Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19

Prezidentin çıxışı haqda kim nə düşünür


İ.Əliyev and içir-18 aprel 2018
İ.Əliyev and içir-18 aprel 2018

«Prezidentin kimliyi, mahiyyəti dəyişməyib. Ətrafı, ona gələn sifarişlər dəyişməyib. Bu halda yeni nə desin?», – politoloq Zərdüşt Əlizadə prezident İlham Əliyevin inauqurasiya mərasimindəki çıxışından danışarkən deyir.

Aprelin 18-də – seçkidən bir həftə sonra, rəsmi nəticələrə görə, 86 faiz səs almış prezident İlham Əliyevin inauqurasiya mərasimi keçirildi. Onun çıxışında yeni mesaja, yeni fikirlərə, demək olar, rast gəlinmədi. Bir daha seçkilərin azad, ədalətli keçirildiyi, seçkinin xalqın iradəsini əks etdirdiyi bəyan edildi, müxalifət tənqid olundu və ötən 15 ildə görülən işlərdən danışıldı. Gələcəklə bağlı, görüləcək işlərlə bağlı isə konkret vədlər səsləndirilmədi. İ.Əliyev ümumi sözlərlə kifayətləndi:

«Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var».

Z.Əlizadə
Z.Əlizadə

«Axı, nə dəyişib ki?»

«Axı, cəmiyyətdə, gerçəklikdə nə dəyişib ki, o, hansısa siyasətçidən yeni nəfəs, yeni təşəbbüs tələb etsin? Xalq həmin xalq, müxalifət həmin müxalifət, ölkənin problemləri də həmin problemlərdir. Prezidentin kimliyi, mahiyyəti dəyişməyib. Onun ətrafı, ona gələn sifarişlər dəyişməyib. Bu halda nə desin? Axı, buna ehtiyac da yoxdur. Cəmiyyət yenilik tələb etmir, hakimiyyətə ismarışı yoxdur», – Z.Əlizadə söyləyir.

«Deyiləcək sözləri yoxdur»

«Deyiləcək bir sözləri yoxdur. 15 ildə idarəçiliyin nəticələri göz qabağındadır», – bunu isə Milli Şuranın sədri Cəmil Həsənli deyir. O, ölkənin sosial, siyasi, iqtisadi, maliyyə böhranı içərisində olduğunu bildirir:

«Ümumdaxili məhsul, insanların gəlirləri iki dəfədən çox azalıb. Manatın devalvasiyası kəskin qiymət artımına səbəb olub. Azərbaycan həm sənaye, həm də kənd təsərrüfatı sahəsində böyük böhran yaşayır. Bu da İlham Əliyevin idarəçiliyinin məntiqi nəticəsidir. Bu durumda orda yeni nə deyiləcəyini gözləmək olar?».

C.Həsənli
C.Həsənli

İnauqurasiya niyə tələm-tələsik keçirilir?

C.Həsənli inauqurasiya mərasiminin tələm-tələsik keçirilməsinə də diqqət çəkir: «Xaricdən qonaq dəvət edilməyib. Diplomatik korpus dəvət edilməyib. Çünki əmin deyillər. Gəlməyənlərin sayı çox ola bilər. Ona görə də tələm-tələsik hakimiyyətin mənimsənilməsini başa çatdırırlar. Bununla da beynəlxalq aləmi fakt qarşısında qoymağa çalışırlar. Özünə hörmət edən ölkədə ATƏT seçkiyə verdiyi bu cür qiymətdən sonra nəticələr ləğv edilməli idi. Bu, xalqın boykot etdiyi, saxta seçkidir».

Ötən prezident seçkilərindən sonra da İ.Əliyev sadə inauqurasiya mərasimi ilə kifayətlənmiş, diplomatik korpusun nümayəndələri və ya hər hansı dövlətin rəhbəri tədbirə dəvət edilməmişdi.

XS
SM
MD
LG