Keçid linkləri

2025, 05 Yanvar, bazar, Bakı vaxtı 03:13

Putinin təyyarə qəzasından sonra yarımçıq üzrxahlığı çox şeydən xəbər verir


Vladimir Putin və İlham Əliyev
Vladimir Putin və İlham Əliyev

Dekabrın 28-də Rusiya prezidenti Vladimir Putin Çeçenistan səmasında vurulan sərnişin təyyarəsinə görə azərbaycanlı həmkarından üzr istəyib. Bu onun 25 illik hakimiyyəti dövründə nadir, bəlkə də, misli görünməmiş hadisədir.

Ancaq onun üzrü həm də yarımçıqdır: Putin bu faciəli insidentin Rusiyanın hava sahəsində baş verməsi faktına görə üzr istəyib.

Putin qəzaya görə Rusiyanın məsuliyyətini qəbul etməyib və çoxsaylı dəlillərin göstərdiyi məsələni - Qroznıya dron hücumu zamanı Rusiya raketinin atıldığını, nəticədə bu faciəvi insidentin baş verdiyini söyləməyi yetərli sayıb.

Çox nadir hadisə olan bu üzr istəmə və onun bu qədər dar çərçivəsi Kremlin Azərbaycan, Qazaxıstan və bölgənin digər dövlətləri ilə münasibətlərinin pozulmasından çəkindiyinə, ancaq eyni zamanda Rusiyanın məsuliyyətini qəbul etmək istəmədiyinə işarədir.

"Bəlkə də ilk haldır"

"Bir tərəfdən, bu, Putinin hansısa keçmiş hökumətin tarixi günahına görə deyil, Rusiyanın real vaxtda törətdiyi əməllərinə görə xarici dövlətdən üzr istədiyi bəlkə də ilk haldır", - Berlindəki Karneqi Rusiya Avrasiya Mərkəzinin aparıcı tədqiqatçısı Aleksandr Baunov X sosial şəbəkəsində paylaşdığı postda belə yazıb.

"Digər tərəfdənsə, onun ifadə biçimi məsuliyyəti birbaşa qəbul etməkdən yan keçir, sadəcə, bizim gördüyümüz günahı qəbul etmədən insidentin tanınmasıdır. Göründüyünə görə, bu, Bakı və onun müttəfiqlərini razı salmayıb. Azərbaycan üçün Kremlin bəyanatında hesabatlılığın çatışmaması mübahisəli nöqtə olaraq qalır", - yenə Baunovun sözləridir.

AzadlıqRadiosunun Praqadakı Xəbər Mərkəzində Rusiya, Ukrayna və Belarus masasının redaktoru Stiv Quttermanın hazırladığı materialda deyilir ki, Əliyev Putinlə qapalı söhbətlərində nə desə də, onun ictimai açıqlamaları kəskin olub. O, dekabrın 29-da yayımlanan müsahibəsində təyyarənin quyruq nahiyəsinin yerdən açılan atəş nəticəsində ağır zədələndiyini söyləyib və Rusiyanı işi ört-basdır etməyə çalışmaqda suçlayıb. Əliyev deyib ki, Kreml vaxtında üzr istəyə bilərdi. O, Putinlə söhbətindən söz açmayıb.

Prezident Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verir.
Prezident Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verir.

Əliyev bildirib ki, Rusiya mediası və rəsmilərinin qəzanı quşlarla toqquşmaya, yaxud göyərtədəki qaz balonunun partlamasına bağlamağa çalışması "həm ağılsızlıq, həm də vicdansızlıqsdır". O, Rusiya qurumlarının təyyarənin yolda Xəzər dənizinə düşməsi və nəticədə zərbə izinin itməsi ümidi ilə Qazaxıstanın Aktau şəhərinə yönləndirdiyi haqda spekulyasiyalara da eyham vurub.

O deyib ki, Azərbaycan Rusiyanın Moskvada yerləşən Dövlətlərarası Aviasiya Komitəsinin qəzanı araşdırmasına dair təklifini "qətiyyətlə" rədd edib: "Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi".

"Vəziyyət yaxşı görünmür"

Bu məsələdə Putinin yarımçıq və gecikmiş üzründən Əliyevin açıqlamasının tonu və məzmununadək bir çox şey bir daha Rusiyanın bölgədəki nüfuzunun get-gedə azalmasını göstərir.

"Rusiyanın yaxın xaricində – daha öncə SSRİ-nin işğal etdiyi və onun ərazisi olan, Rusiyanın 1992-ci ildən bəri öz maraq dairəsi kimi gördüyü dövlətlərdə - vəziyyət Moskva üçün yaxşı görünmür", - London Kral Kollecinin Hərb Araşdırmaları Departamentinin aparıcı mühazirəçisi Rut Deyermond "Bluesky" sosial media saytında paylaşdığı ilsonu postunda belə yazıb.

"Azərbaycan prezidentindən töhmət almaq, özü-özlüyündə azmış kimi, üstəlik, faciə beynəlxalq aləmin diqqətini insidentin utancverici səbəbinə - Rusiyanın Çeçenistan üzərində özünü Ukrayna dronlarından qorumağa məcbur olmasına da çəkdi", - Deyermondun fikridir.

Putinin Ukraynaya qarşı müharibəyə fokuslanması, ölkəni zor gücü ilə özünə tabe etdirmək səyləri Moskvanın Cənubi Qafqaz və Orta Asiyada nüfuzuna zərbə vuran amillərdəndir. Rusiyanın qonşuları müharibəyə entuziazmla yanaşmasalar da, müharibə onlardan bəzilərinə Moskva üzərində təsir rıçaqları verib.

Mark Qaleotti
Mark Qaleotti

"Azərbaycan Rusiya qazının "yuyulması" – ayda 38 milyon dollarlıq qazın alınaraq öz qazının Avropaya ixrac edilməsi sahəsində önəmli tərəfdaşdır və həm də Türkiyənin müttəfiqidir. Putin də Türkiyənin ona bazalarını Suriyada saxlamaqda kömək edəcəyinə ümid bəsləyir", - Londonda yaşayan təhlilçi Mark Qaleotti dekabrın 28-də "The Times" qəzetində belə yazıb və davam edib: "Qazaxıstan da onun kimi, sanksiya altında olan malların idxalı və sonradan onların sakitcə Rusiyaya ixracı ilə fəal şəkildə məşğul olan ölkələrdən biridir".

Bu təyyarə qəzasından iki həftə öncə Suriya prezidenti Bəşər əl-Əsədin hakimiyyətdən devrilməsi Rusiyanın ölkə xaricində güclü rola malik aktor kimi reputasiyasına zərbə vurub və onu Yaxın Şərqdəki təsirinin azalma təhlükəsi ilə üz-üzə qoyub.

Nadir səmimiyyət

Qaleottinin sözlərinə görə, bu təyyarə qəzası və ondan sonra baş verənlər Rusiyanın bölgə və ondan kənardakı imicinə zərbə vurmaqdan başqa, Kremlin gizlətmək üçün dəridən-qabıqdan çıxdığı zəifliyini üzə çıxarıb.

"Vladimir Putinin heç vaxt üzr istəmədiyi ilə məşhurdur. Ancaq "Azərbaycan Hava Yolları"nın sərnişin təyyarəsinin Milad günü təsadüfən vurulmasının ardınca o buna xeyli yaxınlaşıb. Putin səbəbin Rusiya raketi olduğunu etiraf etməsə də, faciəvi insidentin Rusiya hava sahəsində baş verdiyini… qəbul edib. Bu nadir səmimiyyət Putinin mövqeyinin güclü olsa da, kövrək olduğunu və gözlənilməz böhranların onu təhdid edə biləcəyini əks etdirir", - Qaleottinin sözləridir.

XS
SM
MD
LG