Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:43

Prezidentin qoyduğu pambıq planını icra nümayəndələri necə doldurur


Pambıq yığımı
Pambıq yığımı

«Əkməyənin yerini icra nümayəndəsi əkir»

Sabirabadlı fermer Zaur Qasımov hər kənddə 450 hektar pambıq əkildiyini bildirir: «İcra nümayəndəsinə deyilir, o da camaata deyir ki, kim istəyir əksin, əkməyənin də yerini icra nümayəndəsi özü əkir. Boş yer qalmır».

Bu rəqəmi dolayı yolla rayonun icra başçısının birinci müavini Həsən Həsənov da təsdiqləyir. O, AzadlıqRadiosuna açıqlamasında təkcə bir kənddə - Ulacalıda 450 hektar pambıq əkini üçün müraciət olduğunu söyləyir.

İcra nümayəndəsi: «Bizə ayrılmış...»

Beyləqanın Əhmədli kəndinin icra nümayəndəsi Rafiq Eyvazov isə kəndlərə ayrılan plandan danışır. Belə məlum olur ki, artıq pambıq əkilən rayonlarda, sovet dönəmində olduğu kimi, kəndlərə konkret öhdəlik qoyulub:

- Bizə ayrılmış, yəni prezidentin nəzərdə tutduğu 20 sentner həddini artıq keçmişik, 560 ton pambıq təhvil vermişik.

- Kəndlərə plan qoyulub?

- Plan qoyulmayıb ey, özümüz plan deyirik adına. Amma prezident «20 sentnerdən az olmamaq şərti ilə» deyib. Biz də 274 hektar pambıq əkmişik. Artıq həmin pambığı toplayıb təhvil vermişik. Məsələn, mən özüm 14 ton pambıq təhvil vermişəm. Mövsüm qurtaranda pulunu ödəyəcəklər.

Bu il martın 26-da prezident İlham Əliyev Bərdədə pambıqçılığın inkişafına dair üçüncü respublika müşavirəsində deyib ki, ötən il orta məhsuldarlıq 15.2 sentner olub. Prezidentə görə, bu, çox aşağı göstəricidir: «Əgər biz orta məhsuldarlığı 20 sentner səviyyəsində təmin edə bilsəydik, keçən il 270 min ton pambıq götürə bilərdik».

Ölkə başçısı nəticə çıxarmaları üçün orta məhsuldarlığın 10 sentnerdən aşağı olduğu rayonların da adlarını sadalayıb. Rayonlar nəticə çıxarırlarmı?

«Pambıq tarlalarda qalıb, yığan yoxdur»

«Pambıq tarlalarda qalıb, yığan yoxdur. Neftin qiyməti bahalaşdığına görə pambığa maraq azalıb», – iqtisadçı, Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu Facebook-da yazır. «Beyləqandan verilən məlumata görə, pambıq sahələrdə tökülüb, yerdə qalaraq çürüyür və zay olur», – yazan iqtisadçı bununla bağlı fotolar da paylaşıb.

«Alış qiymətinin aşağı olmasına görə yerli əhali pambıq yığmağa maraq göstərmir. Hazırda pambığın hər kiloqramını yığmağa görə əhaliyə maksimum 15 qəpik ödənilir. Salyandan təqdim olunan fotodan görünür ki, pambıq yığmazdan əvvəl onun yarpaqlarının tökülməsinə səbəb olan dərmanın sahələrə vurulmaması səbəbindən tarla bu günədək yaşıldır. Yeri gəlmişkən, Salyan icra hakimiyyətində bələdiyyə və yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda icra başçısı pambıq yığımına əhalinin marağının olmamasından gileylənib və təklif edib ki, yığıma səhiyyə və təhsil müəssisələrinin texniki işçiləri məcburi qaydada cəlb edilsin», – Q.İbadoğlu qeyd edir.

İqtisadçının yazdığına görə, maşınla yığılan pambıq əllə yığılandan çirkli olduğuna görə fermerlər məhsulun maşınla toplanmasında maraq deyillər: «Maşınla toplanan pambığın çirklilik dərəcəsi yüksək olduğundan sortu MTK-lar tərəfindən aşağı yazılır və bunun da nəticəsində pambığın alış qiyməti də ucuzlaşır».

İcra başçısının müavini: «15 qəpik normaldır»

«Pambıq sosial layihədir. O, gəlir üçün əkilmir. Cənab prezident dəfələrlə söyləyib ki, pambığın maşından çox əllə yığılmasını istəyir, çünki hər biri iş yeridir», – Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov AzadlıqRadiosuna deyir.

Pambığın kilosunu 15 qəpikdən yığmaq məşəqqəti...
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Üçüncü pambıq müşavirəsində dövlət başçısı son illər pambıqçılığın inkişafı nəticəsində 200 min iş yerinin açıldığını da qeyd edib.

İcra başçısının birinci müavini H.Həsənovsa məhsul yığımının davam etdiyini, rayonda indiyədək 12300 ton pambığın toplanaraq təhvil verildiyini bildirir. Onun sözlərinə görə, hər kiloqrama görə pambıqçılara 15 qəpik ödənir və bu, normal məbləğdir: «İşçi gün ərzində 80-100 kq pambıq yığanda 12-15 manat qazana bilir».

«Camaatın xeyri var, hektardan 2000 manat pul qalır, niyə də əkdiyi pambığı yığmasın ki?» – Bunu da Beyləqan rayonunun Birinci Şahsevən kəndinin icra nümayəndəsi Ceyhun Quliyev deyir. O, hətta gələn il daha artıq pambıq əkiləcəyini və camaatın bunu könüllü edəcəyini əlavə edir.

«Məcburi əkin müqavilələri»

Q.İbadoğlu isə yazır ki, Sabirabadda gələn il üçün məcburi pambıq əkini müqavilələri indidən bağlanır, məktəblərin texniki işçiləri məcburən pambıq yığımına cəlb olunur: «...Sabirabad rayonunun Ulacalı kəndinə yeni təyin olunmuş icra nümayəndəsi Mehman Cəfərov 21 oktyabr 2018-ci ildə əkinçiliklə məşğul olan sakinləri iclasa toplayaraq onların boynuna gələn il pambıq əkmək öhdəliyi qoyub. Məsələni yerindəcə rəsmiləşdirərək məcburi qaydada müqavilə imzalatdırıb. Mehman Cəfərov iclasda deyib ki, analoji müqaviləni sabah kənd məktəbinin müəllimlərinə də bağlatdıracaq».

Həkimə zorla ərizə yazdırırlar: 'Əgər 50 kilo pambıq yağmasam...'
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

«Mehman Cəfərov dünən təyin olunub...»

«Ulacalı kənd icra nümayəndəsi Mehman Cəfərov dünən (oktyabrın 22-də) təyin olunub, nə tez camaatı yığdı iclas keçirdi? Buna qədər o kənddən 450 hektarda pambıq əkilməsi üçün müraciət edilib, müqavilə bağlanıb», – Sabirabad rayon icra başçısının birinci müavini H.Həsənov bildirir.

O, məcburi müqavilə bağlanması haqda deyilənləri də rədd edir: «Bu il 13 min 55 hektar pambıq əkilib. Növbəti il üçün də şirkətlər indidən müraciət ediblər, 8 min 500 hektar civarında pay torpağında pambıq əkmək üçün müraciət var».

«Zavod 1 ton pambığın 200-250 kilosunu zibilə çıxır»

«Pambıqçılıq çətindir, pulu azdır. Ancaq neyləyəsən, başqa yol da yoxdur», – sabirabadlı fermer Z.Qasımov deyir. O, rayonun Ələmbəyli kəndində təxminən 30 hektar pambıq əkdirib: «Səhər saat 6-dan çöldəyəm, camaat pambıq yığır, mən də yanlarında. Mayanı çıxarmaq olur, amma pul qalmır. 9 ay əziyyət çəkirsən, bir hektara 600-700 manat xərc qoyursan. Sonra zavod çəkən xərci ödəyirsən, 600-700 manat da özünə qala, ya qalmaya. Heç o da qalmır. Aparırsan zavoda, orda 1 ton pambığın 200-250 kilosunu zibilə çıxırlar. Ondan nə xeyir qalacaq?».

Şikayətçi olsa da, Z.Qasımov pambıqçılığın daşını ata da bilmir: «Yolumuz, əlacımız nədir? Buğda əkirik 20 qəpik, arpa əkirik 20 qəpik. Qarpız ək, kələm ək, onu götürən zavod yoxdur, ancaq pambığı alan zavod var, 250 kilosunu zibilə çıxsa da. Əlac nədir?».

Z.Qasımov ümidlidir ki, prezident pambığın qiymətini 5-10 qəpik artıracaq. «Ola bilsin qaldırdı. 5 qəpik az pul deyil», – deyə indidən bu ehtimalın hesabını da aparır.

Pambığın kiloqramı fermerlərdən 75 qəpikdən alınır. Onun 60 qəpiyi şirkətlər tərəfindən, 10 qəpiyi subsidiya şəklində ödənir.

XS
SM
MD
LG