Azərbaycanda iki iri müxalifət təşkilatı, Müsavat partiyası və Milli Şura qarşıdakı prezident seçkisində iştirak etməyəcəyini bəyan edib.
Onların hər ikisi, ölkədə azad medianın mövcud olmamasını, seçki mühitinin olmamasını, seçkinin formal olduğunu, nəticələrin saxtalaşdırılacağını, bəri başdan bəlli olduğunu deyirlər.
Hakimiyyət rəsmiləri bir qayda olaraq, belə ittihamlarla razılaşmırlar və deyirlər ki, müxalifəti xalq dəstəkləmir, onlar seçkidə onsuz da uduzacaqdılar.
Məsələn, siyasi şərhçi Qorxmaz Əsgərov fevralın 10-da, öz "Facebook" hesabında bu qurumların seçkidən imtinasını barədə yazır:
Buna da bax: Çingiz Abdullayev: 'Tarixdə o qalacaq ki, hansısa vicdansız öz ziyalılarını təhqir edib, söyüb'
“Azərbaycanda prezident seçkilərini açıq-aydın bir formallığa döndərirlər. Bu məsələ bitəndə Azərbaycan tipik Yaxın Şərq diktaturası olacaq və məsələn, Səudiyyə Ərəbistanındakı kimi siyasi müxalifətə heç bir ehtiyac qalmayacaq, yəni bir dekorasiya kimi də. Əliyev rejiminin bütün siyasi müxalifəti görməzdən gəlməsi, onlarsız seçki keçirməsi bu anlama gəlir”.
Qorxmaz Əsgərov yazır ki, Əliyevlərin Qərbdəki əsas tərəfdaşlarının – Böyük Britaniyanın, ABŞ-ın və Əliyev rejimi üçün ABŞ-da lobbilik edən İsrailin Azərbaycanın ərəb diktaturasına çevrilməsi ilə heç bir problemi yoxdur, buna görə seçkiləri boykot etməklə bu dövlətlərə Əliyev seçkilərinin saxta seçki olduğunu “bir daha sübut etmək” praktik fikir deyil.
Buna da bax: 'Seçkiyə yolasalma' [karikatura]
Müsavat Partiyası erkən prezident seçkisi qərarına qədər bu seçkidə iştirak edəcəyini, özünün keçmiş başqanı İsa Qəmbəri müdafiə edəcəyini bildirmişdi. İndi İsa Qəmbər deyir ki, seçkidən imtina etməyin hansısa müsbət nəticəsini gözləmir, amma seçkidə iştirakın da faydasız olacağını düşünür:
“Nəinki cəmiyyət, nəinki demokratik düşərgə, nəinki müxalifət, hakimiyyət özü də seçkilərə hazır deyil. MSK-nın həyata keçirməli olduğu məsələlər var ki onların heç biri həll olunmayıb. Bu baxımdan, cəmiyyətin seçki şansının itirilməsini demokratik qüvvələrə yükləmək lazım deyil. Bu, Əliyev hakimiyyətinin xalq qarşısında cinayətidir və bu cinayətə görə rejim nə vaxtsa xalq qarşısında cavab verəcək”.
Buna da bax: Müsavat da seçkilərə qatılmır
Seçki Məcəlləsinə görə, boykotun hüququ nəticəsi yoxdur, yəni, məsələn, müxalifət bütün tərəfdarlarını səsverməyə getməməyə çağırsa belə, seçki baş tutmuş sayılır. Çünki məcəlləyə görə, prezident seçkisinin legitim sayılması üçün yetərsay lazım deyil.
2013-cü ilin prezident seçkisi vaxtı prezident İlham Əliyevin opponenti olmuş Milli Şuranın sədri Cəmil Həsənli pulsuz seçki debatlarında tənqidi çıxışları ilə yadda qalmışdı.
Bir neçə müxalifət təşkilatı və fəalın birləşdiyi Milli Şuranın rəhbəri Cəmil Həsənli bu dəfə heç debata imkan veriləcəyinə inanmır:
Buna da bax: 'Hamı mebel seçkisinə: Bizim namizəd - 'Kseniya' yastığıdır'
"Mən əmin deyiləm ki, 2018-ci il prezident seçkilərin televiziya debatlarına imkan verəcəklər, amma ola bilsin ki, müxalifət partiyaları iştirak etməyəcəyi üçün bəlkə də imkan verərlər. Zatən Əliyev özü xalqdan uzaqdır, xalqın qarşısına çıxmağı özünə sığışdırmır".
Azərbaycan kimi Belorusda da müxalifət illərdir seçkiləri boykot edir. Bu ölkənin Siyasi Təhlil və Proqnozlar Mərkəzinin direktoru Pavel Usov düşünür ki, müxalifət qüvvələri təkcə boykot qərarı verib prosesdən kənar dayanmamalıdır:
“İndiki halda, yaxşı təşkil olunmuş boykot ən yaxşı mübarizə vasitəsidir. Müxalifət mobilizə olunmalı və xalqa çatdırmalıdır ki, ölkədə seçki yoxdur və belə olan halda, seçkidə iştirakın da mənası yoxdur”.
Buna da bax: Əliyev: 'Demokratik inkişafla bağlı yeni addımlar atılacaq'
Pavel Usov deyir ki, Belorusda seçkini tam boykot heç vaxt alınmayıb, çünki hakimiyyət həmişə onu gizli dəstəkləyən namizədi irəli sürüb. Onun fikrincə, bu seçkidə Azərbaycan hakimiyyəti, seçkini daha canlı və maraqlı göstərmək üçün Rusiya və Belorusda olduğu kimi qadın namizəd irəli sürə bilər.
Buna da bax:
1993-cü ildə indiki prezident İlham Əliyevin atası Heydər Əliyevin hakimiyyət başına keçməsindən bu yana əksər seçkilər və referendumları ölkədə siyasi proseslərə daha çox təsir imkanı olan müxalifət qüvvələri boykot ediblər. Amma hər dəfə onlar seçkilərdə iştirak etməsələr də cəmiyyətdə nisbətən daha az tanınan başqa şəxslər hakimiyyətin namizədinə qarşı seçki yarışına qoşulublar. Hakimiyyət təmsilçiləri də boykotun baş tutmadığını, seçkilərin rəqabət şəraitində keçirildiyini, özlərini qalib gəldiklərini elan ediblər.
Buna da bax: Novruz Məmmədov: 'Yeddi ilin memarı İlham Əliyev olmalıdır'
Aprelin 11-də keçiriləcək erkən prezident seçkisində də namizəd kimi MSK-ya baş vuranların sayı artıq 10 nəfəri keçir. Hələlik Komissiya sənədləri qəbul edir və yaxın günlərdə namizədlərin sayı daha da arta bilər.