ABŞ şərhçisi Taker Karlson Rusiya prezidenti Vladimir Putindən müsahibə almaqla ona propaqanda platforması verdiyinə görə tənqid olunur. Taker konspirologiya nəzəriyyələri yaymaqla ad çıxaran, Vaşinqtonun Kiyevə dəstəyini mübahisələndirən jurnalistdir.
Putin müsahibəsində bir daha iddia edib ki, Ukrayna Rusiya üçün təhlükədir, çünki Qərb ölkəni NATO-ya çəkir. Hərbi alyans bu iddianı daim saxta adlandırıb.
Rusiya lideri müsahibəsində vətəndaş cəmiyyəti və azad sözə təzyiqlərlə bağlı mövzulardan yayınıb.
Putin Birləşmiş Ştatları döyüşü dayandırmaq, Rusiya ilə saziş bağlamaq üçün Kiyevə təzyiq göstərməyə çağırıb. Rusiya hazırda Ukrayna ərazisinin beşdə birini işğal altında saxlayır.
Karlson müsahibədə Putinə nadir hallarda kəskin sual verib, ona Rusiya və Ukrayna tarixi barədə uzun-uzadı danışmağa imkan yaradıb.
Karlsonun müstəqil jurnalist kimi fəaliyyəti indiyədək mübahisə predmeti olub. 2020-ci ildə "Fox News" ona qarşı defamasiya işini udub. Məhkəmənin hökmündə qeyd olunub ki, Karlson xəbərləri təqdim edəndə real faktlardan danışmır, əksinə, şişirtməyə meyllənir.
Putin müharibəni Polşaya genişləndirməkdə marağı olmadığını deyir
Rusiyanın NATO üzvü Polşanı işğal etmək niyyəti yoxdur. Bunu Rusiya prezidenti Vladimir Putin fevralın 8-də qalmaqallı müsahibəsində deyib. Putin onu da qeyd edib ki, "The Wall Street Journal" qəzetinin müxbiri Evan Qerşkoviçin azad olunması üçün razılaşmanı mümkün sayır.
ABŞ-ın sağ-qanad siyasi şərhçisi Taker Karlson (Tucker Carlson) fevralın 6-da aldığı iki saatlıq müsahibəni vebsaytında yayımlayıb. O, Putindən soruşub ki, Rusiyanın Polşaya qüvvə göndərməsini təsəvvür edirmi.
"Bu, ancaq bir halda baş verə bilər - Polşa Rusiyaya hücum edərsə. Bizim Polşa, Latviya, yaxud başqa yerlərdə marağımız yoxdur. Bunu niyə etməliyik? Sadəcə heç bir marağımız yoxdur", - Putin deyib.
Qerşkoviçə gəlincə, Putin deyib ki, Rusiya və Amerika rəsmiləri bu məsələni müzakirə edib, müəyyən irəliləyişə nail olublar. O bildirib ki, Moskva Qerşkoviçin əvəzində Almaniyanın Vadim Krasikovu azad etməsini istəyir. Krasikov 2019-cu ildə Berlində çeçen dissidentin qətlinə görə məhkum edilib.
Putin müharibə başlayandan ilk dəfədir Qərb mediasına danışır
Rusiya 2022-ci ildə Ukraynaya tammiqyaslı hərbi təcavüzə başlayandan Putin ilk dəfədir Qərb mediasına müsahibə verir.
Bu arada ABŞ-ın Kiyevə hərbi dəstəyi ilə bağlı suallar var, respublikaçı konqresmenlər prezident Co Baydenin (Joe Biden) təklif etdiyi 60 milyard dollarlıq yardım paketini bloklayıb.
Karlson Putindən müsahibə almaq qərarını belə əsaslandırırdı ki, ABŞ mediası Ukrayna prezidenti Volodimir Zelenskiyə fokuslanır, Putinin səsi ABŞ-da eşidilmir. Qərb jurnalistləri isə deyiblər ki, dəfələrlə Putindən müsahibə almaq istəyiblər, xahişləri rədd edilib.