Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:18

Putin-in Bakıya səfərində ‘Qarabağ’ sözü niyə səslənmədi?


Putin Əliyev görüşü Qarabağa nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:14:31 0:00

Putin Əliyev görüşü Qarabağa nə vəd edir?

Sentyabrın 27-də, Rusiya prezidenti Vladimir Putinin Bakıya birgünlük səfəri barədə rəsmi açıqlamalar iki ölkə arasında iqtisadi münasibətlərin güclü olmasına, getdikcə daha da dərinləşməsinə diqqət çəkir, lakin prezidentlərdən heç birinin bəyanatlarında “Qarabağ” sözüişlənmir.

Ermənistanda baş nazir Nikol Pashinian hakimiyyətə gələndən sonra onun antikorrupsiya tədbirləri və Rusiyaya yaxın şəxslərə təzyiqləri, bəzi azərbaycanlı şərhçilərdə belə bir gözlənti yaratmışdı ki, Rusiya münaqişənin həllində Azərbaycan tərəfə meyl edə bilər.

“Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri təhlilçi Elxan Şahinoğlunun fikrincə, bu səfər onu göstərdi ki, Qarabağ münaqişəsi Putini o qədər maraqlandırmır:

“Bu barədə söhbət getmədi. Hətta deyirlər ki, Rusiya prezidentinin Pashinian-a mənfi münasibəti var. Amma əgər belədirsə də, bu, Putinin Ermənistana hansısa təzyiqi ilə nəticələnmir. Hətta bu ay Pashinian Rusiyada, Putinlə görüşəndən sonra dedi ki, Qarabağ Ermənistana birləşdirilməlidir. Halbuki, gözlənilirdi ki, Putin Pashinian-ı cəzalandıracaq. Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq var, amma Qarabağla bağlı heç bir addım atılmır, heç bir təzyiq edilmir”.

Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Rasim Musabəyov deyir ki, Putinlə Əliyevin görüşündə Qarabağ da müzakirə mövzusu olub:

“Bu görüşün mahiyyəti ondan ibarət idi ki, danışıqları dalandan necə çıxartmaq olar. İkinci məsələ isə o idi ki, regionda təlatümlü durumdur - İranla da bağlı, Yaxın Şərqlə də bağlı. Azərbaycan üçün də vacibdir ki, öz siyasətini müəyyənləşdirəndə bu məsələləri Rusiya rəhbərliyi ilə müzakirə etsin”.

Qarabağ danışıqları 2016-ci il aprel döyüşlərindən sonra dalana dirənmiş sayılır, o vaxtdan prezidentlər cəmi bir dəfə Qarabağı müzakirə ediblər.

Putinlə görüşün ertəsi gün, sentyabrın 28-də, İlham Əliyev və Pashinian Tacikistanın paytaxtı Düşənbədə, MDB ölkələrinin sammitində, eyni tədbirdə iştirak ediblər. Tərəflər hansısa görüşün olması barədə açıqlama yaymayıblar, amma AzadlıqRadiosunun yaydığı videoda, prezidentlərin ayaqüstü, qısa söhbət etdiyi görünür. Prezidentlərin görüşü isə hələ ki, planlaşdırılmır.

AzadlıqRadiosu Bakı sakinlərinin bu barədə fikirlərini öyrənib:

Putin Qarabağ münaqişəsinin həllinə nə kömək edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

BBC -nin Rus xidməti Putinin səfərindən əvvəl, “Putin Bakıda- böyük qamçı və kiçik qoğal” başlıqlı məqaləsində yazırdı ki, prezidentin Bakıya gəlişi adi bir səfərdir və Moskva göstərmək istəyir ki, hələ də regionda aparıcı oyunçudur və onun rəyi ilə hələ də hesablaşmaq lazımdır.

Üstəlik, məqalədə deyilirdi ki, Rusiyaya loyallıq göstəricisi olaraq, Azərbaycan, bu ölkədən, silah almaqda davam edir.

Siyasi şərhçi Elxan Şahinoğlu da deyir ki, Putin bu səfərində ehtimal ki, Azərbaycandan böyük iqtisadi layihələr alıb:

“Azərbaycan Rusiyadan yəqin ki, yenə silah və sursat alacaq. Bu da Rusiya üçün xeyirlidir, çünki milyardlarla dollar pul qazanacaq. Ticarət mübadiləsi artacaq. Burda mən iki tərəfin də maraqlarını görürəm: Rusiyanın da maraqları var, Azərbaycanın da maraqları var. Rusiya, Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün bazardır. Burda mən faydalı əməkdaşlığı görürəm”.

BBC-nin Rus xidməti isə yazır ki, bugünlərdə, Azərbaycana silah satan İsrailin müdafiə naziri Avigdor Libermanın Bakıya səfəri, qonşu ölkələrdə qıcıq doğurmuş ola bilər.

Bu ayın əvvəlində isə İlham Əliyev Putinlə Soçidə görüşmüşdü, həmin səfərdə iqtisadi əməkdaşlığın inkişafına dair sənədlər imzalanmışdı.

XS
SM
MD
LG