AzadlıqRadiosu xəbər verir ki, İranın ali rəhbəri Rusiya prezidenti ilə görüşü zamanı Rusiyanın regional rolunu, ələlxüsus da Suriyadakı rolunu yüksək qiymətləndirdiyini bildirib.
Ayətüllah Ali Khamenei eyni zamanda ABŞ-ı tənqid etməyi də unutmayıb və bəyan edib ki, özünün Suriya və Yaxın Şərqdə hegemonluğunu saxlamağa çalışan Vaşinqtonun siyasətləri, həm Moskva, həm də Tehran üçün təhlükə təşkil edir.
Tehranda keçirilən Qaz İxrac edən Ölkələrin Forumu (Gas Exporting Countries Forum - GECF)təşkilatının zirvə toplantısı əsnasında Rusiya lideri ilə görüşən Khamenei deyib ki, “bu təhlükə müdriklik və daha sıx əlaqələndirmə ilə neytrallaşdırılmalıdır”.
ABŞ-a etimadsızlıq üzərində qurulan etimad
Media xəbərlərinə görə, 2007-ci ildən bu yana Tehrana ikinci səfərini edən Putin birbaşa ali rəhbərlə görüşə gedib və ona Quranın qədim əlyazma nüsxəsini bağışlayıb.
2007-ci ildən bu yana Tehrana ikinci səfərini edən Putin birbaşa ali rəhbərlə görüşə gedib və ona Quranın qədim əlyazma nüsxəsini bağışlayıb
İki lider arasında görüşü “konstruktiv” adlandıran Kreml sözçüsü Dmitry Peskov deyib ki, Moskva və Tehran Suriyanın gələcəyinin kənar qüvvələr tərəfindən diqtə edilməsi əleyhinədirlər.
İRNA agentlyinin xəbərində deyilir ki, Ali Khamenei görüş zamanı Putini “bugünkü dünyada görkəmli fiqur” adlandırıb.
O həmçinin, İranın Qərblə nüvə qarşıdurmasında Rusiyanın tutduğu mövqeyi tərif edib.
“Məsələ yekunlaşıb, amma bizim amerikalılara etibarımız yoxdur” – deyib ayətullah.
İran mediasının xəbərlərinə görə, qarşılığında Putin deyib ki, İran Rusiyanın “etibarlı və etimadlı müttəfiqidir”.
“Arxadan bıçaq” və “bağlı qapı" söhbətləri
“Biz başqaları kimi partnyorlarımızı arxadan bıçaqlamağa adət etməmişik və biz bağlı qapılar arxasında dostlarımızın əleyhinə iş görmürük” – deyib Vladimir Putin.
İki lider ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi zərurətindən də danışıblar.
Putin: Biz başqaları kimi partnyorlarımızı arxadan bıçaqlamağa adət etməmişik və biz bağlı qapılar arxasında dostlarımızın əleyhinə iş görmürük
Putin bunu da bildirib ki, Rusiya Misir üzərində qəzaya uğradılmış təyyarəsinin qisasını almayınca Suriyadakı bombardmanı davam etdirəcək.
Khamenei ilə Putin arasındakı danışqılarda iki ölkə arasında nüvə əməkdaşlığının perspektivləri də müzakirə edilib. Putin İranın üzərindəki nüvə embarqosunu yumşaltdığını deyib.
Rusiya tərəfi bunu da vəd edib ki, İranın zənginləşdirilmiş uran eksportuna, habelə Arak və Fordoudakı nüvə qurğularının modifikasiyasına kömək edəcək.
Bu arada İranın Rusiyadakı səfiri bildirib ki, Moskva Tehrana S300 antiraket qurğularının verilməsi prosesinə başlayıb.
Azərbaycan və Rusiyanın “qaz OPEC”-i
Bu görüşdən sonra Vladimir Putin iranlı həmkarı Hassan Rohaninin sədrlik etdiyi qaz sammitinə yollanıb.
Bu sammitdə Venesuela, Boliviya, Nigeriya və Türkmənistanın liderləri iştirak edirdilər.
Azərbaycan sammitdə müşahidəçi qismində iştirak etsə də, Bakını təmsil edən sənaye və energetika naziri Natiq Əliyev ölkəsinin bu foruma üzvlüyünün mümkünlüyündən söz açıb.
Təhlilçilər bildirirlər ki, Rusiya GECF-i bir növ öz liderliyi altında olan “gaz OPEC-nə” çevirməyə çalışır.
Lakin BBC-nin Rus xidmətinin təhlilində deyilir ki, Rusiyanın bu arzusu hələlik baş tutmayıb və bu məqsədin perspektivləri də ümidli görünmür.
Bu ona görə baş verir ki, qaz istehsalçıları tamamilə müxtəlif maraq və məqsədlərə malik ölkələrdir.
“Rusiya ilə Qətər arasında ortaq nə ola bilər? – deyib Vygon Consulting şirkətinin baş təhliçisi Mariya Belova, - Qətər öz qazını bütünlüklə maye şəklində satır, Rusiya isə öz qazının 90 faizini boru kəmərlələ Avropaya çıxarır”.
Buna görə də Qətər istənilən vaxt istənilən bazara girə bilər, Rusiya isə boru kəmərləri ilə yeganə alıcıya bağlıdır.
Təhlilçinin sözlərinə görə, İran dünyanın ən böyük qaz yataqlarına malik olsa da, demək olar, qaz ixrac etmir.
Qazı bahalaşdırmaq mümkün olmayacaq
Bu ölkələr qaz sənayesi inkişafının müxtəlif mərhələlərindədirlər və onları heç nə birləşdirmir.
Ekspertlər neftin qiymətləri barədə razılığa gələ bilməyən ixracatçıların qaz barədə dil tapacağına o qədər də ümid etmirlər
Rusiyalı təhlilçi deyir ki, neftə bağlı və neft kimi ucuz olan qazın qiymətləri barədə dünya bazarları ilə, İranın istədiyi kimi yenidən danışmaq mümkün olmayacaq.
İran bu zirvə toplantısında “qaz qiymətlərinin ədalətsizliyindən” gileylənib.
Lakin təhlilçilərin fikrincə, qaz üçün yeni qiymətlər danışmaq elə indidən inandırıcı görünmür. Ekspertlər neftin qiymətləri barədə razılığa gələ bilməyən ixracatçıların qaz barədə dil tapacağına o qədər də ümid etmirlər.
Rusiyaya gəlincə, onun qazı Qərbə uzunmüddətli müqavilə qiymətləri ilə satılıb və qarşıdan gələn 10 ildə dəyişməyəcək.
Sanksiyalardan sonra dünya bazarına qaz ixracını dəfələrlə artırmağa ümid edən İran bu məsələdə Rusiya ilə müttəfiqdən daha çox rəqib kimi görünür.
Belə bir şəraitdə hələ qazını bazara çıxarmayan Azərbaycanın “qaz OPEC”-indəki maraqları barədə Natiq Əliyev geniş məlumat verməyib.