Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:58

Puqaçova: Rusiya izqoy ölkəyə çevrilib


Rusiya Prezidenti Vladimir Putin və Alla Puqaçova
Rusiya Prezidenti Vladimir Putin və Alla Puqaçova

Puqaçova Instagram-da yazıb ki, o da Rusiyanın “xarici agent” siyahısına salınmaq istəyir

Rusiyanın dövlət və kremlyönlü mediası estrada müğənnisi Alla Puqaçovanın müharibə əleyhinə dediklərini verməyib. Bu haqda “Agentstvo” nəşri yazır. Nəşr 10-dan artıq kremlpərəst media orqanının Puqaçova haqda yazdıqlarına istinad edir.

Nəşrlər yazıblar ki, müğənni özünün “xarici agent” siyahısına salınmasını istəyib, əri Maksim Qalkinin mövqeyini müdafiə edib. Amma bu mövqenin nədən ibarət olduğu haqda bir söz deyilmir. Eləcə də Puqaçovanın müharibəyə qarşı söylədikləri xəbərlərdə yer almır.

Puqaçovanın Instagram -da yerləşdirdiyi post bir sutka içində 600 mindən çox bəyənmə (layk) yığıb.

TASS, RİA Novosti, “Komsomolskaya pravda”, NTV, İzvestiya, Lenta.ru və digər nəşrlər hətta Dövlət Duması deputatlarının, müxtəlif hökumətyönlü xadimlərin Puqaçovanın ünvanına tənqidini də yayıb, amma nəyin tənqid edildiyi aydın olmur.

Bəzi hökumətyönlü blogerlər və Telegram kanalları isə Puqaçovanın dediklərini tam verərək onu qınayıblar.

+++

Rusiyanın tanınmış müğənnisi Alla Puqaçova ölkəsinin Ukraynada apardığı müharibənin əleyhinə danışıb. O, Rusiyanın “izqoy ölkəyə” çevrildiyini, münaqişədəki itkilərin Rusiya vətəndaşlarının həyatını çətinləşdirdiyini bildirib.

Puqaçova sentyabrın 18-də Instagram-da yazıb ki, o da Rusiyanın “xarici agent” siyahısına salınmaq istəyir. İki gün öncə Moskva müğənninin teleaparıcı, yumorist həyat yoldaşını həmin siyahıya salıb.

İttihamlar

73 yaşlı Puqaçova 1970-ci illərdə məşhurlaşıb, hələ də postsovet məkanında populyarlığını saxlayır.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan az sayda rusiyalı münaqişəyə qarşı çıxır. Etiraz səsini ucaldanların sayı tədricən artsa da az olaraq alır. Müharibədə ağır itki verən Rusiya hələ də elan etdiyi məqsədlərinə çatmayıb.

Puqaçovanın həyat yoldaşı Maksim Qalkin müharibəyə qarşı çıxanlardandır. Rusiyanın Ədliyyə Nazirliyi sentyabrın 16-da Qalkinin Kiyevin xeyrinə siyasi fəaliyyət apardığını və Ukraynadan pul aldığını iddia edərək “xarici agent” siyahısına salıb.

İşğal başlayandan az sonra Moskva “silahlı qüvvələri nüfuzdan salan” “saxta” informasiya yaymağı kriminallaşdırıb. O vaxtdan Rusiyada müharibəyə fərqli münasibət sərgiləyənlərə təzyiqlərin əsasında bu qanun dayanır.

“İllüziyalı məqsədlər uğrunda...”

Puqaçova 3.5 milyon izləyicisi olan Instagram hesabında yazıb ki, o da ərinə dəstək məqsədilə xarici agent siyahısına salınmaq istəyir.

“Xahiş edirəm, məni də sevimli vətənimin xarici agentləri qrupuna salın. Çünki mən təmiz, vicdanlı və səmimi insan, əsl və namuslu rusiyalı vətənpərvər olan ərimlə həmrəyəm. O, vətəni üçün yalnız rifah, sülh, ifadə azadlığı istəyir”, – Puqaçova yazıb.

Puqaçovanın yazdığına görə, Qalkin Rusiyanı “izqoy ölkəsinə çevirən, vətəndaşların həyatını çətinləşdirən illüziyalı məqsədlər uğrunda oğullarımızın ölümünə son qoyulmasını” arzulayır.

Qalkinin cavabı

Qalkin isə “xarici agent” iddialarına cavab olaraq Instagram-da yazıb ki, “mən siyasi fəaliyyətlə məşğul olmuram… yumor və siyasi satirayla məşğulam”.

Qalkin deyib ki, on il qabaq Ukraynada konsert verəndə həmin ölkədən pul alıb.

Müharibə başlayandan az sonra Qalkin və Puqaçova Rusiyadan gedib. Ancaq Puqaçovanın avqustda qayıtdığı bildirilir. Hazırda Qalkinin hansı ölkədə olduğu bəlli deyil.

XS
SM
MD
LG