Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:36

Prataseviçin təzyiq altında ‘etirafedici’ ifadə verdiyi bildirilir


Raman Prataseviçin videosundan görüntü
Raman Prataseviçin videosundan görüntü

Bir saat yarımlıq müsahibənin sonunda Prataseviç ağlamağa başlayıb və əlləri ilə üzünü örtüb

Belarusun mühacirətdə yaşayan müxalifət lideri Svetlana Tixanovskaya iyunun 4-də beynəlxalq ictimaiyyəti Prataseviçin bəyanatlarına əhəmiyyət verməməyə çağırıb. “Belə videoların hamısı təzyiq altında hazırlanır”, – o deyib.

“Zorakılıqla şəxsə istədiyini dedizdirə bilərsən”, – Tixanovskaya Varşavada mətbuat konfransında söyləyib.

***

Mayın 23-də Ryanair kommersiya təyyarəsi Minskə zorla endiriləndən sonra saxlanmış jurnalist Raman Prataseviçin yeni “etiraf” videosu müxalifətin kəskin etirazına səbəb olub. Jurnalistin valideynləri onun təzyiq altında ifadə verdiyini deyirlər.

İyunun 3-də axşam ONT dövlət televiziyasında göz yaşları içində danışan Prataseviç ölkəni idarə edən Alyaksandr Lukaşenkanı tərifləyib, həbsindən “dərhal sonra kütləvi iğtişaş təşkil etdiyini boynuna aldığını” deyib.

“Anladım ki...”

Prataseviç Nexta-Live Telegram kanalının keçmiş administratorudur. Bu kanal ötən il Lukaşenkanın rəsmən altıncı müddətə prezident elan olunmasına kütləvi etirazları işıqlandırırdı.

Söhbətin harada və nə vaxt yazıldığı aydın deyil, “müsahibə” qaranlıq otaqda yazılmış sovet üslublu propaqanda çəkilişini xatırladıb.

“Anladım ki, ictimaiyyətə etdiyim çağırışlar küçələrdə nəzarətsiz iğtişaşları gücləndirib. Minsk, faktiki, üç gün ərzində xaos içində oldu”, – deyən Prataseviç Lukaşenkaya “hörmət etdiyini” deyib.

Bir saat yarımlıq müsahibənin sonunda Prataseviç ağlamağa başlayıb və üzünü əlləri ilə örtüb.

Valideynlərinin mövqeyi

Video “pis rəftar, işgəncə və təhdidlərin” nəticəsi olub, Prataseviçin atası Dmitri deyib.

“Raman Prataseviçin ‘etirafları’nı görmək ağrıdıcıdır. Valideynləri ona işgəncə verildiyinə inanırlar. Bu, tanıdığım Raman deyil”, – mühacirətdə yaşayan müxalifət lideri Svetlana Tixanovskayanın aparıcı müşaviri Franak Vyaçorka tvitində yazıb.

Tixanovskaya mayın 31-də deyib ki, Prataseviçin həbsxanada döyüldüyünə və işgəncə gördüyünə inanır.

Bu videodan bir neçə saat öncə Prataseviçin valideynləri DmitriNatalya “Current Time” televiziyasına deyiblər ki, son günlər dövlət televiziyalarında oğullarının “etiraflarını” göstərən videolar hakimiyyətin onu və sevgilisi Sofiya Sapeqanı “girov götürməsini əsaslandırmaq cəhdləridir”.

Valideynlərin fikrincə, oğullarının üzündə qançır, boynunda boğulma əlamətləri olub və bu da həbs olunmuş jurnalistin təzyiq altında “etiraf etdiyini” göstərir.

Xatırlatma

Belarusda müxalifət fəalları və insan haqları müdafiəçiləri inanırlar ki, Prataseviçin “etirafları” təzyiq altında alınıb, sevgilisi Sapeqa da ona əlavə təzyiq məqsədilə saxlanıb.

26 yaşlı Prataseviç avqust seçkisindən sonra iğtişaşların təşkilində ittiham olunur və bu ittihama görə 15 ilədək həbs cəzası kəsilə bilər.

Ötənilki etirazlarda 30 mindən çox insanın həbs olunduğu bildirilir. Onların içində jurnalistlər də olub. Etirazçılar Lukaşenkanın seçkinin qalibi elan olunmasına qarşı çıxırdılar.

Mayın 23-də Afinadan Vilnüsə uçan Ryanair təyyarəsi zorla Minskə endirilib, təyyarədə olan Prataseviç və Sapeqa saxlanıblar.

Bu addım beynəlxalq qəzəbə səbəb olub, Prataseviçin azad olunması tələb edilib. Avropa Birliyi insidentə görə Belarusdan uçuşları qadağan edib.

XS
SM
MD
LG