında onsuz da gərginlik yaranmışdı.

Brüssel xəbərdarlıq etmişdi ki, bu islahatlar Polşa demokratiyasına təhlükə yarada bilər.

XS
SM
MD
LG