Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:55

Prezident: 'Biz yumşalmaya nə vaxtdan başlaya bilərik...'


Videomüşavirə
Videomüşavirə

"...Biz yanvar, fevral aylarını çox yaxşı göstəricilərlə başa vurmuşuq". Bunu, aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyev özünün sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videomüşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, ümumi daxili məhsul (ÜDM) 3 faizə yaxın artıb: "Qeyri–neft sektorunda 7 faizə yaxın artım olmuşdur. Ancaq əgər üç ayı götürsək, ümumi daxili məhsul 1.1 faiz artıb. Qeyri–neft sektorunda isə 3 faizdən bir qədər çox artıb. Yenə də artım var. Ancaq, əlbəttə, əgər koronavirus araya girməsəydi, bu artım daha da böyük olacaqdı".

Prezident İ.Əliyev vurğulayıb ki, qeyri–neft sənaye sektorunda artım 23 faizdir: "Bu da onu göstərir ki, son müddət ərzində bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz gözəl nəticəsini verməkdədir. İnflyasiya 3 faiz səviyyəsindədir, ilin iki ayında 2.8 faiz idi, bir qədər artıb. Əhalinin gəlirləri isə 7 faizə yaxındır".

Prezident çıxışında habelə milli valyutanın mövqeyinə də toxunub və 5 il əvvəl Azərbaycanda baş verən devalvasiyaları xatırladıb: "Əfsuslar olsun ki, əgər hər hansı bir ölkədə, - xüsusilə qonşu ölkələr nəzərdə tutulur, - o ölkənin milli valyutasında hansısa dəyişiklik baş verirsə, Azərbaycanda buna dərhal belə sürətli reaksiya verilir. Halbuki buna heç bir ehtiyac yoxdur. Biz bunu bir neçə il bundan əvvəl görmüşük və məhz buna görə iki devalvasiyaya getməli olduq. Çünki bizim Mərkəzi Bankın valyuta ehtiyatları demək olar ki, əriyirdi, süni ajiotaj yaradılmışdı və dollarizasiya pik həddə çatmışdı. İndiki şəraitdə də həmçinin".

Prezident vurğulayıb ki, indi koronavirus pandemiyası geniş vüsət alan kimi, bəzi ölkələrin milli valyutaları tənəzzülə uğrayıb, ancaq hazırda Azərbaycanda bunun heç bir əsası yoxdur:

"Şayiələrə uymasınlar, inanmasınlar"

"Bizim kifayət qədər resurslarımız var və dövlət orqanlarının nümayəndələri bu məsələ ilə bağlı açıqlamalar vermişdilər. Ancaq bəzi adamlar şayiə yaydılar, bəzi adamlar panikaya qapıldılar. Biz valyuta bazarında dərhal fəallıq gördük və dollara tələbat artdı. İlkin mərhələdə böyük həcmdə dolların satışı da nəzərdə tutuldu. Amma sonra gördülər ki, makroiqtisadi vəziyyət sabitdir, manatın vəziyyəti sabitdir və indi bu ajiotaj yoxdur. Ona görə Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş edirəm, şayiələrə uymasınlar, inanmasınlar. Bizi istəməyən qüvvələr, daxili və xarici anti-Azərbaycan qüvvələr şayiə yaymaqla məşğuldurlar, insanları çaşdırmaq, insanlarda panika yaratmaq istəyirlər. Bunun üçün heç bir əsas yoxdur...".

"Son iki günün dinamikası müəyyən nikbinliyə yol açır"

Prezident koronavirus mövzusuna da toxunub: "Son iki günün dinamikası, yəni, xəstələrin və sağalanların sayı arasındakı dinamika müəyyən nikbinliyə yol açır. Amma mən hələ ki vaxtı qabaqlamaq istəmirəm, hələ ki təhlil aparılır. Bildiyiniz kimi, karantin rejimi ayın 20-nə qədər qüvvədədir. Növbəti həftə ərzində həm Operativ qərargah, həm bütün digər aidiyyəti qurumlar öz təkliflərini verməlidirlər ki, ayın 20-dən sonra biz hansı addımları atmalıyıq, karantin rejimi qüvvədə qalacaq ya yox, qalacaqsa, hansı formada qalacaq. Biz yumşalmaya nə vaxtdan başlaya bilərik, biz bütün bunları gərək dəqiq bilək. Bir daha demək istəyirəm ki, əsas məsələ xalqımızı bu xəstəlikdən qorumaqdır".

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 125 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 351 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib. Artıq bir neçə aydır dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

XS
SM
MD
LG