Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:12

Putin: 'Müqavilənin bağlanmasına daha heç nə mane olmur, sülhməramlılar isə ən yaxın müddətdə...'


Kollaj (soldan sağa) - Nikol Paşinyan, Vladimir Putin, İlham Əliyev
Kollaj (soldan sağa) - Nikol Paşinyan, Vladimir Putin, İlham Əliyev

Rusiya prezidenti Vladimir Putin deyib ki, Qarabağda baş vermiş hadisələrdən sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına heç bir maneə görmür:

“Mənə belə gəlir ki, bu, tamamilə mümkündür. Qarabağda baş vermiş hadisələrdən sonra hazırda sülh müqaviləsinin bağlanmasına mane ola biləcək heç bir problem görmürəm. Sadəcə olaraq belə problem görmürəm”.

Rusiya prezidenti MDB-nin Bişkekdə keçirilən sammitinin mətbuat konfransında bunu da əlavə edib ki, sərhədin delimitasiya və demarkasiyası ilə bağlı texniki xarakterli bəzi məsələlər qalır:

“Amma bunlar texniki məsələlərdir. Yəni 100 metr bir tərəfə, bir kilometr o tərəfə. Bu, daha mühüm deyil. Hər iki tərəfin xoş məramı ilə bunu etmək və bundan əvvəl razılaşdığımız kimi ticari-iqtisadi bağların inkişafı və infrastruktur layihələrin acılımı üçün növbəti addımları atmaq olar”.

“Vəssəlam, bu mövzu bağlandı”

Vladimir Putin bu dəfə də Qarabağ danışıqlarının tarixinə qayıdıb və deyib ki, Bakı və Yerevan bir çox hallarda razılaşmaya yaxın olublar və hətta Qarabağda referendum barədə belə danışıblar:

“Razılaşdırılmışdı ki, referendum keçirilməlidir. Amma bir tərəf deyirdi ki, bu referendumun vaxtını deyə bilmir. Bu Azərbaycan idi. Çünki hazırkı vəziyyətdə, referendumun sabah, ya 20 ildən sonra keçirilməsindən asılı olmayaraq nəticə aydın idi. Məhz buna görə də bu məsələnin həllinin gələcək nəsillərə saxlanması qərara alınmışdı. Erməni tərəfi isə əksinə israr edirdi ki, referendumun tarixi bildirilsin və bu referendumda Qarabağın statusu müəyyən olunsun. Çünki onlar da bundan çıxış edirdilər ki, əhalinin bugünkü (ovaxtkı-red) tərkibi ilə referendum hətta 20 ildən sonra keçirilsə də nəticəsi aşkar idi”.

Putin vurğulayıb ki, “problemin kökü” bunda idi:

“Hamı bunun ətrafında vurnuxurdu, əsas məsələ statusun müəyyənləşməsi idi. Amma indi, yəni ötən il Praqada Ermənistan rəhbərliyi bu mövzunu bağladı və bəyan etdi: Qarabağ Azərbaycanın tərkib hissəsidir. Hətta 1991-ci il müqaviləsinə istinadla Sovet İttifaqında müttəfiq respublikalar arasında mövcud olmuş sərhədlər əsasında kvadrat kilometrlər də göstərildi. Vəssəlam. Bu mövzu bağlandı”.

Sülhməramlılar məsələsi ən yaxın müddətdə...

Vladimir Putin vurğulayıb ki, Ermənistan baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyandan sonra indi heç şübhəsiz Rusiya sülhməramlıları Azərbaycan ərazisində sayılırlar.

Putinin sözlərinə görə Rusiya sülhməramlı kontingenti rəsmən 2025-ci ilin noyabrınadək orda qalmalı idi, amma ermənilərin Qarabağdan kütləvi axını ilə bağlı bu məsələ ən yaxın müddətdə həllini tapmalıdır:

“...İndi açıq deyək, erməni əhalisinin çıxışı ilə bağlı ağır hadisələrdən sonra situasiya köklü şəkildə dəyişib. Amma rəsmən bizim sülhməramlılarımız orada 2025-ci ilin noyabrına qədər qalmalı idilər və biz əlbəttə, partnyorlarımızla dialoqda nəyi və necə edəcəyimizi ən yaxın vaxtda həll etməliyik. Biz bunu danışıqlar prosesində həll edəcəyik”.

Bişkekdə Azərbaycan-Ermənistan sülh müqaviləsi Paşinyansız müzakirə olunur?

Rusiya prezidenti Vladimir Putin oktyabrın 13-də deyib ki, dünən bağlı qapılar arxasında Azərbaycan prezidenti İlham Əliyevlə Qarabağ məsələsini müzakirə edib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, Putin bu danışıqlarda tərəflərin hansı nəticəyə gəldiyi, habelə sülhməramlı kontingentin gələcək taleyinin necə olacağı barədə heç nə deməyib:

“Məlum olduğu kimi bu üç il ərzində Rusiya tərəfi hərbi əməliyyatların dayandırılması və yeni eskalasiyanın qarşısının alınması üçün böyük səylər göstərib. Bizim dəstəyimizlə müvafiq üçtərəfli sənədlər hazırlanıb. İlham Heydəroviç təsdiqləyər ki, bütün bu müddət ərzində iki paytaxt – Bakı və Yerevan arasında münasibətlərin normallaşdırılmasına yönəlik necə ağır işlər görülüb. Və rusiyalı sülhməramlılar Qarabağda malik olmuş olduqları səlahiyyətlər çərçivəsində öz missiyalarını vicdanla yerinə yetiriblər”.

Azatutyun xatırladır ki, MDB liderlərinin Bişkekdə keçirilən sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etməməsinə baxmayaraq, Rusiya prezidenti gündəlikdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasının da olduğunu deyib.

Putin vurğulayıb ki, Moskva bu istiqamətdə maksimum kömək etməyə hazırdır. Onun sözlərinə görə Rusiya bu danışıqları istənilən səviyyədə təşkil edə bilər.

Avropa Şurası Azərbaycana sanksiya qoya bilərmi? 'Erməni sakinləri inandırmağa çalışmalıdır'
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Putin “bəzi postsovet ölkələrindən” gileylənib

Azatutyunun yazdığına görə Rusiyanın Kremlə yaxın Kommersant qəzeti Azərbaycan-Ermənistan danışıqlarına həsr edilmiş geniş məqalə dərc edib.

Bu məqalədə iddia olunur ki, “Ermənistan baş nazirinə sülhü Azərbaycanla Rusiyadan mümkün qədər uzaqda müzakirə etmək daha rahatdır”.

Putin oktyabrın 13-də etdiyi çıxışında MDB-nin heç də bütün tədbirlərində iştirak etməyən bir sıra postsovet dövlətlərinin olduğunu vurğulayıb. Onun sözlərinə görə bu dövlətlərin bir sıra problemləri var.

Putin söhbətin Gürcüstandan, Ukraynadan və Moldovadan getdiyini deyib, amma “dost olmayan” ölkələrin sırasında Ermənistanın adını çəkməyib.

Lukaşenka: “Allaha şükür bəzi köhnə münaqişələr uğurla həll olunub”

Azatutyun yazır ki, bunu Putinin əvəzində Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka edib:

“Əvvəlcə birliyimizdən Gürcüstan çıxdı, Ukrayna da de facto bizimlə deyil. Təəssüf ki, Ermənistan da heç də həmişə özünü partnyor kimi aparmır”.

MDB dövlət başçılarının dar çərçivədə keçirilən görüşündə Lukaşenka daha sonra deyib:

“Allaha şükür, MDB məkanında bəzi köhnə münaqişələr uğurla həll olunub, başqa münaqişələrin həllində də tərpəniş nəzərə dəyir”.

Lukaşenka söhbətin hansı münaqişələrdən getdiyini deməyib.

Bişkekdə keçirilən sammitdə Qırğızıstan, Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın dövlət başçıları iştirak edirlər.

Putin Paşinyanla Əliyevə Moskvada görüşməyi təklif edir

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Moskva Ermənistanla Azərbaycana sülh sazişini imzalamaqda kömək göstərməyə hazırdır. O, danışıqları Moskvada keçirməyi təklif edib.

Bu haqda Putin Bişkekdə MDB Başçıları Şurasının iclasında danışıb.

Ermənistan iclasa qatılmayıb.

Görüşdə iştirak edən Belarus Prezidenti Aleksandr Lukaşenko çıxışında deyib ki, Ermənistan heç də həmişə özünü “tərəfdaş kimi” aparmır.

“Əvvəlcə Gürcüstan bizim birlikdən çıxdı, de-fakto Ukrayna da bizimlə deyil. Moldova ilə bağlı böyük suallar var. Təəssüf ki, Ermənistan özünü heç də həmişə tərəfdaş kimi aparmır”, – BelTa agentliyi Lukaşenkoya istinadla yazır.

Bişkekdə Azərbaycan və Rusiya prezidentləri görüşüb

Oktyabrın 12-də Bişkekdə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Vladimir Putinin vurğulamasına görə, açıq demək lazımdır ki, burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir:

“Bizim başqa gündəliyimiz də var, o, kifayət qədər genişdir. Təklif edirəm ki, işimizi aşağıdakı kimi quraq: onda biz ikinci hissədən başlaya bilərik, həmkarlarımıza öz fikirlərini söyləməyə, danışmağa imkan verək. Sonra bir daha üz-üzə qalaq və söhbət edək, məsələlərin bütün kompleksi, o cümlədən belə desək, həssas məsələlər üzrə danışaq.”

Prezident İlham Əliyev isə deyib ki, Rusiya prezidentinin təklifi tamamilə məntiqlidir:

“ ... Həm də bizim danışmağa mövzularımız çoxdur. Bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıq üzrə nəticələri olduqca yaxşıdır. Çoxlu layihələr var. Sonra isə regional mövzulara və təhlükəsizlik məsələlərinə keçərik”.

Lavrov: NATO Cənubi Qafqazda öz maraqlarını Ermənistan vasitəsilə yeritməyə çalışır

Rusiya NATO-nun Cənubi Qafqaz regionunda öz maraqlarını Ermənistan vasitəsilə yürütməyə çalışdığını müşahidə edir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB xarici işlər nazirləri şurasının Bişkekdə keçirilən iclasının yekun çıxışında deyib.

Lavrov bildirib ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi süni şəkildə yaradılır:

“Biz son illərdə Ermənistanda nə qədər qeyri-hökumət təşkilatlarının qurulduğunu bilirik. Onların sayı elə əvvəllər də az olmayıb. Bu təşkilatlar Ermənistan və Rusiya Federasiyası arasında dost münasibətlərin təbliği üçün yaradılmır. Əksinə, onlar anti-Rusiya əhval-ruhiyyəsinə zəmin yaratmağa və bu regionda Ermənistanın vasitəsilə ilk növbədə ABŞ-ın, Avropa İttifaqı və NATO ölkələrinin maraqlarının yeridilməsinə hədəflənir. Biz bu cəhdləri görürük, onların müəyyən nəticələri olur”.

Rusiya xarici işlər naziri bununla yanaşı qeyd edib ki, “erməni xalqının əksər hissəsi Rusiya Federasiyası ilə ənənəvi, tarixi qardaşlıq əlaqələrinin inkişafında maraqlıdır”.

Lavrov habelə Ermənistan baş naziri Nikol Paşinyanın bugünlərdə verdiyi bəyanatı xatırladıb:

“...O aydın şəkildə dedi ki, Ermənistan öz oriyentirlərini dəyişmir. Ümid edək ki, Yerevanı başqa istiqamətə dartmaq səylərinə baxmayaraq bu mövqe üstün gələcək”.

Əliyev Qırğızıstana gedib

Azərbaycan prezidenti İlham Əliyev MDB (Müstəqil Dövlətlər Birliyi) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğızıstan Respublikasına səfər edib.

Oktyabrın 13-də keçiriləcək iclasda qurumdaxili əməkdaşlıq məsələləri müzakirə edilməlidir.

İ.Əliyevin bu səfər çərçivəsində habelə iki tərəfli görüşləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin ilə bir araya gəlməsi gözlənilir.

MDB 1991-ci ildə SSRİ-nin süqutu ilə yaranıb. Orada Gürcüstan və Baltikyanı respublikalardan başqa əksər keçmiş müttəfiq respublikalar təmsil edilir.

+++

Oktyabrın 12-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Onların Qarabağdakı vəziyyəti müzakirə edəcəyi bildirilir. Məlumatı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov verib.

"Onlar, əlbəttə ki, Qarabağ ətrafındakı vəziyyəti müzakirə edəcəklər. Gündəlikdə Qarabağ ermənilərinin beynəlxalq səviyyədə tanınmış hüquq və azadlıqlara əməl etməklə Azərbaycanın hüquqi məkanına dinc inteqrasiyası var", – deyən Uşakov əlavə edib ki, Rusiya sülhməramlı kontingenti buna töhfə verməyə hazırdır.

Uşakovun sözlərinə görə, Moskva ümid edir ki, bugünkü görüşdə Putin Əliyevlə Rusiya sülhməramlıları ilə bağlı vəziyyəti də müzakirə edəcək.

"Bizim kontingentin mümkün gələcək istifadəsinin müxtəlif variantları, o cümlədən Qarabağ ermənilərinin sentyabrda bəlli hadisələrdən sonra tərk etdikləri yaşayış yerinə mümkün qayıdışı nəzərdən keçiriləcək", – Uşakov vurğulayıb.

19 sentyabr əməliyyatlarından bəri Qarabağdakı Rusiya sülhməramlıları Əsgəran, Şuşa, Xocavənd və Ağdərə rayonlarında altı müşahidə və 15 müvəqqəti müşahidə postlarını yığışdırıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Sülhməramlılar Qarabağdakı yaşayış məntəqələrində elektrik və qaz təchizatının bərpası üzrə işlərin davam etdiyini bildirirlər.

Rəsmi Bakı sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini bəyan edəndən sonra silahlı dəstələrin tərksilahı üzrə razılıq əldə olunub. Bunun ardınca separatçı rejim özünü buraxdığını elan edib, ermənilərin Qarabağdan Ermənistana axını başlayıb. Ermənistan rəsmiləri bunu "etnik təmizləmə", "deportasiya" adlandırsa da, Azərbaycan Qarabağ erməniləri üçün reinteqrasiya planı açıqlayıb, onları evlərini tərk etməməyə çağırıb.

2020-ci ilin 44 günlük müharibəsindən sonra Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti isə regionda bəzi müşahidə məntəqələrini bağladığını elan edir. Digər tərəfdən, silahlı dəstələrdən yığılmış silah-sursatın mühafizəsi üçün gözətçi postları açdığını bildirir.

Rusiya rəsmilərinin bu kontingentlə bağlı ikibaşlı bəyanatları, onların yeni şəraitə adaptasiya olunacağı, regionda dinc həyatın təminatı üçün Rusiya hərbçilərinə ehtiyacın daim qalacağını demələri Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb, Moskvanın Qarabağda hərbi baza yaratmaq niyyəti sarıdan ehtimallara yol açıb.

Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etsə də, Ermənistanla sülh sazişi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG