Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:40

Rusiya danışıqlara maraq göstərmir, Putin əksini deyir


Vladimir Putin
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin dekabrın 22-də deyib ki, Rusiya Ukrayna ilə “müharibənin bitməsini” istəyir və Kiyevlə danışıqlardan imtina etmir. Ancaq ABŞ rəsmiləri bunun əksinin baş verdiyini, Putinin danışıqlara meylli olmadığını bildirirlər.

Putin dekabrın 22-də jurnalistlərə deyib ki, müharibənin tezliklə həll olunmasına çalışır.

Bayden bir halda danışıqlara açıqdır ki...

Ukrayna Prezidenti Volodimir Zelenski isə bir gün öncə Vaşinqtonda Konqresdə çıxış edib.

Ağ evin Milli təhlükəsizlik üzrə sözçüsü Con Körbi (John Kirby) jurnalistlərə deyib ki, Putinin hərəkətləri dediklərinin “tam əksini” göstərir. Körbinin sözlərinə görə, Putinin müharibəni bitirmək üçün “danışıqlara meylli olmasının heç bir əlaməti görünməyib”.

ABŞ Prezidenti Co Bayden (Joe Biden) Putinlə danışıqlara açıqdır, ancaq bu yalnız Putin “danışıqlara ciddi yanaşdığını göstərəndən” və Ukrayna və ABŞ-ın müttəfiqləri ilə məsləhətləşmələrdən sonra baş verə bilər, Körbi vurğulayıb.

Zelenski ideyalar verib

Dövlət katibi Entoni Blinken (Antony Blinken) də Rusiyanın müharibəni bitirmək üçün mənalı diplomatiyaya real maraq göstərmədiyini bildirib.

Blinken bir mətbuat konfransında qeyd edib ki, Putin qoşunlarını geri çəkməklə müharibəyə son qoya bilərdi, ancaq “bu baş vermədiyindən Rusiyanın ədalətli və davamlı sülhlə bağlı danışıqlara həqiqətən hazır olmasına mənalı dəlil görmliyik”, – Blinken vurğulayıb.

Dövlət katibinin sözlərinə görə, dekabrın 22-də G7 ölkələrinin xarici işlər nazirləri ilə virtual görüşdə Zelenskinin Vaşinqtona səfəri zamanı irəli sürdüyü sülh ideyaları haqda danışıb.

Zelenskinin ideyaları “yaxşı başlanğıcdır”, sülh “ədalətli və davamlı” olmalıdır, deyən Blinken bir daha vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynaya öz həll yollarını sırımayacaq.

Blinken eyni məqsədləri olduğunu bildirib: azad və müstəqil, çiçəklənən və demokratik Ukrayna, BMT Xartiyasının ərazi bütövlüyü, suverenlik və müstəqillik daxil olmaqla prinsiplərinə sayqı göstərilməsi.

Müharibəni bitirmək...

Putin isə münaqişənin “mümkün qədər tez başa çatacağına” ümid etdiyini dilə gətirib.

“Məqsədimiz hərbi münaqişənin nazim çarxını fırlatmaq deyil, əksinə, müharibəni bitirməkdir”, – deyən Putin Ukraynanın “danışıq aparmağı özünə qadağan etdiyini” vurğulayıb.

Rusiya daha öncə də danışıqlara açıq olduğunu desə də, Ukrayna və müttəfiqləri bu bəyanatları döyüşdə yenidən qruplaşmağa vaxt qazanmaq cəhdi kimi baxırlar.

Kiyev bildirir ki, danışıqların başlanmasından ötrü Rusiya bütün hücumları dayandırmalı, ələ keçirdiyi əraziləri geri qaytarmalıdır. Ancaq Kreml qanunsuz ilhaq etdiyi ərazilərdən qoşunları çıxarmaq niyyəti sərgiləməyib. 2014-cü ildə Krımı ilhaq etmiş Rusiya bu ilin payızında daha dörd vilayətin ilhaqını bəyan edib. Qərb və Kiyev bu ilhaqı qanunsuz adlandırıb.

Patriot-dan da danışıb

Putin ABŞ-ın Ukraynaya son hərbi yardımını, o cümlədən Patriot yer-hava tipli raket sistemi verməsini də şərh edib. O deyib ki, Patriot “çox köhnədir”, Rusiyanın S-300 sistemi kimi işləmir.

Ukrayna elektrik stansiyalarını, vacib infrastrukturunu qorumaq üçün Vaşinqtondan bu sistemləri verməsini istəyib.

İlk dəfə 1980-ci illərdə yerləşdirilən Patriot sistemi təyyarələri, kruiz raketlərini, yaxın mənzilli ballistik raketləri hədəfə ala bilir.

Müdafiə ekspertləri onu ən etibarlı havadan müdafiə sistemləri sayır, Ukraynanı İranın Rusiyaya verdiyi ballistik raketlərdən qoruya biləcəyini deyirlər.

Putin sözlərinə görə, Patriot sistemləri yerləşdirilən kimi Rusiya onları “vurub sındıracaq”.

XS
SM
MD
LG