Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:35

'Prezident fərmanını tərifləsələr də, isti yanaşmırlar'


Hakim hökm oxuyur. Foto arxiv
Hakim hökm oxuyur. Foto arxiv

Dövlət başçısı İlham Əliyev 2019-cu il aprelin 3-də «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» Fərman imzalayıb. Sənədin imzalanmasından 7 aydan çox vaxt keçir. Bu sahədə nə dəyişib?

Hüquqşünas Əkrəm Həsənov AzadlıqRadiosuna deyib ki, fərmanda nəzərdə tutulan islahatlar ləng gedir. Onun fikrincə, sənədin həyata keçirilməsində maraqlı olmayan bəzi məmurların maneələri mövcuddur. Ə.Həsənova görə, bu müddət ərzində yeganə görülən iş hakimlərin və məhkəmə işçilərinin maaşlarının bir qədər artırılmasıdır ki, o da yetərli deyil.

Maaşlar daha da artırılmalı, məsuliyyət gücləndirilməlidir

Hüquqşünas deyib ki, hakimlərin maaşları daha da artırılmalı, korrupsiya və rüşvətə görə hakimlərin məsuliyyəti gücləndirilməlidir.

Ə.Həsənov vurğulayıb ki, fərmana əsasən, məhkəmə qərarlarının hamısı dərc olunmalı idi, amma yenə də hamısı dərc edilmir. O habelə qeyd edib ki, məhkəmə proseslərində audioyazılar aparılmalı idi, lakin qanuna dəyişiklik edilməyib: «Yəni, qanuna dəyişiklik belə çətin məsələdir?», - hüquqşünas sual edir.

Ə.Həsənov
Ə.Həsənov

«Bu, prosesdə prokurorluğun hökmranlığının bitməsi deməkdir»

Ə.Həsənov əlavə edib: «Çünki audioyazı aparılsa, bu, prosesdə prokurorluğun hökmranlığının bitməsi deməkdir».

Hüquqşünas daha sonra kadrlar məsələsinə toxunub: «...İndiki kadrlarla məhkəmə-hüquq sistemində islahat aparmaq mümkün deyil. Məhkəmə sistemində bu vəziyyəti indiki kadrlar yaradıblar. Odur ki, bu kadrları dəyişmək lazımdır. Ən azı Ali Məhkəmə, apellyasiya məhkəmələrinin rəhbərləri və bəzi məhkəmə hakimləri dəyişməlidir. Bunu görmürük. Son vaxtlar kadr islahatları demək olar ki, bütün sahələri əhatə etsə də, məhkəmə-hüquq sisteminə toxunmayıb».

Ə.Həsənov daha sonra da deyib: «Prezident fərmanını tərifləsələr də, sənədin tələblərinə isti yanaşmırlar. Çıxış yolu ancaq kadrların dəyişməsindən keçir, çünki bu kadrlarla islahat mümkün deyil».

12 layihənin müzakirəsi

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə «Turan» agentliyinə deyib ki, ötən müddət ərzində bu sahədə islahatların səmərəli və ardıcıl aparılması üçün qanunvericilik bazası gücləndirilir, məhkəmə-hüquq sisteminə birbaşa aid olan qanunlara dəyişiklik edilir: «Dünən (noyabrın 20-si) parlamentdə 12 belə qanun layihəsinin birinci oxunuşda müzakirəsini keçirdik. Məhz bunlar məhkəmə-hüquq islahatlarına qulluq edən paket xarakterli sənədlər idi. Bu sənədlər məhkəmə-hüquq sisteminin təkmilləşməsində öz ciddi rolunu göstərəcək».

F.Ağamalı
F.Ağamalı

Qanunvericilikdə hansı dəyişiklik gözlənir

Deputat deyib ki, bu sənədlərdə ixtisaslaşmış məhkəmələrin, müstəqil məhkəmə ekspertizalarının yaradılması və başqa məsələlər əksini tapır: «Təbii ki, bu islahatlardan nəticə olaraq məhkəmə sistemində ədalət, qanunun aliliyinin təmin edilməsi, məhkəmələrin müstəqilliyinin reallaşması, proseslərdə haqsızlıqlara yol verilməməsi gözlənilir. Cəmiyyətdə ədalətsizliklər olduqda onu aradan qaldırmağın yolu məhkəmələrdən keçir. Əgər məhkəmələr haqq-ədalətə söykənərək fəaliyyət göstərsə, hər hansı dövlət qurumunun sifarişini yerinə yetirməsə, ona təəssübkeşlik etməsə, artıq o zaman qəbul etdikləri qərarlarla narazılıqlar aradan qaldırılar. İnam hissi artar...».

F.Ağamalı deyib ki, ədalətli məhkəmə sistemi həm yerli sahibkarlığın inkişafına, həm də xarici investisiyanın ölkəyə yönəldilməsinə stimul verər. Onun fikrincə, əgər Azərbaycanda məhkəmələr daha ədalətli olsa, Azərbaycana sərmayə qoyulması da artar:

«Arzu edərdik ki...»

«Arzu edərdik ki, artıq müasir dövrün çağırışlarına, ölkə prezidentinin bu istiqamətdə siyasi iradəsinə uyğun haqqa, ədalətə söykənən bir məhkəmə sistemi formalaşsın...».

Deputat deyib ki, bu prosesin qarşısıalınmaz olmasına əmindir. Onun fikrincə, heç bir qüvvə ölkə prezidentinin ortaya qoyduğu iradəyə qarşı çıxa bilməz. F.Ağamalı hesab edir ki, islahatlar cəmiyyətin sosial sifarişidir.

Sizdən olsaydı məhkəmələrdə nəyi dəyişərdiz?
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Xatırlatma

Prezident İlham Əliyev bu il aprelin 3-də «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» Fərman imzalayıb.

Sərəncama görə, bütün məhkəmələrinin sədrlərinə, hakimlərinə tövsiyə edilib ki, nüfuzun artırılması və etimadın möhkəmlənməsindən ötrü fəaliyyətlərində ədalətli olsunlar.

Bundan başqa, sənəddə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması məsələsinə toxunulur.

Eyni zamanda, daha bir sıra məsələlərlə də bağlı normativ hüquqi aktların layihələri hazırlanmalıdır. Onlardan biri də ixtisaslaşmış məhkəmələrin yaradılması idi.

Habelə sənəddə hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması da vacib sayılırdı.

Eyni zamanda, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılmasına da diqqət yetirilməsi zəruri sayılırdı...

XS
SM
MD
LG