Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:25

'Dedilər ki, bu dövlətin yazılmamış qaydaları var...'


Pünhan Kərimli
Pünhan Kərimli

Readmissiya qaydasında Almaniyadan Bakıya deportasiya olunandan az sonra həbs edilən AXCP üzvü Pünhan Kərimli deyir ki, tutularkən işgəncələrə məruz qalıb.

"Mənə açıq şəkildə dedilər ki, prezidenti tənqid etdiyinə, Almaniyada etiraz aksiyalarında iştirakına görə həbs olunursan. Məndən narkotik tapılmayıb, cibimə özləri atıblar", – Kərimli iyunun 1-də məhkəmədə ifadəsində belə deyib.

O bildirib ki, 2016-cı ildən AXCP-nin üzvüdür. Siyasi baxışlarına, o cümlədən sosial şəbəkələrdə tənqidi paylaşımlarına görə Almaniyaya mühacirətə gedib. Lakin 2021-ci ilin noyabrında deportasiya edilib. Qayıdandan iki ay sonra narkotik ittihamıyla həbs edilib. Hazırda işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

"Başıma kurtkamı keçirmişdilər, boğulurdum"

Deyir ki, taksi sürüb ailəsini dolandırmaq istəyirdi, ona görə VÖEN açdırmaq üçün vergi idarəsinə gedib. İdarədən çıxanda da polis əməkdaşları onu saxlayıb: "Dörd nəfər hücum elədi, kamera görüntülərində də var. Maşına basdılar. Dedilər, prezidentə, dövlətə qarşı çıxışlar eləmisən. Maşında döyürdülər məni. Başıma kurtkamı keçirmişdilər, boğulurdum. Nərimanov rayon Polis İdarəsinə gətirdilər. Orada ciblərimi boşaldanda guya iki büküm narkotik çıxdı. Dedilər ki, Malik Rzayev, Mütəllim Orucovun gününə salarıq səni, bizi incitmə, bu dövlətin yazılmamış qaydaları var...".

Rzayev və Orucov da Almaniyadan deportasiya ediləndən sonra narkotik ittihamıyla həbs olunub.

Kərimli deyir ki, fiziki və psixoloji təzyiqlər altında etiraf ifadəsinə imza atmaq məcburiyyətində qalıb.

Narkotik maddə ilə vergi idarəsinə getmək

Məhkəmədə prokuror Kərimliyə hansı səbəbdən Almaniyaya mühacirət etməsi, niyə deportasiya olunması və s. haqda suallar verib. Onun vəkili isə saxlandığı vergi orqanının müşahidə kameralarının görüntülərinin alınıb məhkəmədə araşdırılmasını istəyib. Vəkil bildirib ki, vətəndaşın üzərində narkotik maddə ilə vergi idarəsinə getməsi inandırıcı deyil.

Kərimli yanvarın 25-dən həbsdədir. Onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3 maddələrində 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Son altı ay ərzində Almaniyadan deportasiya olunanlardan altı nəfər həbs edilib. Onların dördü narkotik, biri bədənə xəsarət yetirmə ittihamıyla həbsdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi haqda iddiaların əsassız olduğunu bildirib: "Bu cür fikirlər qətiyyən həqiqətəuyğun deyil".

XS
SM
MD
LG