Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:37

Putin ortabab yaşayan rusiyalılara kömək planını açıqlayır


Rusiya Prezidenti Vladimir Putin rusiyalı ailələrə kömək məqsədilə bir sıra tədbirlərin gerçəkləşdiriləcəyini deyib. O, fevralın 20-də ölkənin vəziyyətinə dair illik müraciətində bu haqda danışıb.

Putin deyib ki, indi ölkə inkişafına “borc götürülmüş deyil, qazanılmış” pulla “nəhəng” resurslar yatıra bilər.

Prezident rusiyalılara “bir ilin içində” daha yaxşı həyat şəraiti vəd edib.

Gözləyə bilmərik, vəziyyət indi daha yaxşıya doğru dəyişməlidir”, – deyən Putin ortabab yaşayan rusiyalılara, özəlliklə də ailələrə vergi güzəştləri planlarını açıqlayıb.

***

Reytinqi rekord həddə enmiş Putin ölkənin vəziyyətindən danışacaq

Prezident Vladimir Putin fevralın 20-də özünün illik ənənəvi müraciəti ilə çıxış etməyə hazırlaşır.

Son rəy sorğuları sadə rusiyalıların iqtisadi çətinliklərlə üzləşdiyi indiki dövrdə prezidentin populyarlıq reytinqinin rekord səviyyədə düşdüyünü göstərir.

Putinin ölkədəki vəziyyət barədə parlamentin yuxarı palatası – Federasiya Şurasında edəcəyi çıxışı Moskva vaxtı ilə günorta saat 12-yə planlaşdırılıb. Bu çıxış bütün dövlət telekanalları ilə translyasiya ediləcək.

Vladimir Putin 1999-cu ildən başlayaraq son 20 ildə ya prezident, ya da baş nazir kimi həmişə hakim mövqedə olub.

66 yaşlı Putin 2018-ci ildə daha bir 6 il müddətinə prezident seçilib.

Tənqidçiləri deyirlər ki, o hakimiyyət üzərində inhisarını siyasi opponentlərini əzməklə və fərqli düşüncəni boğmaqla saxlayıb.

Ölkənin vəziyyəti barədə 15-ci dəfə

Putinin ölkənin vəziyyətinə dair nitqi bu il 15-ci dəfə səslənəcək. Mövcud ənənəyə görə bu çıxışı dinləmək üçünFederasiya Şurasında parlamentin hər iki palatasının üzvləri, hökumət nazirləri, Konstitusiya və Ali Məhkəmə hakimləri, regionların aparıcı liderləri və siyasi elitanın başqa nümayəndələri toplanacaq.

Builki nitq bu yaxlarda keçirilmiş rəy sorğularına görə Putinə ictimai etimadın son 13 ildə ən aşağı həddə düşdüyü bir vaxta təsadüf edir.

Bu, ilk növbədə ölkənin xoşagəlməz iqtisadi göstəriciləri ilə bağlıdır. Kremllə bağları olan bir araşdırma təsisatının məlumatına görə hazırda hər beş rusiyalıdan biri yoxsulluq içində yaşayır.

2018-ci ildə pensiya yaşlarının artırılmasına etiraz olaraq ölkə boyunca izdihamlı mitinqlər keçirilib.

Bütün bunlar Rusiyanın Krımın ilhaqına və Ukraynanın şərqində separatçılara verdiyi dəstəyə görə sərt beynəlxalq sanksiyalarla üzləşdiyi bir vaxtda baş verir.

Ötən çıxışda yeni silahlarla qürrələnmişdi

Federasiya Şurasında edəcəyi nitq Putinin hər il ənənəvi olaraq keçirdiyi üç ictimai görüşdən biridir. Digər iki tədbir onun ictimaiyyətlə sual-cavab sessiyası və illik mətbuat konfransıdır.

Ötənilki çıxışında Putin ölkənin hərbi cəbbəxanasının sıçrayışlı inkişafı ilə qürrələnmişdi. O həmin çıxışda bütün dünyada analoqu olmayan nüvə başlıqlı 6 yeni silah növündən söz açmışdı:

"Mən son 15 ildə silahlanma yarışını qızışdıranlara və Rusiya üzərində birtərəfli üstünlüyə malik olmağa, qanunsuz sanksiyalarla ölkəmizin inkişafını buxovlamağa çalışanlara demək istəyriəm: Sizin öz siyasətlərinizlə qarşısını almaq istədiklərinizin hamısı baş verdi. Siz Rusiyanı buxovlaya bilmədiniz”.

Bundan əvvəlki illərdə ölkənin vəziyyəti haqqında çıxış hər il dekabr ayında edilərdi, lakin 2018-ci ildə çıxışın mart ayınadək təxirə salınması barədə qərar qəbul edilmişdi.

Opponentləri bunu Putin tərəfindən seçki qanunlarının pozulması və tədbirin prezident seçkisi ərəfəsində pulsuz özünüreklama çevrilməsi kimi qiymətləndirmişdilər.

Ölkənin zibil problemi

Hökumət mənbələri müstəqil Dojd telekanalına deyiblər ki, Putinin builki çıxışında xarici siyasət məsələləri arxa plana keçəcək.

Həmin mənbələrin verdiyi məlumata görə Putin daha çox rusiyalıların üzləşdikləri problemlərin həlli yollarından danışacaq. Belə məsələlərdən birinin də zibil probleminin olacağı gözlənilir, beləki ölkədə zibilxanalar çatışmır.

2018-ci ildə Rusiyanın bir sıra regionlarda zibilxana problemi ilə bağlı, xüsusilə də martın 21-də Moskva vilayətinin Volokalamsk şəhərində zibilxanadan zəhərləndikləri düşünülən onlarla uşaq xəstəxanaya düşəndə etirazlar olmuşdu. Aprel ayında keçirilmiş mitinqdə bir neçə min etirazçı iştirak edirdi.

Yoxsulluq yüksəldikcə, Putinin reytinqi düşür

Təhlilçilər bildirirlər ki, Rusiya iqtisadiyyatının başqa sahələrində də vəziyyət ürəkaçan deyil. Onlar deyirlər ki, Qərb sanksiyaları və aşağı neft qiymətləri Rusiya iqtisadiyyatını resessiyaya salıb.

Rusiyanın dövlət statistika agentliyi 2018-ci ildə ÜDM-in 2.3 faiz artdığını bəyan edib. Bu rəqəm gözləniləndən qat-qat yüksək idi və Rosstatın göstəriciləri şişirtdiyinə dair şübhələr yaradıb.

Rəqəmlərin dəqiqliyi və ya yanlışlığından asılı olmayaraq orta rusiyalının iqtisadi durumu pisləşməkdə davam edir.

Ötən ilin noyabrında Kremllə bağlılığı olan Milli İqtisadiyyat və İctimai İnzibatçılıq Akademiyası bildirib ki, rusiyalıların 22 faizi “yoxsulluq zonasında” yaşayır. Bu isə o demədkir ki, həmin adamlar elementar gündəlik tələbət mallarından başqa heç nə ala bilmirlər.

Yoxsulluq yüksəldikcə, Putinin reytinqi düşür.

Rusiyanın Dövlət İctimai Rəyi Öyrənmə Mərkəzinin yanvarın 17-də açıqladığı rəqəmlərə görə respondentlərin yalnız 33, 4 faizi Putinə etimad göstərir. Bu, 2006-cı ildən bəri ən aşağı rəqəmdir.

XS
SM
MD
LG