ABŞ dövlət katibi Mike Pompeo deyib ki, Vaşinqtona iranlılardan bu ölkədə baş vermiş etiraz aksiyaları zamanı “insan haqları pozuntularını əks etdirən” 20 minədək mesaj, video, foto və məktub gəlib.
Noyabrın 26-da keçirilən brifinqdə Pompeo müxbirlərə deyib ki, Birləşmiş Ştatlar İran rəsmilərinin etiraz aksiyaları ilə bağlı hərəkətlərinə görə cəzalandırılmasını davam etdirəcək.
Amnesty International bildirmişdi ki, İranda ötən həftə baş vermiş etiraz aksiyalarında 143 nəfər həlak olub.
İran hazırda etiraz aksiyalarına və aksiyaçılara qarşı qəddar rəftarına görə beynəlxalq tənqidlərlə üzləşib.
İran hakimiyyət orqanları tarixən etirazlar vaxtı baş vermiş tələfat və həbs rəqəmlərinin sayını məqsədli şəkildə azaltmağa çalışıb.
Tehran Amnesty International təşkilatının da ölü sayı barədə iddiasını rədd edib.
İranda etiraz günlərində internetə giriş demək olar tamamilə bloklanmışdı.
Pompeo deyib ki, o və prezident Donald Trump “dünyada terrorun ən böyük sponsoru” olan ölkədə etirazları diqqətlə izləyib.
Pompeo deyib ki, rejimin yarıtmaz iqtisadi siyasəti iranlıları bir daha küçələrə çıxmağa vadar edib.
Dövlət katibi bildirib ki, Tehran xalqın ehtiyaclarına cavab vermək əvəzinə etiraz aksiyalarına qarşı zorakılığa əl atıb və bu etirazların qızışdırılmasına görə xarici ölkələri günahlandırıb.
O deyib ki, İran interneti məhz bu etirazlar haqqında həqiqətin gizlədilməsi üçün bağlamışdı.
Pompeo iranlıları sözü gedən insan haqları pozuntuları barədə mesajlarının Vaşinqtona göndərilməsinə çağırmışdı.
Birləşmiş Ştatlar noyabrın 22-də internetin kəsilməsinə görə İranın kommunikasiyalar naziri Mohammad Javad Azari Jahromini sanksiya silahısına salıb.
Müstəqil internet monitorinq qrupu NetBlocks noyabrın 26-da bildirib ki, İranda internetə bağlantı 90 faiz bərpa olunub.