Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:21

Prezidentə şikayət edənlər məhkəmələr vasitəsilə cəzalandırılır?


Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov www.7gün.az saytının baş redaktoru Cavid Şirəliyevi məhkəməyə verib. Səbəb isəŞirəliyevin Masallıda baş verənlər və rayonun icra başçısı haqqında prezidentə məktubudur.

İcra başçısı iddia ərizəsində yazır ki, prezidentə məktubda yazılanlar yalandır, onun şərəf və ləyaqətini ləkələyir, işgüzar nüfuzuna zərbə vurur.

İcra başçısı prezidentə yazılanları da iddia ərizəsinə əlavə edib. Cavid Şirəliyev dövlət başçısı İlham Əliyevə məktubunda yazıb ki, Masallıda icra başçısının rəhbərliyi altında korrupsiya və rüşvətxorluq hökm sürür, rayon əhalisinin əksər hissəsi yoxsul yaşayır, insanlar idarə və təşkilatlarda məmur özbaşınalığından əziyyət çəkir.

Cavid Şirəliyev iddia edib ki, icra başçısının oğlu 2014-cü ildə ölümlə nəticələnən yol qəzası törədib, amma atasına görə hüquq-mühafizə orqanları onun əməlini ört-basdır edib.

Rafil Hüseynovun iddia tələbi isə belədir: Cavid Şirəliyev yazdıqlarını təkzib etməklə üzr istəsin, ona vurduğu mənəvi ziyana görə isə 3 min manat təzminat ödəsin.

Vətəndaş 3 ildir məhkəmə yollarında qalıb

Başqa bir cənub rayonu – Astaranın Kakalos kənd sakini Abuzər Əliyev də prezidentə 10 mart 2016-cı ildə göndərdiyi şikayətə görə üç ildir ki, məhkəmə yollarında qalıb.

Kakalos kənd bələdiyyəsinin sədri Bəhram Əliyev prezidentə yazdığı şikayətinə görə onun cəzalanması üçün məhkəməyə üz tutub. O iddia edib ki, Abuzər Əliyevin prezidentə yazdığı, 200-ə qədər kənd sakininin də imzaladığı məktubda onun haqqında yazılanlar böhtandır, işgüzar nüfuzuna zərbə vurur.

Astara rayon Məhkəməsi prezidentə şikayət edən Abuzər Əliyevi cərimələyib – bələdiyyə sədrinə vurduğu mənəvi ziyana görə 2 min, onun hüquqi xərclərinə görə isə 100 manat ödəməsi barədə qətnamə çıxarıb.

Üstəlik, məhkəmə qərarıyla vətəndaşın üzərinə öhdəlik qoyulub ki, bir daha Prezident Administrasiyasına teleqram göndərsin, əvvəlki məktubunda bələdiyyə sədri barədə yazdıqlarının həqiqətə uyğun olmadığını göstərsin.

Bu qərardan hər iki tərəf apellyasiya şikayəti verib. Kənd sakini qətnamənin ləğvini, bələdiyyə sədri isə təzminatın artırılmasını istəyib. B.Əliyev cavabdehdən mənəvi zərərə görə 30 min istəyirmiş...

Şirvan Apellyasiya Məhkəməsi bələdiyyə sədrinin şikayətini qismən təmin edib – mənəvi ziyana görə ona ödəniləsi kompensasiya 4 min manata, hüquqi xidmətlərə görə isə 400 manata qədər artırılıb. Qalan hissədə isə qətnamə dəyişdirilməyib.

Ali Məhkəmə isə bu qərarı ləğv edib, işi yenidən araşdırmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarıb. Bu məhkəmə əvvəlki qərarını ancaq Prezident Administrasiyasına təkzib teleqramı göndərilməsi hissəsində dəyişdirib. Qərar kənd sakininin bələdiyyə sədrinə 4400 manat kompensasiya ödəməsi hissəsində isə olduğu kimi qalıb.

İş yenə Ali Məhkəməyə gəlib. Bugünlərdə orada Sənan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası bu işə yenidən baxıb. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Ali Məhkəmə bələdiyyə sədrinin iddiasının rədd edilməsi haqda yeni qərar çıxarıb.

“Qorxu yarada bilər”

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, vətəndaşların prezidentə şikayət məktubunda yazdıqlarına görə məhkəmələrdə şərəf və ləyaqətin müdafiəsilə bağlı iddiaların qaldırılması absurddur. Çünki bu cür məhkəmə iddialarında böhtan, təhqir xarakterli, yalan məlumatların yayılması məsələsi mübahisələndirilir. Yayılma isə kütləvi çıxışlarda, mediada ola bilər:

“Bu mənada prezidentə şikayət hansısa məlumatın kütləvi yayılması sayıla bilməz”.

Ekspertin fikrincə, bu cür addımlar insanlarda qorxu yarada, prezidentə, yuxarı dövlət orqanlarına şikayət etməkdən çəkindirə bilər:

“Əgər şikayət məktubunda yazdıqları sabah böhtan kimi vətəndaşın özünün əleyhinə istifadə olunacaq, ona geri qayıdacaqsa, bu, o deməkdir ki, adamlar qorxacaq, şikayət etməyəcək”.

İyunun 12-də Masallı rayon Məhkəməsində icra başçısının Cavid Şirəliyevə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Cavid Şirəliyev AzadlıqRadiosuna bildirib ki, o, məhkəməyə iddiaya etiraz göndərib. Hazırlıq iclasında da özü öz hüquqlarını müdafiə edəcək, vəkili yoxdur:

“Vətəndaşın hansısa məmurdan yuxarı dövlət orqanına göndərdiyi şikayət həmin məmurun özünə niyə göndərilməlidir? Vətəndaş şikayət edir ki, onun yazdıqları araşdırılsın. Mənim prezidentə yazdıqlarım da həqiqətdir. Göstərdiyim faktları araşdırıb, qanunsuzluqları aradan qaldırmaq əvəzinə, məhkəmədə iddia qaldırılır”.

XS
SM
MD
LG