Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:22

'POS-terminalların xidmət haqqı çox yüksəkdir'


Online ticarətə maraq artır, bəs şərait varmı?
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Online ticarətə maraq artır, bəs şərait varmı?

Azərbaycanda Vergi Məcəlləsinə edilən son dəyişikliklərə əsasən "ƏDV geri al" sistemində də dəyişiklik baş verib. Nağd ödəniş zamanı alıcıya əvvəl ƏDV-nin 10 faizi qayıdırdısa, yanvarın 1-dən 5 faiz qayıdır. Nağdsız alış-veriş zamanı isə ƏDV-nin 15 faizi yox, 17.5 faizi qaytarılacaq.

Rəsmi qurumların bildirdiyinə görə, bununla nağdsız ödənişlərin və şəffaflığın artırılmasını təmin etmək niyyətindədirlər. Amma ölkədə bəzi topdansatış mərkəzlərində və bir sıra balaca mağazalarda hələ də nağdsız alış-veriş üçün POS-terminallar yoxdur.

Nağdsız əməliyyatların həcmi artıb

Mərkəzi Bankdan (AMB) "Turan"a bildirilib ki, 2022-ci ilin noyabrında ölkədaxili nağdsız əməliyyatların həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1.9 dəfə artıb: "2022-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 524 milyon manat təşkil edib. Nağdsız ödənişlərin 1 milyard 908 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 613 milyon manatı POS-terminallar, 2.4 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib".

AMB-nin məlumatına görə, noyabrda ödəniş kartlarından nağdsız hesablaşmaların həcmi ölkədaxili ümumi kart əməliyyatlarının 47.4 faizini təşkil edib: "Keçən ilin noyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3.2 faiz, POS-terminalların isə 27 faiz artıb".

N.Bəydəmirli
N.Bəydəmirli

"Məsuliyyət hökumətin üzərinə düşür"

Mövzu ilə bağlı POS-terminalların quraşdırılmadığı satış məntəqələrinin sahibləri ilə danışmaq cəhdləri nəticə verməyib. Amma iqtisadçı, işadamı Nazim Bəydəmirli də AzadlıqRadiosuna deyib ki, hökumət nağdsız ödənişlərin artmasında maraqlıdır: "Bunun üçün Nazirlər Kabinetinin müvafiq qərarı var ki, mərhələ-mərhələ hansı ticarət obyektləri POS-terminallara keçməlidir. Məsələn, səyyar obyektlər keçən ilin sentyabrına qədər artıq nağdsız ödəniş sisteminə keçməli idi. Ancaq obyektlər bunda maraqlı deyil".

Ekspertin sözlərinə görə, POS-terminalların xidmət haqqı çox yüksəkdir: "Banklar hər nağdsız ödənişdən təqribən 2 faizi POS-terminallara görə alır və beləliklə sahibkarlar 2 faiz ziyana düşür, ona görə də nağd satışa can atır. Bununla bağlı məsuliyyət hökumətin üzərinə düşür, amma hökumətin bəzi kommersiya banklarına gücü çatmır".

N.Bəydəmirli başqa bir məqama da diqqət çəkir: "POS-terminallara görə banklarda üç aylıq depozit tələb edirlər - siz öhdəlik götürməlisiz ki, ayda filan qədər xidmət göstərəcəksiz. Amma bazar iqtisadiyyatında əvvəlcədən bunu bilmək olmur və ona görə bu riskli məsələyə çevrilir. Belə çıxır ki, dövlət bankları qoruyur, amma vətəndaşı və sahibkarı heç kim müdafiə etmir".

"Onlar məmur oliqarxlara məxsus şirkətlərdir"

İşadamı deyir ki, şirkətlər lazımi məhsulları çox vaxtı nağdsız şəkildə ala bilmirlər: "Topdansatış məntəqələrinin bir çoxu nağdsız ödənişlər sisteminə tam keçməyib. Onlar məmur-oliqarxlara məxsus şirkətlərdir. Vətəndaş mənzili təmir etdirən zaman aldığı tikinti materiallarına görə əksər vaxtlarda bazarlarda heç bir faktura, qəbz vermirlər və nağd satırlar. Belə materialların qiyməti kifayət qədər aşağıdır, nəinki mağazalardan nağdsız alan zaman. Vətəndaş ona görə malları bazardan alır".

XS
SM
MD
LG