Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:27

'Baş prokurorun kirvəsi olduğunu deyən' məhkəmə qarşısında...


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

“Dedi ki, bu adam Zakir Qaralovun kirvəsidir. Elşad özü də bunu təsdiqlədi. Danışdıq, mən də pulu verdim. Amma verdikləri sözə əməl eləmədilər...” – Masallı rayonunun Ərkivan kəndindən olan, amma Bakıda yataqxanada yaşayan Səadət Məmişova məhkəmədə bu barədə danışıb.

Səadət Məmişova Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqla bağlı cinayət işi üzrə zərərçəkmişdir.

Dələduzluqda ittiham edilib hakim qarşısına çıxarılan isə Elşad Atakişiyevdir. İddia olunur ki, o, adamlardan “baş prokurorun kirvəsi” adıyla pul alıb. Birinə vəd verib ki, həbsdə olan həyat yoldaşını buraxdıracaq, başqasının oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcək və sair.

Elşad Atakişiyev elə Məmişovanın şikayətindən sonra 2014-cü ildə məsuliyyətə cəlb olunub. Həmin vaxt onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş məhkəməyə gələndə Atakişiyevə çağırışlar göndərilsə də, o, məhkəməyə gəlməyib. Ona görə də haqqında axtarış elan olunub. Elşad Atakişiyev 2018-ci ildə Gəncədə saxlanılıb.

“Pulu sələmlə almışam”

Elşad Atakişiyev məhkəmədə deyib ki, özünü təqsirli bilir, amma dələduzluqda yox, aldığı pulu qaytarmamağa görə. O, zərərçəkmiş şəxslərdən pul aldığını təsdiqləyir. Lakin bildirir ki, onlardan pulu hansısa vəd verib almayıb, borc alıb:

“Mən Səadət xanımı Rövşənin (hər ikisinin ortaq tanışı olan Rövşən Axundov – red.) vasitəsilə tanımışam. Səadətlə aramızda qardaş-bacı münasibəti olub. Tikintidə işləyirdim, ondan 6 min manat borc pul aldım. Sonra Səadətin həbsdə olan həyat yoldaşının çıxmasına kömək edəcəyimi dedim. Çalışdım, amma alınmadı. Pulu da sələmlə almışdım, 6 minə görə 7 min 200 manat qaytarmışam. Digər zərərçəkmiş Elşad Zeynalovdan da 1500 manat borc almışam”.

“Deyirdi ki, narahat olma, Baş prokuror həll edəcək”

Zərərçəkən Səadət Məmişova isə deyir ki, 20 min manat ziyana düşüb, həmin puldan 6 mini qaytarılıb. Onun sözlərinə görə, pulu da borc yox, həyat yoldaşı Namiq Məmişovun həbsdən buraxılmasından ötrü verib: “O zaman həyat yoldaşım il yarım idi, həbsdəydi. Elşadı Rövşən gətirdi, dedi ki, Zakir Qaralovun kirvəsidir. Elşad özü də bunu təsdiqlədi. Tikintidə işlədiyini söyləmədi. Mən notarius vasitəsilə pul vermişəm”.

Səadət Məmişova bildirib ki, pulun çox hissəsini borc alıb, qalanını da özünün qızıl qolbağı, qızının sırğalarını verməklə ödəyib: “Elşad hər dəfə deyirdi ki, narahat olma, Baş prokuror yaxın günlərdə həll edəcək. Əfv imzalanan gün biz cəzaçəkmə müəssisəsinə getdik ki, yoldaşım çıxacaq, amma çıxmadı...”

Zərərçəkmiş Elşad Zeynalov isə iddia edib ki, “Baş prokurorun kirvəsi”nə 1500 manatı oğlunun Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsindən ötrü verib: “Pulu aldı, bir müddət sonra yoxa çıxdı”.

Elşad Atakişiyev isə təkrarlayıb ki, deyilənlər yalandır və o pulu borc kimi alıb.

CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə suçlanan Elşad Atakişiyevin işi üzrə məhkəmə araşdırmaları davam edir.

XS
SM
MD
LG