Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:28

Prokuror Nurəddin Xocaya şərti cəza istədi


N.Xoca
N.Xoca

Martın 18-də teref.info saytının redaktoru Nurəddin İsmayılovun («Bozqurd» batalyonunun keçmiş komandiri Nurəddin Xoca) Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edib.

Prosesdə vəkili Elçin Sadıqov məhkəmə çəkişməsinə səbəb olan məqalələrə rəy verən şəxsin gəlib ifadə verməsi ilə bağlı vəsatət qaldırıb. Amma ittiham tərəfi vəsatətə qarşı çıxıb, vəkilin istəyi təmin edilməyib.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prosesdə çıxış edən dövlət ittihamçısı N.İsmayılovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Amma o, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə N.İsmayılov barəsində 2 il sınaq müddətinə şərti cəza təyin olunmasını gərəkli sayıb.

Təqsirləndirilən şəxsin vəkili çıxışa hazır olmadığını deyərək, vaxt tələb edib.

Məhkəmə prosesi martın 19-na kimi təxirə salınıb.

N.Xoca nədə ittiham edilir

Teref.info saytının baş redaktoru kimi, təqsirləndirilən şəxs qismində hakim önünə çıxarılan N.Xoca Gəncədə icra başçısının güllələnməsindən sonra və Mingəçevir Su Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı saytda gedən yazılara görə ittiham olunur. Həmin yazılarda bir sıra sərt qeydlərin və ittihamların yer aldığı bildirilir.

Ona qarşı Cinayət Məcəlləsinin (CM) 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, lakin o, həbs olunmayıb. İstintaq və məhkəmə dövründə barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib.

Xatırlatma

2018-ci il iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də qəza baş verdiyi bildirilirdi.

Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı. Yalnız iyulun 3-ü səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı. Ancaq iyulun 3-ü saat 18:45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektrik kəsilib. Bakı metrosunda tuneldə qalan insanlar təxliyə edilib. Yalnız gecə saatlarında Bakıda və bölgələrdə elektrikin böyük ölçüdə bərpa edildiyi açıqlanıb.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar da bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

Bu ara basta.info saytının baş redaktoru Mustafa Hacıbəyli də oxşar ittihamlarla mühakimə edilərək şərti cəza alıb. O da ittihamları qəbul etmirdi.

XS
SM
MD
LG