Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:08

'Ukraynada müharibəni dayandırmaq Putinə çətindir'


Vladimir Putin
Vladimir Putin

Britaniyalı tarixçi Ser Lorens Fridman (Lawrence Freedman) karyerasını müharibə və diplomatiyanı öyrənməyə həsr edib. Beynəlxalq münasibətlər, xarici siyasət və strategiya üzrə ixtisaslaşan alim soyuq müharibə, nüvə çəkindirməsi və hərbi əməliyyat siyasəti kimi mövzularda kitab və məqalələr yazıb. 2019-cu ildə “Oxford University Press” nəşriyyatı onun “Ukraine And The Art Of Strategy” (“Ukrayna və strategiya sənəti”) adlı kitabını dərc edib.

Müasir müdafiə və xarici siyasət sahələrində nüfuzlu şərhçi olan Fridman AzadlıqRadiosunun gürcü xidmətinin əməkdaşı Vaja Tavberidzeyə müsahibəsində Moskvanın Ukraynadakı müharibəsi, hər hansı tərəfin mütləq qələbəsi ehtimalı və Rusiya Prezidenti Vladimir Putinin nə üçün nüvə silahına əl atmayacağı haqda danışıb.

“Qazandıqlarını saxlaya bilmədilər”

Fridman öz kitablarında müharibələrin demək olar heç vaxt planlaşdırıldığı kimi getmədiyini yazır. Müharibələr planlaşdırıldığı kimi getməyəndə isə hər şey səhvlərin bədəlindən asılı olur. Lorens Fridman bunun Ukraynada apardığı müharibə kontekstində Rusiya üçün nə demək olduğu haqda sualı belə cavablandırıb:

“Bu, müəyyən dərəcədə ifrat haldır. Çoxumuz Rusiyanın müharibəyə gedəcəyinə şübhə edirdik. Heç vaxt bunu istisna etməmişəm. Ehtimalı heç vaxt istisna etmək olmaz. Ancaq buna skeptik yanaşmalar ümumən Rusiyanın necə qələbə qazana biləcəyini görməyin çətinliyinə əsaslanırdı. Ukraynanın ərazisi, əhali, ordu, insani güc, üsyanlar və müqavimətlə üzləşmək üçün … bunların hamısına ehtiyac var idi.

Rusiyanın heç Ukraynadakı ilkin hərbi əməliyyatları da uğurlu olmayıb. Bu, müharibələrin planlaşdırıldığı kimi getməməsinin, məsələn, 2003-cü il İraq müharibəsindən daha yaxşı misalıdır. Çünki 2003-cü ildə İraqda müharibənin hərbi hissəsi ilk vaxtlar plan üzrə getdi. Problem sonrakı gedişatda idi. Bu müharibədə isə onlar heç vaxt sonrakı gedişata gedib çıxa bilmədilər. Kiyevdə marionet hökumətlə nəticələnəcək bir neçə günlük müharibə əvəzinə indi bütün Ukraynanı lərzəyə gətirmiş, Rusiyanın müasirləşməsini on il [geri salmış], onminlərlə, bəlkə də 100 mindən çox insanı öldürmüş qanlı müharibəni görürük. Özü də çox cüzi qazanc müqabilində. Rusiyalılar daha çox müharibənin başlanğıcında mənfəət əldə ediblər. Onların da bir hissəsi sonradan itirildi, çünki qazandıqlarını saxlaya bilmədilər. …Əldə etdikləri [az saylı ərazilər] də proses gedişində məhv edilib. Buna görə də onların böyük aktivlər ələ keçirdiklərini deyə bilmərik. Ona görə də bu, qeyri-adi dərəcədə faydasız müharibədir”.

“Rusiyaya heç bir investisiya getmir”

Bəs görəsən, Rusiya nə vaxtsa indi etdiyi səhvlərdən öyrənib “bir daha belə etmək olmaz” deyə düşünəcəkmi?

“Hazırda bir çox rusiyalının işlərin nə qədər pis getdiyini, Rusiyanın məqsədlərinin heç birinə çatmadığını, bunun ölkəni illərlə geri atdığını görüb anladığı aydın görünür. Ötən il enerji qiymətlərinə görə iqtisadiyyat ayaqda qaldı. Ancaq [indi] enerji qiymətləri düşüb, onlar öz bazarlarını itiriblər. Rusiyaya heç bir investisiya getmir. Buna görə də Rusiya indi, sürətindən asılı olmayaraq, iqtisadi tənəzzül dövründədir. Rusiyalıların çoxu da bundan xəbərdardır. Ancaq bir növ ralli effekti var. Bu, insanların xəyanət kimi başa düşüləcək fikirlər səsləndirməsi üçün uyğun atmosfer deyil. Bir də məndə belə bir şübhə var ki, rusiyalıların çoxu inkar halındadır. Düşünürəm ki, Putin üçün problem müəyyən mənada bunu məqsədlərinə çatmadan bitirə bilməməsidir.

Məncə müharibəni bitirmək onun üçün çox çətindir. Çünki müharibəni bitirən kimi ardınca hesablaşma gələcək. Bu müharibənin qiyməti əldə edilənlərlə müqayisə olunacaq. Məncə, hazırda bu, strategiyaya təsir edir. …. Mənim baş verənlər və onların Baxmutun üzərinə bu qədər amansız getməkləri ilə bağlı izahım ondan ibarətdir ki, onlar hələ də düşünürlər ki, bütün Donetski ələ keçirsələr və Luhanskı əllərində saxlasalar, bu bəs edə bilər.

Bu, onların [xalqa] sata biləcəyi qələbə yerinə işə yaraya bilər. Onların problemi odur ki, ukraynalılar maksimum atəşkəsi qəbul edə bilərlər. Onların suverenliyin dəyişməsi qarşılığında razılaşmayacağı isə dəqiqdir. …Praktikada isə bu səni o qədər də uzağa aparmır. Bu sadəcə o deməkdir ki, mahiyyətcə qeyri-sabit vəziyyətin əlində qalırsan. Ancaq bunun nəticəsində əldə edəcəyin onsuz da elə bu olacaq. O vaxta qədər ki, Rusiyanın hökuməti fərqli olacaq, onun Ukraynaya yanaşması fərqli olacaq”, – tarixçi vurğulayır.

Dondurulmuş müharibə

“Müharibələrin öyrətdiyi ən sadə dərs ondan ibarətdir ki, onları başlamaq bitirməkdən asandır. Unutmamalıyıq ki, bu müharibə əslində 2014-cü ildə başlayıb. Ancaq o dayandırılıb. Gələcəklə bağlı problemlərdən biri də odur ki, müharibə yenidən hansısa formada dayandırıla bilərmi. Münaqişənin gələcəkdə hansısa formada dondurulub-dondurulmayacağını bilmirəm. Dondurulmuş münaqişə digər ehtimallar qədər mümkündür.

Təzminatlar və müharibə cinayətləri məsələlərinə görə hazırda tam sülh razılaşmasını qeyri-mümkün görürəm. Bu müharibəni bitirmək üçün Moskvada başqa hökumətin olması lazımdır. Ya da Putinin hansısa formada ikinci plana çəkilməsi lazımdır. Hazırda isə bunun hər hansı əlaməti gözə dəymir. Ancaq bu baş verə bilər. …Moskvada nə baş verdiyini heç kim doğru-düzgün bilmir”, – Fridman deyir.

Fridman hesab edir ki, Ukraynanın Rusiya ordusunu ölkədən tam çıxarması Rusiya üçün məğlubiyyət olardı. O bunu qeyri-mümkün hesab etməsə də, hazırda bunun çox çətin olduğunu düşünür. “Mənə elə gəlir, Krımı itirmək Putin üçün birmənalı böyük məğlubiyyət olardı...”, - o bildirir.

XS
SM
MD
LG